Yuxarı

Şəhid adını uca tuta bilirikmi?

Şəhid adını uca  tuta bilirikmi?

İri şəhərlərdə şəhid qəhrəmanlarımızın şəkilləri olan posterlərin asılması təklif edilir

Üzeyir Cəfərli: “Onların xatirəsinin əbədiləşdirilməsi Vətənin müdafiəsinə hörmət və ehtiramın göstəricisidir”

Son günlər Ermənistan-Azərbaycan təmas cəbhə xəttində gərginlik artıb. Azərbaycan ordusu düşmən təxribatlarına cavab vermək zorunda qalıb. Baş verən döyüş əməliyyatlarında xeyli sayda erməni hərbçisi məhv edilib. Təəssüf ki, itkilərimiz də yox deyil. Son günlər baş verən döyüşlərdə ondan çox Azərbaycan əsgəri şəhid olub. Cəbhədən gələn şəhidlərin dəfn olunmasında bir tendensiya müşahidə olundu. Belə ki, cəbhə xəttindən gətirilən şəhid cənazələri Şəhidlər Xiyabanında yox, qeydiyatda olduqları rayonlarda, dünyasını dəyişmiş qohum-əqrəbalarının yanında dəfn olundu.

Onu da qeyd edək ki , birinci Qarabağ müharibəsində cəbhə bölgəsində döyüşlərdə həlak olan hərbçilər bir qayda olaraq Şəhidlər Xiyabanında dəfn olunurdu. Bu gün də onların məzarları xalq üçün ziyarətgaha çevrilib. Bu baxımdan son günlər Azərbaycan torpaqları uğrunda həlak olmuş hərbçilərimizin Şəhidlər Xiyabanında dəfn olunması məsələsi gündəmə gəlib.Bir müddət öncə şəhidlərin Bakı şəhərindəki məzarlıqlarda dəfn olunması üçün torpağın pulla satılması məsələsi gündəmə gəlmişdi. Bu məsələ mediada geniş səs-küyə səbəb oldu və sonra Milli Məclisdə müzakirə olundu.

Hərbi ekspert Üzeyir Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, istər keçmiş SSR-i zamanında, istərsə də indi şəhidin dəfni üçün qaydalar mövcuddur: “Yaxınlarda Milli Məclisdə şəhid dəfn olunarkən hansı atributlardan və rituallardan istifadə olunması barədə bir təklif irəli sürüldü. Amma bəzən o qaydalar böyük-kiçik şəhərlərdə bir qədər fərqli şəkildə həyata keçirilir. Bakıda və Sumqayıtda şəhid dəfni üçün nəzərdə tutulan bütün iri atributları həyata keçirmək mümkündür. Amma elə rayonlar var ki, orda silahlı qaravul dəstəsinin, fəxri müşayiət dəstəsinin olması problemlər yaradır. Bu, xüsusən ucqar dağ rayonlarına aiddir. Düşünürəm ki, bu məsələ Milli Məclisdə öz həllini tapacaq. Son hadisələr onu göstərdi ki, Azərbaycan bütün məsələlərə hazır olmalıdır və gözləməməlidir ki, hansısa beynəlxalq qurumlar münaqişənin həllində bizə kömək edəcək. Həm ATƏT-in Minsk qrupunun həmsədrləri, həm də digər beynəlxalq təşkilatlar bu məsələni həll etmədilər. Nəticədə də gənc əsgər və zabitlərimiz şəhid düşdü. Hesab edirəm ki, 2016-cı ildə Milli Məclis bununla bağlı daha yeni və modern qaydalar tətbiq etməlidir”.

Hərbi ekspert deyib ki, şəhidlərin hansı məzarlıqda dəfn olunması qanunda öz əksini tapıb: “Amma bəzən olur ki, şəhid düşən əsgər və ya zabit yaxınlarının istəyinə uyğun olaraq dəfn olunur. Onlar istəyirlər ki, şəhid olmuş yaxınları doğulub boya-başa çatdıqları kənddə dəfn olunsunlar. Necə ki, Bakıda Şəhidlər Xiyabanı və Fəxri Xiyaban var, eyni qayda da hər bir qəsəbə və kəndlərdə şəhidlər xiyabanı nəzərdə tutulmalıdır. Nə qədər ki, Azərbaycan müstəqil dövlətdir həm ölkə daxilində, həm də xarici ölkələrdə xidməti borcunu yerinə yetirən əsgərlərimiz var. Həmin əsgərlərdən kimlərsə xidməti borcunu yerinə yetirərkən şəhid düşə bilər. Yaxşı olardı ki, şəhidlər üçün dəfn mərasimi xüsusi olaraq ayrılmış yerlərdə Qafqaz Müsəlmanları İdarəsi, Dini İşlər üzrə Komitə, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti, həmçinin yerli icra strukturları tərəfindən həyata keçirilsin. Öyrəşmişik ki, şəhidlərin dəfn mərasimi daha çox Müdafiə Nazirliyi tərəfindən həyata keçirilsin. Amma bəzən Daxili İşlər Nazirliyinin polis əməkdaşları, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları xüsusi tapşırığı yerinə yetirərkən də şəhid olurlar. II Şəhidlər Xiyaban da Respublika Prokurorluğunun əməkdaşları da dəfn olunub. Onlar xidməti vəzifələrinin icrası ilə əlaqədar şəhid olub”.

Üzeyir Cəfərli şəhid olmuş hərbçilərin adlarını küçə, prospekt və ya məktəblərə verilməsi məsələsinində qanunda öz əksini tapdığını vurğulayıb: “Sadəcə olaraq, döyüşlər başlamayınca bu məsələlərə bir qədər hərtərəfli yanaşılmırdı. Düşünürəm ki, döyüşlər səngiyəndən sonra bir sıra məsələlər gündəmə gələcək. Hər bir ölkənin şəhidlik zirvəsinə ucalmış hərbçisinin adının əbədiləşdirilməsi, tablosunun görünən yerlərdə asılması vətənin müdafiəsinə hörmət və ehtiramın göstəricisidir. Bakı şəhərində bu məsələ bir qədər zəifdir.

Bir neçə dəfə bunu gündəmə gətirmişik ki, İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şəhərin görünən yerlərində Azərbaycanın dilbər guşəsi olan Qarabağın və digər rayonlarımızın işğalı ilə bağlı posterlər yerləşdirsin. Bununla da şəhərə gələn qonaqlar və rəsmi şəxslərin diqqətini Qarabağ məsələsinə cəlb etmiş olardıq. İnsanların izdihamlı olan yerlərində şəhidlərin şəkilləri üçün xüsusi lövhələr hazırlamaq olar. Əgər o səlahiyyətim olsaydı, hörmət əlaməti olaraq Bakıda elektron reklam tablolarında cəbhə bölgəsində dünyasını dəyişmiş əsgər və zabitlərimizin növbəli olaraq şəkillərini göstərərdim. Bunun özü şəhid doğmaları üçün bir təskinlikdir. Hər halda bu təkliflər yaxşı niyyətdən irəli gəlir və bu təkliflərin reallaşması yalnız ümumi işə xeyir gətirə bilər”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları