Yuxarı

İcra başçılarının büdcə talanı

İcra başçılarının büdcə talanı

 

Natiq Miri: “Kazan formulu suverenliyimizi təhdid edir”

Rusiyalı tanınmış politoloq, prezident Vladimir Putinin yaxın sözçülərindən sayılan Sergey Markov  “Report” agentliyinə açıqlamasında son hərbi eskalasiyanın ardınca, yaxın həftələrdə Qarabağa dair real danışıqların başlayacağını deyib. Sergey Markov isə bildirib ki, “ATƏT-in Minsk Qrupu Dmitri Medvedyevin prezidentliyi dövründə əldə olunmuş ”Kazan formulu" üzrə müvəqqəti tarixi kompromisə çıxmaq üçün Ermənistana və yaxud Azərbaycana, daha çox isə Ermənistana təzyiq edəcək. O zaman Bakı və İrəvandan bu varianta yekun razılıq almaq mümkün olmamışdı" - deyə ekspert bildirib.

Qeyd edək ki,  2011-ci il iyunun 24-də o vaxtkı prezident Dmitri Medvedyevin təşəbbüsü ilə Kazanda Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında danışıqlar keçirilib. 3 saat çəkən müzakirələr əsas prinsiplərlə bağlı anlaşmanın əldə olunmaması ilə yekunlaşa da, tərəflər bu hədəfə doğru yolda tərəqqi olduğunu söyləmişdilər. Yayılan birgə bəyanatda deyilirdi ki, “əsas prinsiplərin qəbulu üçün şərait yaradan bir sıra önəmli məsələlərdə qarşılıqlı anlaşma əldə edilib”.

Dağlıq Qarabağın statusunun necə olacağına gəlincə, politoloq deyib: “Bu məsələ kifayət qədər uzaq tarixə saxlanacaq. Bundan əlavə, sənədlərdə bu və ya başqa şəkildə vurğulanır ki, Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Kazan formulu sözün həqiqi mənasında Minsk Qrupu tərəfindən zorla irəli aparılacaq. Özü də təzyiqlərin böyük hissəsi Ermənistan rəhbərliyinə olacaq. Ona görə də həm Ermənistan rəhbərliyi, həm də Azərbaycan rəhbərliyi vətənpərvər ritorika ilə ruhlanmış vətəndaşlarına sübut eləməli olacaqlar ki, hər iki tərəfdən güzəşt olan bu kompromis, hər halda onun ölkəsinə sərfəlidir. Daha çox da bunu Ermənistan rəhbərliyi öz vətəndaşlarına sübut eləməlidir”.

Cəbhə bölgəsində hərbi əməliyyatların başlanması isə Azərbaycan tərəfindən “Madrid prinsipləri”ni gündəmə gətirib. Azərbaycan bu varianta əsasən əvvəl işğal altındakı 5 rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı) sonra isə  iki rayonun (Laçın və Kəlbəcər) azad olunmasını tələb edir. Plana uyğun olaraq, Dağlıq Qarabağın statusu yalnız son mərhələdə həll edilməlidir. Digər təhlillərə görə, rəsmi Bakı  “Yenilənmiş Madrid Prinsipləri”nin həyata keçirilməsini tələb edir. Bu variant birinci mərhəldə 5 rayonla yanaşı Laçın rayonunun 13 kəndinin azad edilməsini nəzərdə tutur.

Rusiya isə buna qarşılıq olaraq “Lavrov prinsipləri” adlanan təkliflər paketi ilə çıxış edir. Rusiyanın Dağlıq Qarabağ probleminin həllində maraqlı olduğu inandırıcı görünməsə də bəzi politoloqlar hesab edir ki, Kreml bir neçə ətraf rayonun qaytarılmasına razılıq verməklə münaqişəni modifikasiya edib regionda mövqeyini möhkəmlətmək üzərində düşünür. Belə ki, ətraf rayonlar qaytarılsa da Dağlıq Qarabağın aralıq statusunun qeyri-müəyyən vaxta qədər təxirə salınması münaqişənin yekun həllini müddətsiz edə bilər. Bu da Rusiyanın Azərbaycana və Ermənistana təsir vasitəni növbəti uzun müddətə yenidən əlində saxlamaq imkanı vermiş olar. Üstəlik, Kreml Kazan formuluna uyğun olaraq, Dağlıq Qarabağa sülhməramlı adı altında öz hərbi qüvvələrini yerləşdirməyi planlaşdırır ki, bu da  Rusiyanın Azərbaycan ərazisində hərbi iştirakını təmin etməyə hesablanıb.

Politoloq Natiq Miri hesab edir ki, Kazan formulu “Madrid prinsipləri”nin üzərində yenidən işlənilmiş digər formasıdır. Bu təkliflər Azərbaycanın işğal altındakı rayonlarının 5+2 variantında boşaldılmasını, Laçın və Kəlbəcərə dəhliz statusunun verilməsindən ibarətdir. Ancaq siyasi ekspertin fikrincə, 5+2 formatının özü də Azərbaycanın maraqlarına uyğun deyil: “Bu, Azərbaycan üçün yeni bir tələdir. Hətta Kazan formulunda işlənilmiş “Lavrov prinsiplər”i belə, Azərbaycan üçün indiki şəraitdə keçərli deyil. Çünki Kazan formulunda Dağlıq Qarabağa status məsələsi uzun müddətə sonraya saxlanılmış olsa da, keçid dövrü üçün Dağlıq Qarabağa bir statusun verilməsini özündə ehtiva edir. Həmin statusa görə, müstəqil dövlətin idarə olunmasına bərabər olan şərtlər var. Plana əsasən Dağlıq Qarabağın özünün polisi, qanunverici orqanı və hökuməti olan müstəqil idarəetmə sistemi olmalıdır. Bundan başqa nəzərə almaq lazımdır ki, müvəqqəti statusda belə yüksək səlahiyyətlər nəzərdə tutulursa, o halda yekun statusun müəyyənləşməsindən sonra Dağlıq Qarabağ erməniləri və Ermənistan Azərbaycandan nələri tələb edəcək? “Madrid prinsipləri”nin özündə belə bir məsələ qeyri-müəyyən olaraq qalır. Orada göstərilir ki, statusu müəyyən etmək üçün Dağlıq Qarabağda referendum keçiriləcək. “Həmin səsvermədə heç bir məhdudiyyət qoyulmamalıdır” şərti var. Bu o deməkdir ki, səsvermə blanklarında yeganə bir sual qoyula bilər və Azərbaycan tərəfi ona məhdudiyyət qoya bilməz. Yəni referendumda yeganə olaraq, “Dağlıq Qarabağ müstəqil olsunmu” sualı qoyula bilər ki, bunun da cavabı əvvəlcədən bəllidir. Ermənilər birmənalı şəkildə müstəqilliyə səs verərlər. Həmçinin, səsvermədə Dağlıq Qarabağdakı erməni icmasının 1990-cı illərin əvvəlindəki say nisbəti əsas götürüləcək. Halbuki sonrakı illərdə Dağlıq Qarabağın azərbaycanlı icmasının artım sürəti ermənilərdən qat-qat yüksəkdir. Ancaq bunu ermənilər bildiyi üçün 1990-cı illərdəki nisbəti əsas götürmək istəyirlər. Azərbaycan üçün tələ ola biləcək belə məqamlar var ki, bunları gözardı etmək olmaz. Ayrıca olaraq, Kazan sənədində  Rusiya sülhməramlı qüvvələrinin münaqişə böl-gəsinə yerləşdirilməsi nəzərdə tutulur ki, buna heç vaxt yol vermək olmaz.

Doğrudur, Budapeşt sammitinin qərarına görə, təmas xəttinə sülhməramlı qüvvələrin yerləşdirilməsi iştirakçı dövlətlərin 30 faizi nisbətində bölünməsini əks etdirir. Yəni Rusiya 30 faizdən artıq sülhməramlı göndərə bilməz. Ancaq Kazan formulunda  sülhməramlı dedikdə yalnız Rusiya qoşunları nəzərdə tutulur. Bu da Dağlıq Qarabağın Azərbaycan üçün birdəfəlik itirilməsi deməkdir. Çünki bu Azərbaycanın suveren hüquqlarını tamamilə yox edə bilər. Kazan variantı Dağlıq Qarabağın Rusiya tərəfindən hər zaman qanadılan bir yaraya çevrilməsi deməkdir. Bu, strateji baxımdan Azərbaycan üçün qurulmuş bir tələdir və ona heç vaxt getmək olmaz”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları