Yuxarı

İNTİHAR: Azərbaycan gəncliyi niyə kəndirdə yellənir?

İNTİHAR: Azərbaycan gəncliyi niyə kəndirdə yellənir?

Dünyada hər il 20 milyon insan intihara əl atır Sevinc 19 yaşındadır, amma indiyədək 4 dəfə intihara cəhd edib. İki dəfə biləyindəki damarları kəsib, bir dəfə ürək çatışmazlığı olan böyük qardaşının həblərini çoxlu sayda qəbul edib, növbəti dəfə isə özünü metroda vaqonların altına atmağa cəhd edib. Dediyinə görə, intihar etmə səbəbləri müxtəlif olub. İlk dəfə damarını 14 yaşında kəsib- istədiyi məktəb çantasını anası ona almadığı üçün... İkinci dəfə də, elə həmin il dərsə hazır olmadığından bütün sinifin gözü qarşısında müəlliməsi tərəfindən təhqir edildiyinə görə biləyini doğrayıb. 3283 Üçüncü dəfə isə 16 yaşında "intihar sevdası"na düşüb. Gəncliyinin ilk çağında özünü bədbəxt hiss etməyə başlayanda bir şüşə ürək həbini birnəfəsə içib. Dördüncü cəhdi də uğursuz alınıb. Baxmayaraq ki, "hələ də bədbəxt olaraq qalıram" fikri onu metro qatarının altına atılmağa qədər aparıb. İndi psixoloji yardım alır, daha intihar etmək niyyətində olmadığını deyir: “Mən intiharı ölmək üçün etmirdim, sadəcə o an içimdən bir səs mənə elə etməyi deyirdi”.   XXI əsri “depressiya, nevroz və intiharlar əsri” adlandıranlar  haqlı deyillərmi? Statistikaya görə, dünyada hər 3 saniyədə 1 insan intihar edir. Onlardan əksəriyyəti istəyini reallaşdıra bilir, çox az faizi xilas edilir. İnsanları intihara bir çox səbəblər sürükləyə bilər. İntihar edənlər ən çox 15-29 yaş aralığında olan insanlardır. İntihara cəhdin səbəbləri arasında ən çox psixoloji problemlər və depressiv vəziyyət üstünlük təşkil edir. Bundan əlavə,  intihara səbəb olan problemlər arasında işsizlik, ailədaxili münaqişələr, fiziki problemlər, ünsiyyətsizlik, asılılıq, yalnızlıq kimi səbəblər də var. Məlumat üçün qeyd edək ki, intihar, dünyada yaşanan ölüm halları  arasında ilk 10-luqda yer alır. Eyni zamanda gənclər arasında ölüm səbəbləri sırasında da üçüncü yerdə qərarlaşıb. Dünyada hər il təxminən 20 milyon insan intihara cəhd edir və bunun 1 milyonu ölümlə nəticələnir. Dünya ölkələri arasında ən çox intihar halları Finlandiya və Macarıstanda qeydə alınır. Son vaxtlarda isə daha çox Baltikyanı ölkələr, Amerika, Rusiya, Cənubi Koreya və Çində də intihar geniş yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə son 50 ildə dünyada intihar səbəbi ilə ölüm halları 60 faiz artıb. Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsaslansaq, bir ildə  Yunanıstanda, Qvatemalada, İtaliyada, Filippində hər 100 min nəfərdən təxminən 10-u, Avstraliyada və ABŞ-da hər 100 min nəfərdən orta hesabla 10-20 nəfəri, Latviyada, Litvada, Estoniyada, Macarıstanda və Rusiyada isə hər 100 min nəfərdən 20-dən çoxu intihar edir.   Azərbaycanda intihar niyə çoxalır? Bu rəqəmlər təbii ki, bizim ölkəmiz üçün də təhlükə kəsb edir. Mətbuatda rəsmi statistikaya istinadla yayılmış məlumata görə, 2012-cü ildə Azərbaycanda 482 intihar hadisəsi, 2013-cü ildə 535 intihar hadisəsi qeydə alınıb. 2014-cü ildə intihara 350-400 cəhd olub. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkəmizdə kəndlərə nisbətən şəhərlərin, əsasən də Bakının intihar payı digər yerlərdən daha çoxdur. İntihar edənlər arasında uşaqların da olması vəziyyəti daha da kritikləşdirir. 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51,  2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71 uşaq intihar edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun sözlərinə görə, Azərbaycanda 2014-cü ildə 50, 2015-ci ilin ilk üç ayı ərzində 8 uşaq intihar edib. Uşaqların intiharına səbəb kimi spesifik problemlər - erkən nikah, məişət zorakılığı, təhsildən yayınma, valideynlərin boşanması, baxımsızlıq kimi hallar olduğunu deyən komitə rəsmisi bildirir ki, uşaq intiharının ən böyük səbəbi ailə münaqişələridir: “Depressiv vəziyyətlərin də sonu intihardır, qızların intiharına ən çox erkən nikahlar təsir edir. Oğlan uşaqlarının intihar hallarında isə təhsil və digər sahələrdə uğursuzluğun olması təsir edir. Bundan başqa valideynləri və ətrafı ilə şəxsi münasibətlərinin normal olmaması səbəbindən intihar edən oğlan uşaqları da var”. Məlumat üçün qeyd edək ki, Azərbaycanda uşaq intiharlarına 17-19 yaş arasında olan oğlanlar arasında daha çox rast gəlinir. Onların bəzisi dəfələrlə intihara cəhd edəndən sonra əməlini reallaşdıra bilənlərdir.  Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən intihar halları 0,6-dır. Kişilər arasında bu göstərici 1, qadınlar arasında 0,3-dür.     Onlar əslində ölmək istəmirlər Müsahibimiz psixoloq Aygün Həsənzadə deyir ki,  intihara əl atanların əksəriyyəti əslində  ölmək üçün intihar etmirlər: “Onları özünəqəsdə əl atmağa vadar edən özlərini bağışlatmağa nail olmaq, sevdirmək, mərhəmət etdirmək, qisas almaq, borcdan yaxa qurtarmaq kimi səbəblərdir. Axır illərdə dünya telekanallarında, lap elə qonşu ölkələrin mətbuatında rastlaşdığımız bir mənzərə də var, özünəqəsd hallarında ölümə səbəb olanlar bəzən, hansısa yüksəkliyə çıxmış intiharçıya tamaşa edənlərdir. İntihar edən yüksəkliyə çıxandan sonra intihar etmək istəməsə də ona tamaşa edən kütlə intiharçını intihara sürükləyə bilir. Özünə qəsd etmək istəməyən intiharçı sırf onların “özünü atmırsansa niyə ora çıxmısan?”, “işimiz-gücümüz var”, “sən özünü atana oxşamırsan” kimi atmacalarından təsirlənib həyatına qıyır”. Statistikaya görə intihar edən qadınların bir çoxu buna nail ola bilməsə də kişilər intihar etməkdə daha “peşəkar"dırlar. Mütəxəssislər buna kişilərin daha sərt intihar yolları sınamasını səbəb göstərir. Daha aydın desək, əgər qadınlar dərman içərək, damarını kəsərək intihar edirsə, kişilər silahla və ya özünü asmaqla intihar edir. Kişilər intihar üçün evdə əsasən daha çox diqqət cəlb edən yerləri – məsələn qonaq otağı, dəhliz kimi yerləri seçirsə qadınlar yataq otağı, hamam və ya mətbəxdə intihar edir.

  1. Hüseynzadənin sözlərinə görə, intiharçının son məktubu həmişə maraq kəsb edən nüans olub. Qadınlar daha çox səmimi etiraf, övladlarını kiməsə əmanət etdiyi barədə, kişilər isə borcları və ya üzr istədiyi barədə məktublar yazır.
O bildirir ki, depressiya intihar riskini çoxaldır, psixoloji sarsıntı yaşayan adam bu dövrdə əsla yalnız buraxılmamalıdır. Ona mütləq bir məşğuliyyət tapmaq lazımdır.  Sosial şəbəkədə paylaşdığı məlumatlara, musiqilərə diqqət etmək vacibdir, dostları ilə sıx ünsiyyət qurmasını təmin etmək, ailədə verilən qərarlarda onun fikrini xüsusilə nəzərə almaq gərəkdir.     Özünüzü intihardan sığortalayın İntihar əslində bir SOS siqnalıdır – bir növ, bu üsula əl atan adamın yardım istəmək üsuludur. Sərt iş rejimi, stress və qorxu altında keçən ömür, qidalanma və tv-lərin əvəzsiz “fəaliyyəti” intihar hallarının artması üçün lazımı zəmin yaradır. Bir gün özünüz, övladınız və ya hansısa bir yaxınınız intiharçı olmasın deyə stressdən uzaq olun, onları da stressli həyata məhkum etməyin, çünki stress beyini narahat edən əsas faktordur, natural ərzaq məhsulları ilə  qidalanın. Çünki geni dəyişdirilmiş qidalarla beyin hüceyrələri məhv olur, bu  da mənfi fikirlərə tez təslim olmağa zəmin yaradır. Televiziyada yalnız ruhu dncəldən verilişlərə baxmaq lazımdır, qanqaraldan cinayət verilişləri ilə auranızı mənfi enerjiyə təslim etməyin.  Xəbər saytlarında, qəzetlərdə yer alan, efirlərdə göstərilən  növbəti intihar edən şəxs olmamaq üçün… Lalə Mehralı





Həftənin ən çox oxunanları