Yuxarı

Haqsızlığa qarşı açılmış Cəbhə

Haqsızlığa qarşı açılmış Cəbhə

Cebhe.info saytının yaranmasından, “Cümhuriyət”in yenidən nəşrə başlamasından 1 il ötür

Cebhe.info xəbər portalının yaranmasından və 23 illik “Cümhuriyət” qəzetinin fəaliyyətinin bərpa olunmasından 1 il keçir. Bir il ərzində necə fəaliyyət göstərdiksə, göz qabağındadır. Bu barədə çox danışılıb, hələ də danışılır. Ölkənin tanınmış ictimai-siyasi və mədəniyyət adamları öz sözlərini deyiblər, aşağıda redaksiyamızın komandasının fikirlərini də təqdim etmişik. Hər iki mətbu orqanının xidmət etdiyi məqsəd aydındır: azad medianın sıxıntılı günlərində cəmiyyətin sözçüsü olmaq, milli və dövlət maraqlarından çıxış etmək. Belə də edirik. Yəni Cebhe.info və “Cümhuriyət”in hansı maraqlara xidmət etdiyi məlumdur.

“Sözümüzü deyə bildiyimizə görə bizə hörmət edənlər daha çoxdur”

Elnarə Kərimova: “Mətbuata yolum “Cümhuriyət”dən başlayıb. Necə başlamışdıqsa, illər sonra elə də davam edirik. Dostlardan bir çoxu yanımızda deyil, amma həm də yanımızdadır. Sözümüzə görə bizi sevməyənlər ola bilər, amma sözümüzü deyə bildiyimizə görə bizə hörmət edənlər daha çoxdur. İllər çox şeyi dəyişdirib, amma sözümüzü demək ehtiyacı hələ də qalırsa, “bizim cəbhə” sizin yanınızdadır”.

“Əsas prinsipimiz obyektivlik və qərəzsizlikdir”

Elman Cəfərli: “Obyektiv, qərəzsiz və operativ informasiyalar yayması Cebhe.info və “Cümhuriyət” qəzetinə oxucu rəğbəti qazandırıb. Bu mətbuat orqanları fəaliyyəti dövründə ölkənin ictimai-siyasi həyatının bütün sahələrinə nüfuz etməyi bacarıb. Geridə qalan 1 il ərzində məzmun zənginliyi, mövzu rəngarəngliyi sarıdan ciddi irəliləyişə nail olub, dizayn və materialların yerləşdirilməsi baxımından düzgün istiqamət tutmağı bacarıb. Qəzet və sayt oxucu auditoriyasının daha da genişlənməsinə, cəmiyyətdə maarifçilik işinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərir”.

“İlk məqaləm “Cümhuriyət”də çıxıb”

Müşfiq Abdulla: “Bir il ərzində kifayət qədər böyük yol qət etmişik. Jurnalistikada ilk debüt yerim də “Cümhuriyət” qəzetidir. 1995-ci ildə tələbə olarkən mənim ilk məqaləm də məhz “Cümhuriyət” qəzetində nəşr olunub. Bununla fəxr edirəm. İllər sonra imzamın tanınmasında əsaslı rol oynamış bu qəzetin fəaliyyətinin bərpa olunması məni sevindirməyə bilməzdi.

Əvvəlki fəaliyyətində də “Cümhuriyət”in informasiya bazarında özünəməxsus yeri və dəsti-xətti vardı. Cebhe.info saytının bu qəzetin yanına əlavə olunması isə Azərbaycan mətbuatında gözəl bir tandem yaratdı. Qısa müddətdə informasiya məkanında özünə layiqli yer tutmuş və geniş oxucu kütləsi qazanmış “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalı bizim üçün jurnalistika məktəbi ola bilib”.

“Adını tarixə yazdırmağı bacardı”

Rəhilə Misirxanova: “Cəmiyyətin aktual problemlərinin dilə gətirilməsi, kimliyindən asılı olmayaraq hər bir vətəndaşın problemlərinin həll olunması məsələsində Cebhe.info və “Cümhuriyət” öncül sıradadır. Səmimi və peşəkar komanda gündəmi məşğul edən məsələlərə obyektiv və cəmiyyət baxışı ortaya qoymağı bacarır. Bir il ərzində Cebhe.info və “Cümhuriyət” müasir Azərbaycan mətbuatı tarixinə adını yazdırmağı bacardı”.

“Cəmiyyətin sözçüsüyük”

Alçina Amilqızı: “Qısa zamanda Cebhe.info və “Cümhuriyət” Azərbaycan mətbuatında öz layiqli yerini tuta bildi. Şübhəsiz ki, media qurumları çoxluğu içində üzə çıxmaq asan deyildi. Ölkədə o qədər sayt və qəzet fəaliyyət göstərir ki, cəmiyyətin media qurumlarına olan marağı da azalmışdı. Lakin belə bir mühitdə Cebhe.info və “Cümhuriyət” üzə çıxmağı bacardı. Məsələ onda deyil ki, fəaliyyət göstərirsən, məsələ odur ki, cəmiyyətin istəklərinə cavab verəcək formada varsan. Bax, sevindiricidir ki, Cebhe.info və “Cümhuriyət”in simasında biz cəmiyyətin sözçüsü olaraq varıq”.

“Dünya azərbaycanlılarının tribunasına çevrildik”

Yeganə Oqtayqızı: “Hər iki mətbu orqan Azərbaycan və dünya ölkələrində yaşayan, haqqı tapdanan hər bir azərbaycanlının tribunasına çevrilə bilib. Əsas işimiz xəbər yaymaq olsa da, milliliyi, azərbaycançılığı da başlıca prinsip olaraq qəbul etdik. Qəzet və sayt Güney Azərbaycan və Borçalı türklərinin haqqlarının müdafiəsində böyük rol oynayıb. Həmçinin Azərbaycanda milli şüurun oyanmasında, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətləri var”.

“Biz gələcək üçün varıq”

Vilayət Muxtar: “Ölkənin informasiya bazarında yüksək rəqabətin olduğu mühitdə qısa zaman ərzində yer tutmaq, adından bəhs etdirmək asan deyil. Demək olar ki, Cebhe.info və “Cümhuriyət” 1 il ərzində operativ fəaliyyətiylə bunun öhdəsindən layiqincə gəldi. Sevindiricidir ki, bu qısa zaman kəsiyində ölkənin nüfuzlu media qurumlarının sırasına adımızı yazdıra bildik. Ölkənin ictimai-siyasi həyatında baş verən proseslərlə bağlı cəmiyyətə informasiyanın dürüst formada çatdırılmasında kollektiv fədakarlıq etdi. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən hadisələrin, o cümlədən, dünyada baş verənlərin analiz və informasiya formasında təqdim olunmasında biz fərqliyik. Burada rəhbərliklə yanaşı, yaradıcı kollektivin peşəkar davranışı, peşə etikasına doğru yanaşması və çevik fəaliyyəti əsas rol oynadı”.

“Kürəklərini yerə çırpmışıq”

Rövşən Əsədov: “Cebhe.info xəbər portalının və “Cümhuriyət” qəzetinin ən gənc jurnalistlərdindən biri də mənəm. Daha çox mədəniyyət, şou biznes xəbərləri hazırlayıram, amma hobbi olaraq, sosial mövzularda da yazmağı sevirəm. Bir il sərasər burada çalışmışam. Hətta iş vaxtı bitdikdən sonra da sayt və qəzet üçün bir şeylər etmişəm. Həmişə yeniliklərin axtarışında olmuşam, gözüm daim informasiya axtarıb. Sırf bu sayt və qəzetimizə olan sevgimdən və həvəsimdən qaynaqlanıb bu. Nə xoş mənə ki, bir ildir həm gözəl və yaradıcı kollektivdə çalışıram, həm də bir il müddətinə artıq illərdir formalaşmış bir çox qəzet və xəbər portallarını geridə qoymuşuq, kürəklərini və biləklərini yerə çırpmışıq. Bu, nəinki bizim, həmçinin Azərbaycan mətbuatının qələbəsidir, qazancıdır. Bizim yalnız bütün fəaliyətimiz, davamlı çalışmağımız məhz oxuculara keyfiyyətli, dəqiq, qərəzsiz, tərəfsiz və operativ xəbər və məlumat çatdırmaqdır. Bundan qürur duyuruq”.

“...flaqmanı olacaq”

Fuad Sadıqov: “Dövrü mətbuatımızda tez bir zamanda öz layiqli yerini tutan Cebhe.info saytı yaranmasının artıq bir ilini tamamladı. Kollektivimiz bu gün həm də “Cümhuriyət” qəzetinin bərpasının bir ilini qeyd edir. Bir komanda olaraq, məqsədimiz oxucularımızı gündəmdə olan sosial, siyasi, mədəni məlumatlarla dəqiq və dolğun təmin etməkdir. Düşünürəm ki, peşəkar jurnalistlərimiz və Azərbaycan mətbuatında illərin əməyi keçən rəhbərliyimiz sayəsində Cebhe.info və “Cümhuriyət” qəzeti növbəti ildönümümüzdə ölkəmizin mətbu flaqmanı olacaq”.

“Dövlətin maraqlarını hər şeydən üstün tutur”

Pərvanə Rzayeva: “Cebhe.info və “Cümhuriyət” səhifələrində Azərbaycan jurnalistikasının özünəməxsus ənənələrini layiqincə davam etdirir. Burada işlədiyim müddət ərzində kollektivin daim sağlam və səmimi şəraitdə çalışdığının şahidi oldum. Fəaliyyət qısa olsa da hər iki qurum jurnalistika məktəbi kimi özünü doğruldub. Son illər internet medianın geniş vüsət alması nəticəsində qəzetlərə oxucu tələbatı da azalıb. Lakin bütün bu çətinliklərə baxmayaraq, “Cümhuriyət” stabil oxucusu olan qəzetlərin sırasındadır, oxucuları ilə müntəzəm təmasdadır. Hər iki mətbu orqan həmişə dövlətçilik ənənələrini müdafiə edir, dövlətin maraqlarını hər şeydən üstün tutur”.

“Sözümüzü deməyi bacardıq”

Məcid Həsənli: “Biz qısa zamanda ölkə mətbuatında, həm yazılı, həm də elektron mediada öz sözümüzü deməyi bacardıq. Azərbaycan üçün bütün aktual mövzular bəzən, hətta, hamıdan öncə bizim saytımızda və qəzetimizdə işıqlandırıldı. Xalqı düşündürən vacib mövzular barədə tanınmış ekspertlərin rəyləri, mütəxəssislərin məsləhətləri bizim mətbu orqanlarında işıq üzü görür. Başqa mətbu orqanlarına çıxışına icazə verilməyən ictimaiyyətdə nüfuz sahibi şəxslər Cebhe.info və “Cümhuriyyət” vasitəsilə məsələlərə öz rəylərini bildirib şərh edirlər. Ümid edirəm ki, fəaliyyətimiz bundan sonra da, inkişafa doğru yüksələcək”.

“Hər kəsin əli daşın altındadır”

Röya Kərimli: “Az müddətdir ki, mən də “Cümhuriyət” və Cebhe.infonun əməkdaşları sırasındayam. Burada səmimiyyət var, heç kəs diqqətdən kənarda qalmır. Burada onun şahidi oldum ki, insanların informasiya ilə təmin olunmasında hər kəs əlindən gələni,  edir, hər kəs öz üzərinə düşəni yerinə yetirir. Cəmiyyətə informasiyanın doğru çatdırılması üçün hər bir əməkdaşın əli daşın altındadır. Peşəkarlıq və çeviklik var”.

Anifisa Ziynəddin: “Hər iki mətbu orqanın səmimi kollektivi var. Peşəkarlığın yanında bir də redaksiyada rahat işləmək mühiti mövcuddur. Bir il ərzində sayt və qəzet Azərbaycanın informasiya məkanında yüksək mövqeyə gəlib çıxa bilib. Gələcək fəaliyyətində hər iki mətbu orqanın Azərbaycanın jurnalistika tarixində böyük nailiyyətlərə imza atacağına inanıram”.

 “Ümumi inkişaf xəttinə uyğun şəkildə fəaliyyət göstəririr”

İlhamə Kərimova: ““Müasir çap və internet resurslarının bolluğu şəraitində “Cümhuriyət” və Cebhe.info xüsusi yeri və dəst-xətti olan mətbuat orqanı kimi fərqlənir. Qətiyyətlə demək olar ki, bu mətbuat orqanı fəaliyyəti dövründə cəmiyyətdə söz və fikir azadlığının gerçəkləşməsində xüsusi rol oynayıb. Sözügedən media orqanları Azərbaycan mətbuatının bir nümunəsi kimi dünya mətbuatının ümumi inkişaf xəttinə uyğun şəkildə fəaliyyət göstəririr”.

“Cebhe.info və “Cümhuriyət” haqsızlığa qarşı cəbhədir”

Cebhe.info və “Cümhuriyət” ailəsinin üzvlərindən biri də mənəm - Mənsur Rəğbətoğlu. Sayt və qəzetin jurnalistika fəaliyyətimdə bir yeri var. Mən bir il ərzində burada nə gördüm və nə etdim? Azad sözümü dedim, istədiyim mövzuda yaza bildim, burada jurnalistlərin qarşısında sərhəd çəkilməyib. Heç bir halda jurnalistin seçimi olan mövzular, yaxud qəzetin mövqeyi ilə üst-üstə düşməyən seçimlər yaradıcı kollektivin qarşısında çəkilmiş “qırmızı xətt” deyil. Milli ideologiyanın, xüsusilə, cəmiyyətə milliyyətinin unutdurulduğu bir zamanda burada ölkənin türkçülük ənənələrindən bəhs olunur, məqalələr dərc edilir, sosialist və liberallara da yer var, burada demokratiya var, siyasi, dini mənsubiyyət yoxdur. Çünki “Cümhuriyət” və Cebhe.info  xalqın haqsızlıq və ədalətsizliyə qarşı açdığı cəbhədir.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları