Yuxarı

Milli Şuranın üzvü ANS-in müdafiəsində

Milli Şuranın üzvü ANS-in müdafiəsində

Fuad Ağayev ANS-ə kömək edə biləcəkmi?

Lisenziyası ləğv edilmiş ANS fəaliyyətini bərpa edəcəkmi? Bu sual bu gün hər kəsi düşündürür. Bəzi ekspertlərə görə, bu məsələ artıq bitib. Yəni bu telekanalın yenidən bərpasından söhbət belə gedə bilməz. Amma ANS rəsmiləri bunun əksini deyir. Şirkət rəhbərliyi hüquqlarının müdafiəsi üçün yeni müraciət etdikləri vəkil Fuad Ağayevin bacarığına ümid edirlər. ANS-çilərin Fuad Ağayevin təşəbbüsü ilə bütün instansiyalara üz tutacağı deyilir. Qeyd edək ki, vəkil Fuad Ağayev Ali Məhkəmənin ANS-lə bağlı qərarından sonra prosesə qoşulub.

Qeyd edək ki, Fuad Ağayev bir müddət əvvəl REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun, Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun və Prezident Adminstrasiyası İşlər İdarəsinin keçmiş işlər müdiri Akif Muradverdiyevin də vəkili olub. Vəkil həmçinin Milli Şurada təmsil olunur. Milli Şuranın təmsilçisinin ANS-in müdafiəsi üçün canfəşanlıq etməsi məsələsinin arxasında isə müəyyən maraqların dayandığı bildirilir. Milli Televiziya və Radio Şurası Aparatı ANS-in açılmasının qeyri-mümkünlüyünü bir daha vurğulasa da, “ANS Müstəqil Yayım və Media” Şirkətinin baş direktoru Mirşahin Ağayev ANS-i Azərbaycan xalqına qaytarmaqdan ötrü Azərbaycan qanunvericiliyinin imkan verdiyi bütün üsullardan istifadə edəcəklərini bəyan edir. ANS rəsmisi hesab edir ki, əsas məsələ ANS-in haqlı, ədalətli olmasını sübut etməkdir ki, buna da nail olacaqlar. Bu səbəbdən ANS telekanalı bütövlükdə vəkil Fuad Ağayevin bu işdə təşəbbüs göstərəcəyinə kifayət qədər əmindirlər. Məhz Fuad Ağayevin fəaliyyəti və səyi nəticəsində kanal kollektivi ANS telekanalının lisenziyasına xitam verilməsi məsələsinə baxılması üçün Avropa Məhkəməsinə çıxış əldə etmək üçün fəaliyyətə keçib. Artıq bu prosesin ilkin addımlarına başlanılıb və müsbət nəticə əldə edəcəklərinə əmindirlər. Hətta bunu açıqlamalarından birində Mirşahin Ağayev də təsdiqləyib. Bəyan edib ki, qanunvericilik Avropa Məhkəməsinə çıxmağa imkan verirsə, bu addımdan mütləq istifadə edəcəklər. O vaxta qədər ki, ANS telekanalı şəffaf və ədalətli fəaliyyətini sübut etsin. Maraqlıdır, görəsən Fuad Ağayev ANS rəsmilərinin ona olan güvənini doğrulda və ya bu işin telekanalın xeyrinə həll edilməsi üçün səylə var-gəl edəcəkmi? Hər halda vəkilin son canfəşanlığından bunu aydın sezmək mümkündür. Amma nədənsə bu məsələdə səssizlik nümayiş etdirməyi üstün tutur.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğinə yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları