Yuxarı

Nikah müqaviləsi-qadının yaşam təminatı

Nikah müqaviləsi-qadının yaşam təminatı

Ailə dağılır, qadın heç nəsiz küçəyə atılır Mehriban Zeynalova: “Tələsik evliliklər nikah müqaviləsini kölgədə qoyur” Ən qədim cəmiyyətlər irslərin, genin daşınması, ənənələrin ötürülməsi üçün müəyyən bir sistemə ehtiyac duyurdular. Ailə sistemi də məhz bu ehtiyacdan yarandı. Təəssüflər olsun ki, bu gün Azərbaycan ailə sistemində çox ciddi problemlər var. Bu problemlərin böyük qismi də nikah müqavilələrinin bağlanmamasından yaranır. Ötən il 68 min 773 nəfər rəsmi nikah qeydə alınıb. 12 min 764 nəfər isə boşanıb. Nikaha daxilolma zamanı yaranan ən böyük problemlərdən biri nikah müqaviləsinin bağlanmamasıdır. Cəmiyyətdəki stereotiplər buna imkan vermir. Tərəflər nikah müqaviləsinin bağlanmasını bir-birinə yaraşdırmır. Sanki bununla qarşı tərəf elə düşünər ki, evlilikdə məqsəd mal-mülkdür. Öncədən düşünülməmiş addım boşanmalar zamanı da ciddi problemlərə səbəb olur. Tərəflər münasibətlərini qaydaya salmaq, kompromisə getmək əvəzinə məhkəmənin hökmünün nə olacağını, mal-mülkün necə bölüşdürüləcəyini düşünür. Əlbəttə, istənilən halda övladlar zərər çəkir. Ötən il Azərbaycanda təkcə boşanmaların hesabına 12 min 764 yarımçıq ailə modeli formalaşıb ki, bu da ailə sisteminə ciddi zərər vurub. Ekspertlər ailə qurmazdan öncə cütlükləri nikah müqaviləsi bağlamağa səsləyir. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bu gün nikah müqaviləsi bağlayanların böyük əksəriyyəti əcnəbilərlə ailə quranlardır: “Əsasən əcnəbilərlə nikaha daxil olanlar nikah müqaviləsi bağlayır. Demək olar ki, yerli vətəndaşlar arasında nikah müqaviləsi bağlanmır. Bu stereotiplər hələ də Azərbaycan ailəsində qırılmayıb. Məhz bunun nəticəsidir ki, bu gün boşanan ailələr arasında əmlak davası açılır. Qarşı tərəf əmlakını bölüşdürməkdən imtina etdiyi üçün qadın heç nəsiz küçəyə atılır. Nikah müqaviləsinin bağlanmamasının yaratdığı problemləri boşanan ailələr yaşayır”. M.Zeynalovanın sözlərinə görə, boşandıqdqan sonra cütlüklər arasında kifayət qədər əmlak davası açılıb. Nikah müqaviləsinin üstünlüklərindən danışan sədr onu da qeyd edib ki, şəxslər nikah müqaviləsi bağlayarkən müəyyən edirlər ki, boşandıqdan sonra əmlak necə bölüşdürüləcək. Bu müqavilənin şərtləri vətəndaşların özləri tərəfindən müəyyənləşdirilir. M.Zeynalovanın sözlərinə görə, tələsik evliliklər də nikah müqaviləsinin bağlanmasını kölgədə qoyur. Ekspertin sözlərinə görə, cəmiyyətimiz yazılmamış qanunlarla idarə olunsaydı, belə müqavilələrə ehtiyac olmazdı. Azərbaycan kimi bir ölkədə qeyri-rəsmi münasibətlərin qurulması normal hal deyil. O ölkədə ki, ictimai şüur inkişaf edib, insanlar münasibətlərini qanunla tənzimləmirlər, belə ölkələrdə qeyri-rəsmi münasibətə girmək olar. M.Zeynalova qeyri-rəsmi münasibətdə olanların hüquqlarının qorunmadığını deyib: “Əlbəttə cəmiyyətimiz yazılmamış qanunlarla idarə olunsaydı belə, müqavilələrə ehtiyac da olmazdı. İndi əvvəlki dövr deyil ki, heç bir müqavilə imzalamadan nikaha daxil olan şəxs verdiyi öhdəliyə əməl etsin. Bu səbəbdən nikah müqaviləsinin bağlanması vacibdir. Ölkəmizdə qeyri-rəsmi nikahda olanların hüquqları qorunmur, onlar daha çox zorakılığa məruz qalır, haqları tapdalanır. Dövlət rəsmi münasibətdə olan cütlüklərin hüquqlarını müdafiə edir”. M.Zeynalovanın sözlərinə görə, ölkəmizdə nikah müqaviləsi bağlayanların ümumi həcmi 0,5 faizdən artıq ola bilməz. Müəyyən yaş həddini ötən, yenidən ailə quran, özünü daha müstəqil hesab edən şəxslər nikah müqaviləsi bağlamağı məqsədəuyğun bilirlər. Azərbaycanda nikah müqaviləsinin ilk dəfə 2004-cü ildə bağlanıldığını deyən hüquqşünas Anar Zamir nikah müqaviləsinin hüquqi tərəflərindən danışıb. Onun sözlərinə görə, müqavilə əsasında tərəflərin bir-biri qarşısında hüquq və vəzifələri müəyyənləşir: “Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanmış, nikahın qüvvədə olma dövründə, eləcə də nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Ailə Məcəlləsinin tələblərinə əsasən Nikah müqaviləsi yazılı formada bağlanmalı və notariat qaydasında təsdiq olunmalıdır. Nikah müqaviləsi bağlanan zaman vətəndaş tərəflərin bir-birini qarşılıqlı saxlamasını, ailə xərclərində iştirak qaydası ilə bağlı hüquq və vəzifələri, bir-birinin gəlirlərində iştirak üsulları həmçinin nikah pozulduqda tərəflərə düşəcək əmlakı müəyyənləşdirmək hüququ müəyyənləşdirilir. Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz”. Qeyd edək ki, nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt bu Məcəllənin 39.3-cü maddəsində göstərilən qaydada dəyişdirilə və ya pozula bilər. Lakin müqavilənin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. Nigar Məhərrəm





Həftənin ən çox oxunanları