Yuxarı

Ölkə vilayətlərə bölünür

Ölkə vilayətlərə bölünür

Hökumət rayonlardan imtina edir

Zəlimxan Məmmədli: “Vilayətlərin yaradılması etnik qarşıdurmaya səbəb olacaq”

Azərbaycanın ərazi inzibati vahidlərinin dəyişdirilməsi təklifi müzakirə olunub. Təklif olunur ki, rayonların əvəzinə (qeyd edək ki, ölkədə 66 rayon var-müəllif) vilayətlərin yaradılması təklif edilir. Qeyd edək ki, bir müddət öncə baş nazirin müavini Əli Əhmədov da rayon inzibati idarə sisteminin özünü doğrultmadığını və dəyişikliyin vacibliyini bildirmişdi. Rayonların hər birində dövlət qurumları və hüquq-mühafizə orqanları var və bunlar  dövlət büdcəsi hesabına maliyyələşir. Bu da ölkənin böhran vəziyyətində büdcə xərclərini daha da artırır. Büdcəyə qənaət baxımından vilayətlərin yaradılması faydalıdır. Bəs vilayətlərin yaradılmasının zərəri nə olacaq?

“Heç bir dəyişiklik olmayacaq”

“Cümhuriyət” qəzetinə şərhində Bakının Xətai rayonunun sabiq icra başçısı Zəlimxan Məmmədli bildirib ki, mövcud durumdda vilayətlərin yaradılması ölkənin təhlükəsizliyi baxımından əlverişli deyil. Onun sözlərinə görə, bunun üçün ilk öncə fundamental demokratik islahatlar aparılmalıdır: “Təbii ki, idarəetmədə islahat istəyi varsa, bu, əsaslandırılmalıdır. İslahat vətəndaşların rifah halının, dövlətin təhlükəsizliyinin yaxşılaşmasına xidmət edir. Fəlsəfə budur və bunlar əsas götürülərək ya islahatlar aparılır, ya da dayandırılır. Düşünürəm ki, Azərbaycanda ilk növbədə demokratik təchizatlar bərqərar olmalıdır. Bu məmur ordusu ilə  9 yox e,  999 vilayət yaradılsa da heç bir dəyişiklik olmayacaq. Bu təfəkkür yırtıcıdır, yanlışdır. Hal-hazırda hökumətin yeganə məqsədi hakimiyyəti qorumaqdır. Bu baxımdan demokratik islahatlar fundamental şəkildə getməlidir. Parlamentə, bələdiyyələrə, icra orqanlarına demokratik seçkilər keçirilsin, xalqın ruhu hakimiyyətə daşınsın. Bundan sonra xalqın ruhu deyəcək ki, hansı dəyişikliklər xalqa xeyir verə bilər”.

“İslahatlar kompleks aparılmalıdır”

Z.Məmmədli əlavə edib ki, vilayətlərin yaradılması ölkədə etnik qarşıdurma yaradacaq. Onun sözlərinə görə, Rusiya hər zaman radikal etnik birləşmələri himayə edir: “Düşünürəm ki, dünyada gedən proseslər, o, cümlədən, Rusiyanın bölgədə fəallığı, Azərbaycana müştəri gözü ilə baxması onu deməyə əsas verir ki, ölkəmizdə stabil vəziyyəti qorumaqdan daha yaxşı heç nə yoxdur. Yəni təhlükəsizliyimizi indiki durum daha yaxşı təmin edir, nəinki 9-10 quberniya yaratmaq. Rusiyanın ən böyük silahı bu məmurları ələ almaq və etnik qarşıdurmalar yaratmaqdır.

Rusiya hər zaman bu silahdan istifadə edib. “Talış-Muğan”, “Sadval Hərəkatı”, “Qızıl Kürdüstan” kimi təhlükə planlarını açarı Kremldə olduğu üçün Azərbaycanda bu cür eksperiment aparmaq dövlətçiliyimizə təhlükədir. Moskva da yenə də bu etnik birləşmələri körükləmək və himayə etməklə məşğuldur.

Bu baxımdan indiki məmur ordusu ilə, antidemokratik bir quruluşla belə bir addım atılarsa, bu Azərbaycanı parçalamaq istəyən düşmənlər üçün geniş imkanlar açacaq. Ona görə də bu islahata getmək olmaz! Demokratik islahatlar çərçivəsində Milli Məclisə, bələdiyyələrə azad seçkilərin keçirilməsi vacibdir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları