Yuxarı

İcra başçılarının pulu kəsiləcək

İcra başçılarının  pulu kəsiləcək

 

Akif Nəsirli: “İlk növbədə həmin rayonların iqtisadiyyatı səmərələşdirilməlidir”

2017-ci ilin dövlət büdcəsi layihəsində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 75 milyon 889 min manat ayrılması nəzərdə tutulur. Məlumata görə, 34 şəhər və rayona mərkəzləşdirilmiş xərclərdən heç bir vəsait ayırmamaq planlaşdırılır. Dotasiya almayacaq şəhər və rayonlar isə bunlardır: - Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı.

Büdcə layihəsini sentyabrın 29-da Maliyyə Nazirliyi açıqlayıb. Gəlirləri 15 milyard 955 milyon manat, xərcləri 16 milyard 600 milyon manat məbləğində təsdiq etmək nəzərdə tutulur. 645 milyon manat büdcə kəsiri proqnozlaşdırılır.

2004-cü ildən 2014-cü ilədək regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramı həyata keçirilib. Hazırda 2014-2018-ci ili əhatə edə 3-cü proqram icradadır. Rəsmi məlumatlara görə, birinci proqramın icrasına 16, ikinci proqramın icrasına isə 14,5, ümumilikdə bu məqsədlər üçün 2004-cü ildən 2014-cü ilədək 30,5 milyard manat və ya həmin dövrün məzənnəsi ilə 39,1 milyard dollardan çox vəsait xərclənib. Bundan əlavə 3-cü proqramı çərçivəsində 2014-cü ildə 4,5 milyard manat və ya 5,76 milyard dollar, 2015-ci ildə 3,5 milyard manat və 3,33 milyard dollar, beləliklə də 3-cü proqramın ilk iki ilində bütövlükdə regionların inkişafına bütün mənbələrdən manatla 8 milyard, dollarla 9,1 milyard vəsait yönəldilib.

Rəsmi məlumatlar əsasında aparılmış hesablamalar 2004-2015-ci illərdə regionlarının sosial-iqtisadi inkişafına 38,5 milyard manat və ya 48,2 milyard dollar vəsait xərcləndiyini göstərir.

Rayonlar üçün xarakterik hal: İşsizlik, yoxsulluq

Ekspertlərin qənaətincə, son 11 ildə on milyardlarla sərmayə yatırılmasına baxmayaraq hazırda əksər rayonlar üçün ən xarakterik hallar kütləvi işsizlik, sürətlə artan yoxsulluq və gündən-günə çoxalan borc vəsaitlərindən asılılıqdır. Külli miqdarda investisiyaların müqabilində indiyə qədər yalnız Bakı, Sumqayıt, Mingəçevir, Naftalan, Şirvan şəhərləri, Abşeron və İmişli rayonları öz gəlirləri ilə xərclərini ödəmək iqtidarındadır. 2016-cı ilin büdcəsindən yerli xərclərini tənzimləmək üçün ən çox dotasiya alan şəhərlər arasında Lənkəran, Şəki və Gəncə, rayonlar arasında isə Ağdam, Şəmkir və Cəlilabad olub. Bu il ərzində bütün rayonlara yerli xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş qaydada dövlət büdcəsindən ayrılacaq vəsaitlərin yuxarı həddinin 775 milyon manat olacağı gözlənilir. Bundan əlavə, 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 282,35 milyon manat proqnozlaşdırılıb. İqtisadçılar növbəti ilin büdcə proqnozlarına görə, 2017-ci il bir tərəfdən gəlirləri artırılan, digər tərəfdən də xərcləri azaldılan rayonlar üçün çətin keçid ili olacağını da deyir. Əvvəlki illərdən dəfələrlə az büdcəyə sərəncam vermək məcburiyyətində qalan icra hakimiyyəti başçıları rayonu ənənəvi deyil, yeni tələblərlə idarə etməlidirlər. Yəqin ki, bir çoxları, xüsusilə də uzun illərdir şişirdilmiş xərclərlə israfçılıq hesabına külli miqdarda vəsait qazananlar üçün növbəti il həm çətin, həm də sınaq ili olacaq.

“Rayonlarda sənaye müəssisələri dirçəldilməlidir”

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, hökumətin qərarı əsasında rayonlara verilən dotasiya dayandırılması qərarla reallaşdırılmamalıdır: “Bu tipli məsələnin reallaşdırılması uzun prosesdir. Hökumət rayonların dotasiyaya olan ehtiyacını aradan qaldırmaq üçün ilk növbədə həmin rayonların iqtisadiyyatı səmərələşdirilməlidir. Həmin rayonlarda özəl və dövlət sənaye müəssisələri dirçəldilməlidir. Son vaxtlar Bakı şəhərində və rayonlarda olan dövlət müəssisələri satışa çıxarılır. Hesab edirəm ki, bu, özəlləşdirmə yönündə atılan addımlardan biridir. İllərdir hökumətə təklif edirik ki, ölkənin iqtisadi disbalansı aradan qaldırılmalıdır. Azərbaycanda 10 iqtisadi rayon var. Dövlət büdcəsinin gəlirlərinin 90 faizdən çoxunu Abşeron iqtisadi rayonu əldə etdi. Yerdə qalan 10 faizi isə digər 9 iqtisadi rayonun üzərinə düşür. Bu 9 rayonun iqtisadiyyatı dirçəldilməlidir ki, mərkəzləşdirilmiş büdcədən vəsait almağa ehtiyacı olmasın. Bu məsələ qərarla deyil, fəaliyyətlə, planla, iqtisadi tənzimləmələr nəticəsində ortada olmalıdır. İndi aktivləşdirilmiş qərar olmalıdır. Hər dəfə rayonun yerli gəlirləri artdıqca, ona mərkəzi büdcədən ayrılan vəsait hissə-hissə azaldılmalıdır. Öz xərclərini ödəməyən rayonun büdcədən ayrılan vəsaiti dayandırıldıqda nəticədə fəsadlara gətirib çıxardır”.

“Abadlıq işləri iqtisadiyyat deyil”

İqtisadçı hazırda icra başçılarının sahibkarlarla necə davrandığın göz önündə olduğunu da qeyd edib: “Mərkəzi büdcədən vəsaitlər ayrılsa da kifayət qədər şikayətlər eşidirik ki, yerli biznesmenlərdən abadlıq işləri, yol çəkilməsi, hansısa obyektin təmiri üçün rayon icra hakimiyyətinin işçiləri qeyri-qanuni ödənişlər etməyə məcbur edirlər. Dövlət büdcəsindən bu qədər vəsait ayrıldığı halda bu cür qanunsuzluqlara yol açılır, bir də düşünün ki, vəsait ayrılmır. Bu zaman həmin fəaliyyət daha da genişlənəcək, icra başçılarının əlində əsas olacaq ki, dövlət vəsait ayırmır. Bu cür fəsadların yaranmamsı üçün icra başçılarının qarşısına qoyulan tələblər dəyişdirilməlidir. İcra başçıları rayonlarda asfalt örtüyü yeniləməklə, təmir-bərpa işləri aparmaqla, park tikməklə məşğul olmamalıdır. İcra başçılarına tələb qoyulmalıdır ki, rayon iqtisadiyyatı dirçəldilsin. Rayon büdcəsinə gəlir gətirən sahələr inkişaf etdirilməlidir. Bu istiqamətdə hökumətin siyasi iradəsi olmalıdır. Bu gün icra başçıları hələ də rayon iqtisadiyyatının dirçəldilməsilə bağlı heç bir düşüncəyə malik deyillər. Onlar yalnız abadlıq işləri ilə məşğuldurlar. Abadlıq işləri də ki, iqtisadiyyat deyil. Bu işlər əslində bölgənin gəlirlərindən doğmalıdır. Dövlət büdcəsindən vəsait alıb abadlıq işləri görmək cinayətə bərabər iqtisadi pozğunluqdur”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları