Yuxarı

Nazirlikdə kütləvi ixtisarlar

Nazirlikdə kütləvi ixtisarlar

Mədəniyyət müəssisələri satışa çıxarılırAydın Xan Əbilov: “Lənkəranda  Nizami kinoteatrını söküb, yerində şadlıq evi tikdilər”Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin sərəncamında olan 28 müəssisəni, o cümlədən, 22 kinoteatrı özəlləşdirməyə çıxarıb. Şəhər, rayon və kəndlərdə yerləşən 2 min 507 mədəniyyət evini və klublarını da kiçik müəssisə kimi hərrac yolu ilə satmaq nəzərdə tutulur. Onların 28-i Qəbələdədir. Mədəniyyət evləri, klub və kinoteatrların satışa çıxarılması ictimaiyyətdə narazılıqla qarşılanıb. Eyni zamanda, həmin müəssisələrdə çalışan işçilərin də bu qərarı etirazla qarşıladıqları söylənilir.Ekspertlər ictimai-mədəni tədbirlərini gənclərin yetişməsində vacib rol oynadığını qeyd edərək, belə tədbirlərin mədəniyyət evlərində  təşkilini  və insanların asudə vaxtlarının səmərəliliyi üçün vacib sayırlar. Maraqlıdır, tarixi yaşı olan bu mədəniyyət ocaqları indi niyə gərəksizə çevrilib?“Bu, çoxdan olmalı idi”Yazıçı-kulturoloq Aydın Xan Əbilov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əslində dünyada bütün mədəniyyət dövlətsizləşmiş təsisatlar sırasındadır: “Ən böyük tanınmış teatrların özləri də qeyri-dövlət özəl mülkiyyət qoluna aiddir. O cümlədən Azərbaycanda da sökülüb-dağılmış, Sovet dövründə tikilmiş və ondan sonra heç bir kapital təmir görməmiş, xüsusən, ucqar kəndlərdə, qəsəbələrdə olan mədəniyyət saraylarının satışa çıxarılması normaldır. Bu hadisə çoxdan olunmalı idi. Məsələn, Lənkəranın Aşağı Nüvədi qəsəbəsində sovet dövründə böyük bir mədəniyyət sarayı tikilmişdi. Hətta o dövrdə Bakıda belə böyük mədəniyyət sarayları yox idi. Son 15 il ərzində həmin mədəniyyət ocağı baxımsız vəziyyətə düşdü. Uçub-dağılma ərəfəsindədir, məhv olmuş bir abidəyə çevrilib. Bilirik ki, hər hansı bir tikili 50 ildən sonra tarixi bir abidəyə çevrilir. Bu mənada mədəniyyət saraylarının satışa çıxarılması məntiqlidir. Amma orada müəyyən qeydlər olmalıdır. Yəni, mədəniyyət evinin profilini dəyişəndə heç olmasa müəyyən hissəsini mədəniyyətyönümlü qurumlar və təsisatlar üçün ayırmaq lazımdır. Təəssüflər olsun ki, Azərbaycanda xeyli kitab mağazaları dağıdıldı. Amma onların əvəzinə müxtəlif cür müəssisələr tikildi. Eyni zamanda kinoteatrların bir çoxları söküldü, özəlləşdirildi. Sökülən kinoteatrların əvəzinə hündürmərtəbəli binalar inşa edildi. Lənkəranda fəaliyyət göstərən Nizami kinoteatrı söküldü. Hətta kinoteatrın qarşısından onun heykəli də götürüldü. Bildiyim qədər əvəzində şadlıq evi tikildi. Hər halda inkişafla bağlı olaraq bunları etmək olar. Bir şərtlə ki, əvəzində fəaliyyət göstərən müəssisələrin daxilində kiçik də olsa, sinema klub fəaliyyət göstərsin. Hazırda kino artıq qazanc gətirməyə başlayır. Gənclərin, yeniyetmələrin asudə vaxtlarını təmin etmək üçün müxtəlif dərnəklər təşkil etmək, mədəniyyətin müxtəlif istiqamətlərini inkişaf etdirmək lazımdır. Uşaqların bacarıqlarını inkişaf etdirmək üçün belə dərnəklərə ehtiyac var. Əks təqdirdə, mədəni ocaqlara maraq göstərməyən, musiqiyə, şahmata, musiqi alətlərinə həvəslənməyən gənclər müxtəlif mənfi təzahürlərlə rastlaşacaq. Onların sorağı ya Suriyadan, ya Əfqanıstandan, ya da mənfi hallar olan yerlərdən gələcək”. Ekspertin sözlərinə görə, əslində normal mədəniyyət sarayları satışa çıxarılmayıb: “Biz zamanla ayaqlaşmağı bacarmalıyıq. Bu gün dünya muzeylərinin virtual variantları var. İnsan burada oturub hansısa ölkədəki muzeyləri rahatlıqla seyr edə bilir. Azərbaycanda muzeylər satışa çıxarılmayıb. Dünyanın bir çox yerlərində artıq muzeylər də özəlləşdirilib. Özəl mülkiyyət çox toxunulmaz anlayışdır və insanlar özəl olan hər bir şeyi qorumağa çalışırlar. Həmin müəssisələr şadlıq sarayları, restoranlarla əvəzlənsə belə, onların tərkibində teatrdan, kinodan, mədəniyyətdən bir parça olmalıdır. Milli mənəvi dəyərlərimizi yaşadan müəyyən sənədli filmlər nümayiş olunmalıdır. Bu gün ölkədə kifayət qədər gənclər mərkəzi, idman klubları tikilib. Amma onların yaşaması ilə bağlı problemlərimiz var. Onlar büdcədə otururlar və rentabelliyi yoxdur. Fərz edin ki, bu cür müəssisələr özlərini maliyyələşdirə bilmirlər və getdikcə durumları çətinləşir. Onların da profillərinin dəyişdirilməsi ilə bağlı indidən düşünmək lazımdır. Bundan qorxmaq, çəkinmək lazım deyil. Bu məsələyə ictimai nəzarət lazımdır”.“120 manat maaşla onsuz da dolana bilmirdilər”Aydın Xan Əbilov ləğv edilən  mədəniyyət ocaqlarındakı işçilərin aqibəti ilə bağlı məsələyə də toxunub. O, deyib ki, həmin müəssisələrdə çox az kontingent çalışırdı: “Bir-iki nəfər işçidən başqa orada çalışan yox idi. Bundan başqa onlara çox az əmək haqqı verilirdi. 100-120 manat maaşla onsuz da dolana bilmirdilər. İşçi və ya işsiz olsun, nə fərqi var ki? Aldıqları heç yol pulu etmirdi. Əksinə, bu müəssisələrin profili dəyişsə, orada dərnəklər, pullu kurslar, digər mədəni, kütləvi xidmət sahələri fəaliyyət göstərə bilər ki, həmin insanları orada işə yerləşdirmək mümkündür. Belə olarsa, həmin işçilər daha çox ailələrinə qazanc apara bilərlər, nəinki indi...”Alçina Amilqızı





Həftənin ən çox oxunanları