Yuxarı

Rüfət Aslanlının qərarlarının arxasında duran güc

Rüfət Aslanlının  qərarlarının  arxasında duran güc

  Natiq Cəfərli: “Bank əməliyyatlarına qadağaların tətbiq edilməsi daxili və xarici investoru qorxudan amillərdən biridir” Maliyyə Bazarlarına Nəzarət Palatasının nağdsız bank əməliyyatlarının aparılması ilə bağlı qərarı etiraza səbəb olub. Hesab olunur ki, prezidentin imzaladığı qanunun tələbi 15.000 manat olduğu halda banklara göndərilən daxili qərarla bu vəsaitin məbləğinin 5.000 manata endirilməsi “Nağdsız hesablaşmalar haqqında” qanuna qarşı çıxmaq deməkdir. Bu sahədə ciddi problemlərin olduğunu nəzərə alsaq və MBZP-nın qərarı həmin problemlərin həlli baxımından yanlış addımdır və bu, eyni zamanda  “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”nun ciddi şəkildə pozulmasıdır. Başqa sözlə, palata sədri Rüfət Aslanlı effektli nəticənin olmayacağı qərarla prezidentin imzaladığı qanunu kobud formada pozub. Rüfət Aslanlı kimə arxayındır? Narazılıq ortadadır, mətbuat da bir neçə gündür bu haqda yazır. O zaman ortaya haqlı sual çıxır: Rüfət Aslanlının qərarından kimə şikayət etmək olar? Yaxud Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi buna niyə münasibət bildirmir? Lakin keçən bir neçə gün ərzində bu nazirliklərin səlahiyyətli şəxslərinin qərara səssiz qalmaları o ehtimalı yaradır ki, Rüfət Aslanlı elə bu qurumların rəhbərlərinə arxayın olub dövlət qanunun üzərinə gözləri yumulu gedib. İlk reaksiyanı maliyyə naziri Samir Şərifov verməli və narazılığı yatırmalıydı. Şərifovdan sonra İqtisadiyyat Nazirliyi öz münasibətini ortaya qoymalıydı. Amma bu işin ciddi əhəmiyyətini nəzərə alsaq, Maliyyə Nazirliyini gözləmədən ən azı bu sahəyə yaxın qurum kimi İqtisadiyyat Nazirliyi səssizliyini pozub narazılıq edənləri arxayın salacaq açıqlama verməliydi. Amma bunların heç biri olmadı, yaranan ehtimal da budur ki, Rüfət Aslanlıya dövlət qanunu pozmasına cəsarət verən elə maliyyə naziri Samir Şərifovun özüdür. Hələ Maliyyə Bazarlarına Nəzarət Palatası təsis olunub Rüfət Aslanlı bura təyin olunanda mətbuatda ildırım sürətilə o iddia yayıldı ki, “Samir Şərifovun adamı yeni quruma rəhbər gətirildi”. İqtisadiyyat Nazirliyinə gəlincə, Azərbaycan Mərkəzi Bankından başqa ölkənin bütün iqtisadi və maliyyə sektorlarının Samir Şərifovun təsiri altında olduğu çoxlarına bəllidir. O da məlumdur ki, AMB-nin verdiyi qərarlara ən tez və narazılıq reaksiyasını da Maliyyə Nazirliyi verir, yerdə qalan bütün qərarların icraçısı və imzalayanı Samir Şərifovun özüdür. Məqsəd nədir? Təsadüfi deyil ki, 2015-ci ildə manat ilk dəfə devalvasiyaya məruz qalanda bunun Azərbaycanda sosial partlayış və siyasi çaxnaşma yaratmağa xidmət edən plan olduğu iddia edildi. O ehtimal müzakirə mövzusu idi ki, süni formada yaradılmış prosesin arxasında ölkənin maliyyə sektoruna nəzarət edən və bir neçə dövlətin xüsusi xidmət orqanları, o cümlədən, ABŞ-ın ayrı-ayrı ölkələrdə siyasi qarşıdurmalara maliyyə yardımı ayıran iri fondlarından birinin rəhbəri ilə gizli əlaqələri olan şəxs dayanır. Şübhəsiz ki, diqqət AMB-nin rəhbəri Elman Rüstəmov və Samir Şərifova yönəldi. Amma Rusiya KİV-lərində maliyyə naziri Samir Şərifovun bir neçə dövlətin kəşfiyyat orqanlarıyla işbirliyində olması iddiasını gündəmə daşıması E.Rüstəmov ehtimalını sıradan çıxardı. İqtisadi böhran dövlətin maliyyə çatışmazlığı probleminə çevrilib Azərbaycan borc üçün xarici təşkilatlara üz tutmağa başladıqca, bu işin məsuliyyətindən qaçan açıqlamalar verdi. Rüstəmovun təkzibləri fonunda KİV-lərdə “Samir Şərifov Azərbaycanı xarici borc bataqlığında batırmağa başladı” iddiaları gün işığına çıxmağa başladı. İddiaların nə qədər doğru olduğunu lazım olan faktlarla təsdiq etmək mümkün olmasa da özünü Samir Şərifovun etibarlı adamlarından biri kimi tanıdan Rüfət Aslanlının etiraz yaradan qərarına maliyyə nazirinin səssiz qalması bu ehtimallara məntiq donu geyindirir. Hesab etmək olar ki, maliyyə qurumlarının kütləvi etiraza səbəb olacaq və özündə potensial sosial partlayış elementlərini daşıyan qərarları məqsədyönlü şəkildə verilir. “Azərbaycan üçün çox pis siqnaldır” REAL Hərəkatı sədrinin təşkilati məsələlər üzrə müavini, iqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki,  bank əməliyyatlarına qadağaların tətbiq edilməsi ölkənin taleyi üçün pis haldır: “Bu, daxili və xarici investoru qorxudan və çəkindirən amillərdən biridir. Maliyyə vəsaitlərinə inzibati qaydada nəzarətin həyata keçirilməsi, məhdudiyyətlərin qoyulması biznes üçün çox pis siqnaldır. Bunun çox ciddi fəsadları olacaq. Hökumət gec-tez bununla bağlı qərarı dəyişməyə məcbur olacaq. Çünki hansısa hüquqi və fiziki şəxsin hesabında olan maliyyə onun şəxsi mülkiyyətidir, bundan necə istifadə olunması onun şəxsi qərarına bağlıdır. Əgər palata və hökumət nağdsız hesablaşmaları təşviq etmək istəyirsə, bunu inzibati yollarla həyata keçirmək mümkün deyil. Əgər fiziki və hüquqi şəxslərə güzəştlər tətbiq olunsa, fiziki və hüquqi şəxslərin buna marağı yaransa, bu zaman qərar effekt verə bilər. Köhnə qaydalarla bunu tətbiq etmək, Azərbaycana ziyandan başqa heç nə gətirməyəcək, hesab edirəm ki, bunu nəzərə alaraq qərar gələcəkdə dəyişdiriləcək və hökumət bunu dəyişdirmək məcburiyyətində qalacaq. Çünki, bu işlək mexanizm deyil, biznesi qorxudan və ürküdən mexanizmdir. Bu, eyni zamanda bütün iqtisadiyyatı iflic edən yanaşmadır. Bunun effektli olmayacağını artıq görməyə başlamışıq”. Əfqan Ədilov





Həftənin ən çox oxunanları