Yuxarı

Dövlət qurumları arasında qalmaqal

Dövlət qurumları arasında qalmaqal

Nazirlik: "Dövlət Xidməti ilə əlaqə saxlayın”

Üzeyir Cəfərov: "İstəməzdim ki, iki qurum arasında gərginlik fonu yaradılsın”

Ramil Məmmədli: "Mövcud neqativ halların aradan qaldırılmasına başlanılıb”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri və həkim komissiyaları tərəfindən xəstəlik adı ilə xidmətə yararsız hesab olunaraq hərbi bilet alanlarla bağlı sərt ölçü götürülüb. "Cümhuriyət” qəzeti xəbər verir ki,  bununla bağlı Müdafiə Nazirliyində artıq xüsusi komissiya yaradılıb. Bildirilir ki, "xidmətə yararsız” adı ilə hərbi bilet alan gənclərin sağlamlığı yenidən yoxlanılacaq və onlara həmin biletləri verən aidiyyatı qurumlarda araşdırmalar aparılacaq. Qanun pozuntusuna yol verən şəxslər isə ciddi şəkildə cəzalandırılacaq.

Nazirliklə xidmət arasında qarşıdurma, yoxsa etimadsızlıq?

Hərbçi-ekspert Üzeyir Cəfərov "Cümhuriyət” qəzetinə nazirliklə xidmət arasında etimadsızlıq və qarşıdurmanın olmadığını bildirib. Ü.Cəfərov məsələnin mətbuat tərəfindən bu formada təqdim olunmasının əleyhinə olduğunu deyib: "Bu fikri bizim dostlarımızdan biri səsləndirib. Rəsmi qaydada belə bir açıqlama yoxdur. İstəməzdim ki, iki qurum arasında gərginlik fonu yaradılsın. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Müdafiə Nazirliyi arasında mənim də nümayəndəsi olduğum məhkəmə araşdırması gedir. 2015-ci ildə Ağcabədi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçı hərbi xidmətə çağırılıb. 6 ay xidmətdə olub, amma, Müdafiə Nazirliyinin komissiyası çağırışçı Bayramov Nicat Şakir oğlunun 1 ay 15 gün xidmətdə olduğunu bildirir. 

Biz bu məsələni məhkəmə müstəvisində araşdıranda Müdafiə Nazirliyi bildirdi ki, həmin şəxs xəstə olarkən hərbi xidmətə çağırılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə sənəd təqdim edir ki, sağlam olub. Onlarla belə misal var. Mətbuatda yayılan məlumatı oxudum. Heç nədən çəkinmək lazım deyil. Xəstəliyi olanların problemləri təsdiq olunub və zaman-zaman komissiyalardan keçirlər. Sözsüz ki, neqativ hallar var. Amma məsələnin respublika miqyasında olduğunu düşünmürəm ki, özünü xidmətə yararsız hesab edərək kütləvi halda saxta hərbi biletlər alırlar. Sosial şəbəkələrdə daha çox məmur övladlarının bu yollarla baş vurduqlarını yazırlar. Onsuz da vicdan hisslərini itirmiş bir sıra məmurlar müxtəlif yollarla bu məsələni həll edirlər, bundan sonra da edəcəklər”. 

"Aralarından ən sağlamlarını seçmək lazımdır”

Ekspert qeyd edib ki, vətənə xidmət etmək istəyən adam heç vaxt saxta bəhanə axtarmır: "Kasıb və varlı məsələsinə gəlincə, problemi bu formada təqdim etməyin tərəfdarı deyiləm ki, bütün varlıların övladları hərbi xidmətdən yayınırlar. Vətənə xidmət konstitusion borcdur. Dostlarımızın dilindən bu məsələnin gündəmə çıxarılmasına gəlincə, belə hallara qarşı diqqətli olmaq lazımdır. Bilirdim ki, bu, mətbuata çıxarıldıqdan sonra geniş müzakirələr başlayacaq. Heç bir narahatlıq və ajiotaj yoxdur. Nazirlər Kabinetinin qərarı ilə tibbi çağırış komissiyaları fəaliyyət göstərir. Amma bəzi neqativ halların olduğunu inkar etmirəm, xidmətə çağırılan gənclər arasında müəyyən problemləri olanlar var, müəyyən boşluqlar da var. Hər iki qurum əlaqəli şəkildə bu məsələləri həll edirlər. Hər ikisi güc strukturudur. Belə insanlar arasından ən sağlamları seçilməlidir və onlar hərbi xidmətə getməlidirlər”.

"Neqativ halların aradan qaldırılması üçün qarşılıqlı fəaliyyət var”

Hərbçi-ekspert Ramil Məmmədli "Cümhuriyət” qəzetinə bildirib ki, qərarı iki qurum arasında etimadsızlıq, yaxud qarşıdurma adlandırmaq olmaz. R.Məmmədlinin sözlərinə görə, zaman-zaman idarəçilikdə müəyyən boşluqlar olub, bu da qanunvericiliklə əlaqədardır:

"Bu boşluqlar müəyyən təcrübədən sonra doldurulur. Hazırda Müdafiə Nazirliyinin rəhbərliyində kadr islahatları aparılır. Həmçinin keçmiş Respublika Hərbi Komissarlığı yeni qurum formasında öz fəaliyyətini təkmilləşdirir, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adında qurum yaradılıb. Yeniliklər həyata keçirilir. Mövcud neqativ halların aradan qaldırılmasına başlanılıb. Bu baxımdan məsələni qarşıdurma kimi başa düşmək olmaz. Bu günədək hər iki qurum neqativ halların aradan qaldırılması üçün qarşılıqlı fəaliyyət göstərir. Hesab edirəm ki, qərar yerində verilib. Sağalan xəstəlik daşıyan və hərbi xidmətdən yayınan şəxslər yaşları keçməsinə baxmayaraq araşdırılmalıdır və həqiqi hərbi xidmətə çağırılmalıdırlar və qanunsuz olaraq xidmətdən yayındıqlarına görə dövlətə müəyyən həcmdə cərimə ödəməlidirlər. Yəni, bu qarşılıqlı etimadsızlıq və qarşıdurma deyil”.

Nazirlikdən cavab

Mətbuatda yayılmış məlumatların rəsmi cavabını almaq üçün Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan "Cümhuriyət” qəzetinə bildirildi ki, mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı təlimdədir və bununla bağlı ünvanlanmış suala cavab veriləcək. Həmçinin nazirliyin əməkdaşı məsələ barədə daha dəqiq məlumatın öyrənilməsi üçün bizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlamalı olduğumuzu dedi və bunu xidmətin müstəqil qurum olmasıyla əlaqələndirdi.

Mənsur





Həftənin ən çox oxunanları