Yuxarı

İcbari təhsil 5 il azaldıla bilər?

İcbari təhsil 5 il azaldıla bilər?

Ekspert: Nəticə alınmalıdır ki, həqiqətən 4 il təhsil almaq effekt verir

Əjdər Ağayev: "Təhsil tamamlanmalı, sonra sənəd alınmalıdır”

Təhsil Nazirliyinin yeni qüvvəyə minmiş qərarı ilə bundan sonra universitet tələbələri təhsillərini vaxtından tez bitirib, diplom ala biləcəklər.Belə ki, bir tələbə semestr zamanı daha çox fənn götürərsə, universiteti 4 ildən daha tez bitirə biləcək.Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30-a qədər kredit müəyyənləşdiriləcək.Eyni zamanda bu tələbələrə əlavə fənn imkanı da yaradılacaq.

Bir müddət əvvəl Nazirlər Kabineti tərəfindən "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na dəyişikliklər edildi. Həmin dəyişikliyə görə tələbə ali təhsil müəssisəsini tez qurtarmaq imkanı əldə edəcək. Belə ki, tələbə təhsil müddətində 240 kredit toplamalıdır. Bu səbəbdən tələbə tədris qrafikini düzgün tərtib etdiyi halda ali təhsil müəssisəsini 4 ildən tez bitirə bilər. Bu da onun əmək bazarına daha tez daxil olmasına imkan yaradacaq.
Sözügedən məsələnin orta məktəblərə də şamil olunacağı gündəmə gəlib. Təklif olunur ki, orta məktəblərdə məcburi təhsil 4 il olsun. 4 ildən sonra isə tədris şagirdlərin öz ixtiyarına buraxılsın.Bir sözlə orta məktəblərdə də təhsil vaxtından tez bitsin.

Məsələ ilə bağlı Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev "Cümhuriyət” qəzetinə bildirib ki, "Təhsil haqqında "Qanunda  orta məktəb tədrisini yarımçıq bitirmək barədə heç bir müddəa yoxdur:

"Müəyyənləşən tədris müddətinə görə tədris planındakı fənlərə saatlar ayrılır. O fənlər həftəlik cədvəllərdə yerləşdirilir və proqram üzrə dərslər tamamlanmalıdır. Dərslər tamamlanmayınca, proqram yerinə yetirilməyincə tədris ilini vaxtından tez bitirmək olmaz.Bu pedaqogika, təhsil elminin tələbidir.Kimlərsə bunu vaxtından əvvəl bitirmək istəyirlərsə, bu pedaqoji qaydalara uyğun deyil. Hətta orta məktəbin imtahanını tam verməmiş ali məktəbə qəbul imtahanı keçirirlər. Bunun özü də düz deyil.Təhsil tamamlanmalı, sənəd ələ alınmalı, ondan sonra addım atılmalıdır.Yəni belə qeyri-adi məsələlər ortaya çıxır.Amma bunlar pedaqoji qaydalara uyğun deyil”.

Ekspertin sözlərinə görə, orta məktəbdə təhsilin yalnız 4 il icbari olması məsələsinin tətbiqi üçün əvvəlcə eksperimental tədqiqat lazımdır: 

"Nəticə alınmalıdır ki, həqiqətən 4 il təhsil almaq effekt verir və ya vermir. Ondan sonra bu fikri söyləmək mümkündür.Bu gün mütəxəssis olanda, olmayanda nə düşünür onu deyir.Əsl mütəxəssislər bu məsələdə nəsə söyləyə bilərlər.Hansı ki, məhz onlar eksperimental tədqiqatlarda iştirak edirlər və nəticəni görürlər. Ona görə də bu məsələnin yaxşı və pis nəticə verəcəyi ilə bağlı  nəsə söyləmək çətindir. Eksperimental tədqiqatlarda əgər effekt varsa, o zaman məsələnin tətbiqini gündəmə gətirmək olar.

Bu kimi məsələlər çoxdur. O tərəfdən 12 illik təhsil tətbiq olunur, bu tərəfdən 4 illik təhsil gündəmə gəlir. Kim nə istəyir, onu edir.Bunun bir sistemi olmalıdır, məsələyə kompleks yanaşılmalıdır. Təəssüf ki, elmi əsaslar nəzərə alınmadan kim nə istəyirsə, onu da edir. Düşünürəm ki, elmi əsaslara qayıtmaq lazımdır, kiminsə fantaziyası ilə yox... Eyni zamanda bu işlərdə xarici təcrübələri götürmək lazım deyil.Əsrlərlə yaşamış ölkələr var ki, kapitalizmin içərisində çürüyür.Biz sosializm olan cəmiyyətdən çıxmışıq və kapitalizmin də mədəniyyətini formalaşdırmağa çalışırıq.Bu mənada nə xarici təqdir, nə də tətbiq etməliyik.Öz kökümüz, milli-mənəvi dəyərlərimiz, günəşimizin hərarəti, bir sözlə, layiq olduqlarımız əsas olmalıdır.Bu bazada da öz təhsilimizi qurmalıyıq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları