Yuxarı

Azərbaycanda pulsuz düşərgə qalmayıb

Azərbaycanda pulsuz düşərgə qalmayıb

Yusif Bəkirov:  "Ölkədə 1 milyona yaxın uşaq var və bunların 1-2 faizi pullu istirahət düşərgələrində dincələ bilir”

Əjdər Ağayev: "Yay düşərgələri uşaqların inkişafına, dünyagörüşünün artırılmasına müsbət təsir göstərir”

Azərbaycanda hər il 1 milyondan çox məktəbli tətilə çıxır. Bakı üzrə bu göstərici təxminən 400 mindir.Sovet vaxtı "Pioner” düşərgələrində olduğu kimi, indi də şagirdlərin kütləvi istirahətinin təşkilinin zəruriliyini hər kəs vurğulayır. Artıq tədris ili başa çatıb və bütün ümumtəhsil məktəblərində uşaqların yay tətili başlayıb. Uzun müddət dərs oxuyan, imtahanlara hazırlaşan məktəblilər yay tətilini səmərəli keçirmək və yorğunluğu 2-3 ay haradasa dincəlməklə üstlərindən atmaq istəyirlər.Maraqlıdır, görəsən, hazırda ölkədə dövlət uşaq düşərgələri fəaliyyət göstərirmi?

Araşdırmamız zamanı məlum oldur ki, Azərbaycanda məktəblilərin yay istirahətinin təşkili artıq 20 ilə yaxındır ki, bir problem olaraq qalır.Çünki SSRİ dağılandan sonra Azərbaycanda uşaqların yay istirahətinin təşkili sahəsində pərakəndəlik yarandı.Nəticədə istirahət düşərgələrinin bir qismi dağıdıldı və qanunsuz olaraq özəlləşdirildi, bəzilərində isə qaçqın və məcburi köçkünlər yerləşdirildi.

Ümumilikdə 50-yə yaxın uşaq istirahət düşərgəsi bağlanıb.Bir çox dövlət qurumlarına aid olan düşərgələrdə isə məcburi köçkünlər məskunlaşıb.Valideynlər də yay düşərgələrinin yetərincə olmamasından şikayətlənir və uşaqların yay boyu istirahət edə bilmədiklərini deyirlər.

Uşaq hüquqları üzrə müdafiə Liqasının sədri Yusif Bəkirov bizimlə söhbətində Azərbaycanda pulsuz yay uşaq düşərgələrinin olmamasını təsdiqlədi:

"Azərbaycanda 1 milyona yaxın uşaq var və bunların 1-2 faizi pullu istirahət düşərgələrində dincələ bilir. Bu rəqəm obrazlı şəkildə desək, dənizdə bir damcıdır.Bu o deməkdir ki, Azərbaycanda uşaqlar kütləvi şəkildə yay düşərgələrinə gedə bilmir və istirahət etmirlər.Dövlətin nəzdində olan bir-iki düşərgəni isə pulla icarəyə verirlər”.

Liqa sədri bildirdi ki, bu problemi aradan qaldırmaq üçün tədris ili bitdikdən sonra məktəblər də 3 ay müddətinə yay düşərgələrinə çevirilməlidir: "Sovetlər dönəmində məktəb düşərgələri vardı. Bu ənənəni bərpa etmək lazımdır.Həmin qaydanı bərpa etmək dövlətin üzərinə düşür”.

Yay uşaq düşərgələrinin uşağın təhsilində oynadığı rol haqqında məlumat verən təhsil eksperti Əjdər Ağayev bizimlə söhbətində bildirdi ki, düşərgələrdə təşkilatlanma düzgün qurulmalı və düşərgənin məktəblə əlaqəsi olmalıdır: 

"Uşaqlar üçün təşkil olunan yay düşərgələrinin səmərəli olması üçün orada təşkilatlanma güclü olmalıdır. Belə ki, istirahət zamanı maarifləndirici tədbirlər, kino nümayişləri, görkəmli şəxsiyyətlərlə görüşlər keçirilməli, Azərbaycanın təbiəti öyrənilməli, ekoloji bilikləri artırmaq üçün müəyyən tədbirlər həyata keçirilməlidir. Ən əsas iş isə, məktəblə düşərgənin əlaqəsinin güclü olmasıdır. Belə təşkil olunan yay düşərgələri uşaqların inkişafına, dünya görüşünün artırılmasına müsbət təsir göstərir.Uşaqlara təbiəti sevməyi, təbiətə yaxın olmağı, onun gözəlliklərini duymaq hisslərini aşılayır.Onlar gözəl istirahət edir, intellektlərini artırır və yeni dərs ilinə həvəslə başlayırlar.Araşdırmalar da göstərir ki, onların fəaliyyəti bu zaman yüksək olur”.

Təhsil eksperti vurğuladı ki, yay düşərgələri sovet dönəmində kütləvi şəkildə keçirilirdi və bütün uşaqlara düşərgələrə getmək imkanı yaradılırdı: "Uşaqların pulsuz istirahət etmələri üçün məktəblərin həyətində belə düşərgələr təşkil edilirdi. İndi isə bu düşərgələr ayrı-ayrı nazirliklər tərəfindən təşkil olunur və ilk növbədə nazirliyin öz əməkdaşlarının uşaqları orada istirahət edirlər”.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub.Həmin sənədə görə isə, dövlət uşaqların istirahət hüququnu təmin etməli və bu məqsədlə müvafiq şərait yaratmalıdır.Onu da əlavə edək ki, xarici ölkələrdə düşərgələr saysız-hesabsızdır.Hətta keçmiş sovet respublikalarından fərqli olaraq Rusiyada düşərgələrin sayı çoxdur və ildən-ilə artır. Təkcə Sankt-Peterburqda 40-a yaxın uşaq düşərgəsi var. Avropada da uşaqların düşərgədə dincəlməsi geniş yayılıb. Bu düşərgələr növləri, fəaliyyət istiqamətləri, şəraiti və təbii qiyməti ilə fərqlənir.

Azərbaycanın imkanlı valideynləri uşaqlarını əsasən xaricdəki dil öyrənmək düşərgələrinə göndərirlər.Bu cür düşərgələrdə 2 həftəlik dincəlmək 1000-1500 avroya başa gəlir. Almaniyada Höte İnstitutunun nəzdində düşərgənin 2 həftəsi 1000 avro, İspaniyada "EnfoCamp”da 1050 avroya, Londonda 1500 avroyadır.

Dünyada uşaqlar üçün macəra tipli düşərgələrdə mövcuddur. Məsələn, Rusiya və bəzi Avropa ölkələri üzrə (İspaniya, Bolqarıstan, Fransa, Xorvatiya) "Casusların uşaqları”, "Qaya şəhərinin sirri”, "Robinzoniada” kimi düşərgələr fəaliyyət göstərir. İki həftəlik yollayışı 1000-1200 dollar olan bu düşərgələrdə uşaqlar əsasən ekstremal ekskursiyalara, dağ və meşələrə gəzintilərə çıxırlar.Mağaralarda, qayalar dibində çadırlar qurub orada qalırlar.

Ümumiyyətlə, müxtəlif ölkələrdə uşaq düşərgələrinin müxtəlif növ və istiqamətdə olur.Məsələn, idman düşərgələrində uşaqlara üzməyi, at sürməyi, aykido və karate kimi döyüş üsullarını öyrədirlər.Polşanın Putsko şəhərində 2 həftəlik düşərgədə vindserfinqi öyrənmək mümkündür.

Qəribə görünsə də, bəzi ölkələrdə hətta dini təmayüllü düşərgələr də var. Tatarıstanda 20-yə yaxın müsəlman düşərgəsi var. Burda uşaqlar əylənməklə yanaşı, Quranı, müsəlman qaydaları və İslam normalarını öyrənirlər.

Aytən Həsənova





Həftənin ən çox oxunanları