Yuxarı

Bakıda 170 manatlıq alış-verişi

Bakıda 170 manatlıq alış-verişi

Övladını məktəbə yola salmağa hazırlaşan valideynləri yenə də qayğı və problemlər öz çənginə alıb. Qiymətlərin yüksək olması, insanların maddi vəziyyətinin övladlarının təhsil xərclərini ödəməkdə çətinlik yaratması hər dəfə yazılıb müzakirə edilsə də, heç bir müsbət dəyişiklik baş vermir. Məlumdur ki, hər il yeni tədris ilinin başlamasına təxminən 20 gün, 1 ay qalmış paytaxtda məktəbli yarmarkaları keçirilir. 

Belə yarmarkalarda məktəbli dərslik və ləvazimatları ilə yanaşı, forması da satılır. Təəssüf ki, belə yarmarkalar təşkil olunsa da, əksinə, qiymətlər hər il daha da bahalaşır. Bu il də məktəbli ləvazimatlarının qiymətində artım müşahidə olunur. Həmçinin məktəbli formaları da təxminən 30 faiz bahalaşıb. Cebhe.info müxbiri "28 May” metrostansiyasının girişində olan yarmarkada qiymətlərlə maraqlanmaq qərarına gəlib.

Yarmarkanın satıcısı Ceyhun Əhmədov bizimlə söhbətində deyir ki, alıcılar çoxdur:

- Buraya gələnlər malın qiymətinə deyil, keyfiyyətinə üstünlük verirlər. Düzdür, qiymət də rol oynayır, amma əsasən, keyfiyyətə baxırlar. Bizdə malların qiyməti ucuzdur. Düzdür, adımız pisə çıxıb, deyirlər ki, yarmarkada qiymətlər "od tutub yanır”. Amma bu belə deyil, şişirdirlər. Bizdə çox ucuzluqdur. Əksinə, malın üzərindəki qiymətindən də artıq endirimlər edirik.

-Məsələn?
-Məsəl üçün 20 manatlıq çantanı 13 manata veririk. 

-Nəyə görə 7 manat endirim edirsiz? Olmaya, özünüz qiyməti süni qaldırıb, baha qiymət qoyub, sonra aşağı salırsız?
-Əsla belə deyil. Biz adamların cibinə görə endirim edirik. Olur ki, valideyn uşaqları üçün bütün ləvazimatları alır, buna görə də biz endirimlər edirik . 

-Yarmarka nə vaxt başlayıb?
-Avqustun 19-dan başlayıb, sentyabrın sonunadək davam edəcək.

-Müştərilər sizdən razı qalırlar?
-Bizim fikrimizcə razıdırlar. Çünki bizdə hər bir malın həm ucuz olanı, həm də bahalısı var. Hər bir alıcının cibinə uyğun seçim çeşidlərimiz var. Devalvasiyadan sonra bahalaşma var. Amma bununla belə insan axını da var, məktəbli ləvazimatlarının alınması vacibdir. Bizdə firma malları da var, keyfiyyətcə yaxşı və bahalıdır. Ucuz malları da alanlar var. Bizə daha çox aşağı təbəqədən olan insanlar yaxınlaşır. Yuxarı təbəqənin insanları yarmarkaya gəlmir. Səbəb isə belə yerdə təbəqənin başqa olmas və insan sıxlığı ilə əlaqədardır. 

…Söhbətləşdiyimiz alıcılar yarmarkada qiymətin ucuzluğunu yaxşı hal kimi dəyərləndirmirlər. Çünki təqdim edilən ləvazimatlar keyfiyyətli deyil.
Övladına ağ köynək alan Elnur Həmidov bahalıqdan gileylənir: "Bu il oğlum 8-ci sinfə keçir. Uşaq bu il 3 il olacaq ki, eyni çantanı aparacaq. Nə edək, almağa imkan yoxdur. Özümüz də uşaqların yanında xəcalətli oluruq. Məktəbli formaları yaratdılar ki, uşaqlar geyiminə görə bir-birindən seçilməsin. Amma onun da hər il qiyməti yavaş-yavaş bahalaşır. Bu qiymətə məktəbli forması almaqdansa, özümüzün aldığımız paltarlar bundan ucuz başa gələr”.

Ümumi qiymətlərə gəlincə isə məktəbli formaları 45-60 manat, ağ köynəklər materialından asılı olaraq 18-35 manat, məktəbli jileti 8-18 manat, ayaqqabılar keyfiyyətinə görə 15-50 manat arası satılır. Ağ corablar 90 qəpik, 3 manat, kolqotkalar 5-6 manat, saç aksesuarları isə 50 qəpikdən başlayır. Məktəbli çantaları 15 -90 manat arası, rəngli karandaşlar firmasına görə 2-10 manat arası satılır. Qələmlərin qiyməti isə 10 qəpikdən başlayır. 12 vərəqli dəftər 12 qəpik, 40 vərəqli 30-40 qəpik, 100 vərəqli isə 80 qəpiyə və 1 manata satılır. Dəftər üzlərinin qiyməti 30-80 qəpik arasında dəyişir. Uşaqlar üçün su qablarının da qiyməti dəyişib. Çin və İrandan gətirilən su qabları daha ucuz və keyfiyyətsiz olur. 

Bu ölkələrdən gətirilən su qablarını 1 manata da tapmaq olar. Satıcılar deyir ki, keyfiyyətli su qabları əsasən İndoneziyadan gətirilir. İndoneziya istehsallı su qablarının qiyməti isə 3 manatdır. Termoslar 2,50 - 5 manat arasında dəyişir. Rəngli karandaş dəsti - 2 manatdan 10 manatadək, xətkeş 70 qəpik 1 manat, fiqurlu xətkeş 5 manat, rəsm albomu 3-6 manat, plastilin (bir qutu) 3 manat, pozan - 20 qəpikdən 2 manatadək, karandaş yonan - 80 qəpikdən 2 manatadək təklif olunur. 

Sonda qeyd edək ki, bu yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti  tərəfindən "Elmlər Akademiyası, "İnşaatçılar”, Nəriman Nərimanov "Koroğlu” və "Neftçilər” stansiyalarında fəaliyyət göstərir. 

Aytən Həsənova






Həftənin ən çox oxunanları