Yuxarı

Həkimlərə daha bir qazanc qapısı

Həkimlərə daha bir qazanc qapısı

Azərbaycanda həm optik, həm də gün eynəklərinin həkim məsləhəti olmadan satılmasına icazə verilməyəcək.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bununla bağlı komitə tərəfindən "Optika haqqında" qanun layihəsinin ilkin variantı artıq hazırlanıb:

"Biz qanun layihəsini müvafiq nazirliklərə və təşkilatlara göndərəcəyik. Müsbət rəylər və hansısa təkliflər gəldikdən sonra onları nəzərə alacağıq. Payız sessiyasında bu məsələ komitəmizin gündəliyində olacaq. Ondan sonra yəqin ki, biz qanun layihəsini plenar iclasa tövsiyə edəcəyik".

Musa Quliyev vurğulayıb ki, bir çox ölkələrdə belə qanunlar var: "Azərbaycanda da bu sahədə qanunvericilik gücləndirilməlidir. Çünki söhbət təkcə gün eynəklərindən getmir, burada eyni zamanda optik eynəklərin keyfiyyəti, ölçüləri, yaş və xəstəlik xüsusiyyətləri önəmlidir. Xüsusilə yay mövsümündə hər kəs demək olar ki, eynəkdən istifadə edir, amma əksər istifadəçilər bilmir ki, o eynəklər gözə uyğundur, ya yox. Buna görə də belə bir qanunla hüquqi tənzimləmə vacibdir".

Deputat qeyd edib ki, optik eynəklər də, gün eynəkləri də həkim məsləhəti ilə alınmalıdır: "Gün eynəklərini də hər kəs hər yerdə sata bilməz. Yaxud da mənşəyi məlum olmayan eynəklər satıla bilməz. Bunların hamısı qanun layihəsində əksini tapıb. Eynək satışı və idxalı ilə məşğul olan şəxslər müvafiq kurslar keçməli, ən azı, sertifikata malik insanlar olmalıdır".

Belə bir deyim var, düzəlib hər yarağım, qalıb saqqal darağım. Gün eynəkləri ilə bağlı qanun da həmin saqqal darağından başqa bir şey deyil. Bəziləri hesab edir ki, bu qanun vaciblikdən çox, əlavə yük mahiyyəti daşıyır. Bu günə qədər Milli Məclisdə çox sayda həyati vacib sayılan qanunlar qəbul olunub, amma işləkdirmi?.. Təbii ki, yox. 

Bu vaxta qədər ölkəyə azmı keyfiyyətsiz ərzaq və qeyri-ərzaq məhsulları gətirilib? Bir dəfə ölkəyə gətirilən keyfiyyətsiz toyuq məhsulları ilə bağlı Quşçular Birliyinin sədri Aydın Vəliyevə sual vermişdim ki, niyə ölkəyə xarici istehsalçıların toyuq gətirməsinə  icazə verilir ki, qida təhlükəsizliyi də yaransın? Onun da cavabı bu olmuşdu ki, azad zona olduğundan xaricdən idxalın qarşısını almaq mümkün deyil...

Yeni-yeni və işlək olmayan qanunlar, məhdudiyyətlər tətbiq etməkdənsə, yaxşı olardı ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olsun. ÜTT bu gün ölkələr arasında mövcud olan qlobal ticarət qanunları ilə işləyən və çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirən yeganə beynəlxalq təşkilatdır. Hazırda dünyanın 164-dən çox ölkəsi ÜTT-nin üzvüdür və dünya ticarət dövriyyəsinin 97 faizi bu ölkələrin payına düşür. Bu gün xarici işbazların səyi nəticəsində yerli istehsalın inkişafının qarşısı alınır, üstəgəl yararsız məhsulları ölkə əhalisinə sırınır. Bu isə iqtisadi sektorunun qarşısında dayanan əsas problemlərdən birinə çevrilib.

Gün eynəkləri ilə bağlı qanun qüvvəyə minsə nəyə nail olacağıq?  

Bu gün həkimlərin necə və hansı formada işləməsi heç kəsə sirr deyil. Onlar müxtəlif profilli firmaların məhsullarını xəstələrə məcburən aldırır. Tibb işçiləri firmalarla əlbir olaraq faydası və zərəri haqqında məlumatı olub-olmadan, xəstələrə həmin dərman preparatlarını  yazıb pul qazanırlar. Maraqlıdır, gün və optik eynəklərin təyinatı  necə tənzimlənəcək? Əgər dərman preparatlarındakı kimi eynək məsələsində də firma məhsulları mövzusu aktual olsa, onda vay  əhalinin halına... Zatən həkimlərin əsas  prinsipi xəstənin cibini soymaqdır. 

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudova müraciət etdik. Rəşid Mahmudov "Cümhuriyət”ə dedi ki,  keyfiyyətsiz gün eynəklərinin xeyrindən çox ziyanı var: "Adi gün eynəklərinin şüşəsi müxtəlif boyalarla rənglənir. Günəş şüaları düşən kimi gözü xarab edir. Günəş eynəkləri ilə bağlı məsələ nizama salınmalıdır. Keyfiyyətsiz gün eynəklərini heç bir vicdanlı həkim təyin etməz. Vicdansız adamdan da həkim olmaz. Yəqin ki, qanun qüvvəyə minəndən sonra lisenziyalaşmış mağazalar da fəaliyyət göstərər. Sağlam insan yetişdirmək lazımdır. Gedin, görün Türkiyə necə ölkədir? Bu gün Türkiyəni almağa heç Amerikanın da gücü çatmaz. Çünki onlar vətəni sevir. Biz isə bu vətənə sahib çıxmırıq, turist kimi yaşayırıq”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları