Yuxarı

Azərbaycan turizmi: Dövlət ASANlaşdırır, oliqarxlarsa...

Azərbaycan turizmi: Dövlət ASANlaşdırır, oliqarxlarsa...

Artıq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edə biləcək. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatında bildirilir ki, bu yenilik "ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli fərmanı ilə təsdiq edilən "ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 21 iyun 2017-ci ildə 1482 saylı fərmanının icrasının təmin edilməsi çərçivəsində aparılan işlərin nəticəsidir.

"ASAN Viza” sistemi Azərbaycan Respublikasının 2016-cı il 1 iyun tarixli 923 saylı "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla ( müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.

Həmçinin "ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.

Qeyd edək ki, bu günə kimi "ASAN Viza” vasitəsilə 167.337 əcnəbi və vətəndaşlığı olmayan şəxsə elektron viza verilib.

"ASAN Viza” sisteminin tətbiqi turizmin inkişafı baxımdan müsbət addımdır. Ölkə başçısı bu istiqamətdə müxtəlif tədbirlər görür, sərəncamlar verir. Amma digər qurumlar bu qərarın əksinə gedir. Verilən sərəncamlarla mövcud strukturların fəaliyyətinə nəzər salsaq, turizmin inkişafında ziddiyyətli məqamların olduğunu görmək mümkündür. Bu, qiymət siyasətidir. Uşaq anasını görəndə necə şıltaqlıq edirsə, Azərbaycan da turist görəndə elə ərköyünlük edir. Ölkə ərazisinə gələn əcnəbilərə göstərilən xidmətlərin qiyməti "ceyran belinə” qalxır. 

Şişirdilmiş qiymətlər özünü turizm obyektlərindən tutmuş restoranlarda, aviabiletlərdə göstərir. Sosial şəbəkələrdə paylaşılan Bakıya gələn ərəb turistin yediyi bir şiş kababın qiyməti əsil "trendə” çevrilib. Turistə bir şiş kabab 50 manatdan satılıb. Bundan başqa turizm şirkəti ölkəmizə gələn ərəb turistə külli miqdarda pul "atıb”. Turist Bakıya gəlmək qərarı verəndən sonra internet vasitəsi ilə buradakı turizm şirkətlərindən biri ilə əlaqə saxlayıb və Azərbaycanda tur üçün həmin şirkətin hesabına 40 min dirhəm yəni, 19 min manata yaxın pul keçirib. Lakin təyyarədən Bakıya düşən ərəbi nə qarşılayan olub, nə də xidmət edən... Burada taksi xidmətlərin yüksək qiymətlərlə fəaliyyət göstərməsini də xüsusi vurğulamaq yerinə düşər. Onların göstərdiyi xidmət müqabilində artıqlamasilə "xeyir” götürməsi heç kəsə sirr deyil. Problemə isə nə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, nə Mədəniyyət və Turizm Nazirliyi, nə də "AZAL” əncam çəkmir.

Bu yay Azərbaycana gələn turistlər arasında ilk yeri ərəb ölkələrindən, sonra isə Rusiyadan olan turistlər tutub. Bu ilin ötən dövründə Azərbaycana ərəb ölkələrindən səfər edənlərin sayında böyük artım nəzərə çarpır. Azərbaycan Turizm Assosiasiyasının məlumatına görə sentyabrdan Bakıdan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə, oktyabrdan isə Taylandın Banqkok şəhərinə birbaşa uçuşlar olacaq. Bu da həmin ölkələrdən Azərbaycana səfər edən turistlərin sayının artmasına təsir göstərəcək. Bu istiqamətlər üzrə uçuşların daimi olacağı da açıqlanıb. Hazırda Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən Azərbaycana birbaşa uçuşlar var.
Qeyd edək ki, bu ilin birinci yarısında Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 491 nəfərlə (17 faiz artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4 faiz artım), İran (180 103 nəfər, 89 faiz artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338 faiz artım), Ukrayna (27 342 nəfər, 14 faiz artım) və İraq (19 355 nəfər, 75 faiz artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olub. Bu dövrdə Türkiyədən Azərbaycana 138 692 nəfər gəlib ki, bu da ötən illə müqayisədə 7,6 faiz azalma deməkdir.

2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin ilk yarısında ölkəmizə Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanı - 6, Qətər - 5, Mərakeş - 5, BƏƏ - 4,4, Pakistan - 3,5, Əlcəzair - 3,5, İordaniya - 2,2, Türkmənistan - 2 və İraqdan təxminən 1,5 dəfə çox turist gəlib. Regionlar üzrə isə MDB ölkələri (12 faiz), Avropa İttifaqı ölkələri (13 faiz) İran Körfəzi və Yaxın Şərq ölkələri (117 faiz), Asiya ölkələri (64,4 faiz), Afrika ölkələri (72 faiz), Amerika və Avstraliyadan (22,8 faiz) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş verib.

"Məmur sahibkar olanda monopoliya yaranır”

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, ölkəyə turistlərin cəlb olunması və turizmin inkişaf üçün ilk növbədə şəffaflıq olmalıdır: "Bütün xidmət sahələrində qaranlıq məqam qalmamalıdır. Məsələn, taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin və ya fərdi şəxslərin avtomobilində sayğac olmalıdır. Turist getdiyi yolun qarşılığında pulunu ödəyib çek almalıdır. Əgər turizmi inkişaf etdirmək istəyiriksə, turist cəlb etdiyimiz regionları dəqiq seçməli və onların tələbatına cavab verən infrastruktur qurmalıyıq. Digər tərəfdən, turizm xidmətlərilə məşğul olan şirkətlər var ki, onlar monopoliyadan uzaq olmalıdır. Rəqabət olmasa, neqativ halların qarşısını almaq üçün nə qədər inzibati tədbirlər görsək də, yetməyəcək. Bu gün turizm obyektində çalışan sahibkara demək olmaz ki, niyə mehmanxananı turistə baha verirsən, niyə kababı azərbaycanlıya 5, turistə 12 manata satırsan? Bazar iqtisadiyyatı modelində bunu demək mümkün deyil. Problemdən çıxmağın bir real yol var, o da azad rəqabət yaradılmasıdır.

Turizmlə məşğul olan sahibkar öz müştərisini itirməkdən qorxmalıdır. Azad rəqabət mühiti yaranmayana qədər qeyri-müəyyən vəziyyət davam edəcək. Dövlət sahibkara açıq şəkildə deyə bilmir ki, qiymətləri endirsin. Bu, inzibati tədbir sayılır. Əvvəllər İqtisad Universitetində qiymətin əmələgəlmə kafedrası var idi. Azərbaycan bazar iqtisadiyyatı modelinə keçəndən sonra o kafedra ləğv olundu. Kafedranın müdiri Xanhüseyn Kazımlı da işsiz qalıb partiya açdı. Bazar iqtisadiyyatı modelindən qiymət məsələsi diktə olunmamalıdır.

Sahibkar qiymətqoymadan azad olmalıdır. Azərbaycanda azad rəqabət olmadığına görə dövlət nə qərar verir-versin, artıq o möhtəkirliyə, əyintilərə qarşı açıq mübarizə apara bilmir. Buna görə də görülən tədbirlər turizmin inkişafına o qədər də müsbət təsir göstərmir. Bazar iqtisadiyyatında azad rəqabət yoxdursa, heç bir inkişafa nail olmaq mümkün deyil. Mütləq monopoliyaya son qoyulmalıdır. Mütləq məmurları seçim qarşısında qoymaq lazımdır ki, ya məmur olsun, ya sahibkar. Məmur sahibkar olanda monopoliya yaranır. Təəssüf ki, turizmdə monpolistlərin çoxu məmurlardır”.

Yeganə Oqtayqızı