Yuxarı

"Onun açdığı yol, cığır indiki gənclərimizə bir örnəkdir”

Nə veribdi tövbə mənə?!

Tövbə etmək tövbə mənə.

Gəlib çatıb növbə mənə

Mənnən birgə ölən gəlsin…

Doğulandan ta bu günə qədər ölüm növbəsinə dayanan və sağ ikən özünə vida türküsü yazan Rüstəm Behrudinin bu gün doğum günüdür.

Ruhunun neçə yaşı olduğunu deyə bilmərik, amma cisminin dünyaya gəldiyi gündən düz 60 il ötür.

İblisə bənzəməsə də, həmişə iblisə təriflər yağdırır, "İblis mələkdən gözəldir” deyir, dar ağacı ilə salamlaşmaqdan həzz alır, əcəllə oynamaqdan yorulmur. Çünki əcəllə ölməyəcəyini gözəl bilir.

Bilməsəydi, deməzdi ki:

Yolumu gözlədin hər səhər-axşam,

Salam, Dar ağacı!

Əleyküm-salam.

Əcəllə ölməyə doğulmamışam,

Salam, Dar ağacı!

Əleyküm-salam.

Bilirəm ki, Rüstəm Behrudi zamana və məkana sığışmayan, Vaqif Bayatlının təbirincə desək, Tanrının ətəklərində özünə məskən salan, bu dünyanın yolçuluğundan yorulmayan dərviş ruhlu şairlərdəndir. Biz deyirik ki, onun 60 yaşı tamam olur, amma onun doğuluşdan ta bu günə qədər Tanrıya doğru uzanan yolçuluğundan neçə il ötür, bunu bir özü bilir, bir Allahı…

Bu gün 30 ildən çoxdur ki, təklikdən, tənhalıqdan yazan, özünü milyonların içində yalqız hiss etdiyini bəyan edən şairi doğum günü münasibətilə qələm dostları da təbrik edir:

Sabir Rüstəmxanlı: "Rüstəm şeirlərinin, publisistikasının milli ruhu, yüksək poetik ovqatı və üsyankarlığı ilə oxucuların sevgisini qazanıb”

"38 il bundan öncə Naxçıvandan gəlmiş 22 yaşlı Rüstəm Behrudi, əlində bir dəstə şeir, "Yazıçı” nəşriyyatında mənim qapımı döymüşdü, şeirləri haqda rəyimi öyrənmək istəmişdi. Oxudugum ilk şeirindən onun şəksiz və parlaq istedadını, sözünün kəsərini, ruhunun mənə doğmalıgını, düşüncələrinin genişliyini hiss etmiş və ona xeyir-dua vermişdim. Tezliklə Rüstəm köçüb Bakıya gəldi, iş yoldaşım oldu, yaxın dostuma, sirdaşıma, mübarizə yoldaşıma çevrildi. Qardaşlarımla da dostlaşdı, Yardımlıdakı ocağımıza getdi, bu ocaqda həmişə qonaq kimi yox, övladlardan biri kimi qarşılandı. İndi Rüstəm Behrudinin şöhrəti Azərbaycanın sərhədlətini adlayıb, şeirlərinin, publisistikasının milli ruhu, yüksək poetik ovqatı və üsyankarlığı ilə oxucuların sevgisini qazanıb, görkəmli qələm sahibi, böyük sözün və böyük türk ruhunun daşıyıcısıdır, milli-mənəvi varlığımızın keşiyində dayanan əsgərlərdən biridir”

Rəşad Məcid: "Onun şeirləri bütün türk dünyasında məşhurdur”

"Rüstəm Behrudi bizim gözəl şairimizdir. Mənim yaxın dostumdur. Onun artıq klassikaya çevrilmiş, dillər əzbəri olan "Salam, dara ağacı” və türkçülüklə bağlı şeirləri bütün Türk dünyasında məşhurdur. Mən Rüstəm Behrudini 60 yaşı münasibətilə təbrik edirəm. Amma Rüstəm ruhca cavandır, gəncdir. Ona həmişə bizi gözəl şeirlərlə sevindirməyi arzulayıram”.

Qəşəm Nəcəfzadə: "Onun açdığı yol, cığır indiki gənclərimizə bir örnəkdir”

"Rüstəm Behrudini 80-ci illərdən tanıyıram. Daha doğrusu o, Naxçıvan Dövlət Universitetində, mən isə Gəncə Dövlət Universitetində tələbə idim. Bizim əlaqələrimiz var idi, məktublaşırdıq. Sonra iş elə gətirdi ki o, Bakıda "Nəşriyyat”da yazıçı-redaktor kimi çalışmağa başladı. Mən də kənddə müəllim idim. Sonra biz mütəmadi olaraq görüşdük. Bir-birimizə poçt vasitəsilə yeni şeirlərimizi göndərirdik. Şeirlərimiz haqqında fikirlər deyirdik. Sonra mən kənddə müəllim işlədiyim dövrlərdə Rüstəmin kitabları çıxdı. Sonra dövri mətbuatda çap olunan şeirlərini də poçt vasitəsilə mənə göndərirdi. Əlyazmalarını oxuyurdum, həmin əlyazamlar məndə indi də durur. Sonra müstəqillik illəri, Azərbaycanda milli azadlıq hərəkatının başlanması və Rüstəm Behrudinin tükçülük, Turan ruhu elə bil bizim azadlıq hərəkatımızla qovuşdu. Onun şeirlərinə milli düşüncə, milli şüur, turançılıq, türkçülük iddiaları daha da alovlandı. Ümumiyyətlə, 20-ci əsrin sonlarında ictimai fikir tariximizdə Rüstəm Behrudinin yeri var. O, böyük bir Türk, Turan şairidir. Müstəqillik dövrümüzün ədəbiyyatının yaranmasında onun xidmətləri əvəzsizdir. Onun açdığı yol, cığır indiki gənclərimizə bir örnəkdir. Rüstəm bu yolu açıb və 60 illik yubileyidir. Onu təbrik edirəm. Onun "Salam, dar ağacı” şeirində Rüstəm tək özünü ifadə etmir. Azərbaycan azadlıq hərəkatını, onun mücadilələrini, tarixini simalarını tərənnüm edir ki, dar ağacı onların başının üstündə olub. Biz də bundan heç bir zaman çəkinməmişik, qələbə qazanmışıq. Bu mənada Rüstəm Behrudi Azərbaycan ədəbiyyatında yeni bir mərhələdir, dövrdür. Mən gözəl şairimizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.

Və sonda...

"Mən elə adamam böyük dərdlərin, çəkilə biləsi acısı olmur,

Mənim tək şairin Rüstəm tək qardaşı, atası-anası olmur...”, – deyə söyləyən şairə, "Doğum gününüz mübarək olsun, Rüstəm Behrudi!” - deyirik...

P.S. Cebhe.info xəbər portalı və "Cümhuriyət" qəzeti olaraq, biz də Rüstəm Behrudini təbrik edirik! 

Aytən






Həftənin ən çox oxunanları