Yuxarı

Yaşlı müəllimlərə "yaşıl işıq”

Yaşlı müəllimlərə

Müəllimlərin pensiyaya çıxmaq üçün müəyyən edilmiş yaş həddi ləğv olunur. Bununla əlaqədar Əmək Məcəlləsində dəyişiklik edilməsi nəzərdə tutulur. 

Bu məsələ oktyabrın 31-də keçiriləcək Milli Məclisin iclasında müzakirə ediləcək. Əmək Məcəlləsinin 4-cü maddəsinə (bu Məcəllənin tətbiq edildiyi iş yerləri) edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.

Həmçinin, 65-ci maddəyə (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) edilən dəyişikliyə görə, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

Maraqlıdır, müəllimlərə qarşı xüsusi münasibətin kökündə nə dayanır?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov "Cümhuriyət” qəzetinə bildirib ki, buna səbəb müəllimlərin bilik və bacarıqlarının 65 yaşdan sonra da itməməsidir: "Onlar daha təcrübəli və peşəkar olurlar. Fiziki güc tələb edən işlərlə müqayisədə müəllimlik daha çox təcrübəyə əsaslanan fəaliyyət növüdür. Vacib bir məsələni də qeyd edim ki, Əmək Məcəlləsinin müvafiq maddələrinə görə işçi 65 yaşına çatan kimi işdən azad edilmir. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin işləmə müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar da var. Amma bu çox şəxsə şamil edilmirdi. Halbuki, yaşı 65 olan kifayət qədər müəllim hələ də əmək qabiliyyətinə malik olduğu halda onun müqaviləsinə xitam verilirdi.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq olaraq  70 - ci maddəsinə görə  işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri də orta məktəblərdə 65 yaşa çatma idi. Amma bu təbii ki, bir qədər problemlər yaradırdı. Belə ki, uzun müddət peşəkarlıq səviyyəsini, ixtisasının (peşəsinin) kifayət dərəcədə olması üçün çalışan işçilərin hələ də işləmək imkanının olmasına baxmayaraq, onunla əmək münasibətlərinə xitam verilməsi yaxşı deyildi.  Çünki bu qədər əmək təcrübəsi olan insanların peşəkarlıq səviyyəsi, bacarıqları hələ çox faydalı ola bilər”. 

Ekspert qeyd edib ki, hal-hazırda Azərbaycanda 4500 orta məktəbdə çalışan 150 minə yaxın müəllim var ki, onlardan yaşı 65-dən çox olan müəllimlərin sayı maksimum 2  min nəfər təşkil edir: "Bu müəlimlərin sayının az olması və təcrübələrinin çoxluğu hələ də onların faydalı olduğunu deməyə əsas verir. Doğrudur,  yaşlı nəslin nümayəndələri texniki vasitələrdən istifadə etməkdə müəyyən qədər problemlər yaşayırlar, lakin onların peşəkar səviyyədə hazırlığı, təcrübələri istənilən texnologiyalardan da üstündür”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları