Yuxarı

Bakının Hollivuddan bahalı evləri

Bakının Hollivuddan bahalı evləri

Son vaxtlar ərəblər Azərbaycandan ev almağa üstünlük veriblər. Bunun da əsas səbəbi onların ölkələrində evlərin  Azərbaycanla müqayisədə iki dəfə baha olmasıdır. Əsaslandırmalara görə Azərbaycanın mənzil bazarında evin 1 kv.m-i 1000 dollardırsa, Bəhreyndə evin 1 kv.m-i 10 min dollar təşkil edir.  Amma fakt budur ki, son zamanlar  azərbaycanlıların getdikcə daha çox hissəsi əmlak almaq üçün Avropaya üstünlük verir. Çünki Avropada evlərin, mülklərin, hətta villaların qiymətləri Azərbaycandakı qiymətlərdən xeyli sərfəlidir. Hətta elə şəhərlər var ki, orada evlərin qiyməti 3  - 6 min avrodan başlayır. Rahatlığı və dəbdəbəliliyi ilə seçilən bu evlərdə həmçinin mebeller də arzuolunandır.

Azərbaycanlılar daha çox ev almaq üçün Türkiyəyə üz tutur. Artıq uzun illərdi ki, Azərbaycan vətəndaşları Türkiyədə daşınmaz əmlak alırlar.Ona görə ki, bu ölkədə evlər Azərbaycandan qat-qat ucuzdur.Antalyada birinci əl ikiotaqlı evlərin qiyməti 50 min avrodan başlayır. Azərbaycanlıların daha çox evaldıqları Bodrumda ikinci əl evlər isə 80 min avrodan başlayır. Bu qiymətə 3 otaqlı ikinci əl ev almaq olar. İstanbulda ikiotaqlı mənzillərin qiyməti 60-150 min dollar arasında dəyişir.Təbii ki, əraziyə görə qiymət dəyişir. Məsələn, İstanbulun Bəylikdüzü və Həsənyurt  bölgəsində ikiotaqlı mənzillərin qiyməti 60-68 min dollar arasında dəyişir. Sultanahmed rayonunda isə ikiotaqlı mənzillər 100-150 min dollara satılır.

Türkiyənin müxtəlif ərazilərində satılan mənzillər Azərbaycandakı mənzillərin qiymətindən daha sərfəlidir.Paytaxtımızda 120 minə elə də şəraiti olmayan, mərkəzdə yerləşməyən mənzildənsə, Bodrumda 80 minə təmirli, kupçalı, mebelli mənzil almaq daha sərfəli və uyğundur.

Bolqarıstan, Almaniya, İtaliya, Türkiyə, Kipr kimi məşhur ölkələrin çoxunda sərfəli mənzillərin qiyməti 30 min avrodan başlayır. Qaydalara əsasən, bu qiymətə kiçik bir otaqlı mənzil almaq mümkündür.Fransa və Böyük Britaniyada isə mənzillərin qiyməti bir neçə dəfə bahadır.Ən ucuz mənzillər Bolqarıstandadır. Burada 4000 avroya mənzil almaq mümkündür, lakin bu aldığınız ev turistik infrastrukturdan uzaq bir kənddə, təxminən 1960-cı illərdə tikilmiş bir ev olacaq. Keyfiyyətli mənzilin qiyməti isə nisbətən bahadır.Demək olar ki, belə evlərin qiyməti 25 min avro ilə 30 min avro arasında dəyişir.

Məsələn, Şimali Mayamidə villa və imarətlərin qiyməti 369 000, 499000, 579 000, 1249900 dollar arasında dəyişir.Hətta məşhur Hollivudda da bu qiymətə villa tapmaq olar.Hansı ki, həmin mülklər görünüşü, dəbdəbəliyi, özəlliyi və lüks şəraiti ilə dünya villaları içərisində xüsusilə, seçilir.Maraqlısı budur ki, qeyd olunan qiymətlərdə Bilgəh, Mərdəkan, Şüvəlan və Novxanı kimi ərazilərdə evlər təklif olunur ki, onların heç birində o rahatlıq yoxdur.

Ekspertlərin fikrincə, Azərbaycanın daşınmaz əmlak bazarında süni qiymət artımı gedir. Mənzillərə "od tutub yanan” qiymətlər qoyulur, hansı ki, həmin evlərdə lüks şəraitdən, dəbdəbəlilikdən, otaq sayından, hovuzu və məkan seçimindən belə söhbət gedə bilməz.  Evlərə qoyulan süni qiymət oyunu bir qrup inhisarçının əlindədir ki, illərdir bu oyunla davam edirlər və daşınmaz əmlak bazarını zəbt etməyə çalışırlar.

A.Amilqızı







Həftənin ən çox oxunanları