Yuxarı

Azərbaycanda xəstələr narkozdan ölür?

Azərbaycanda xəstələr narkozdan ölür?

Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən "Medera” klinikasında 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu əməliyyat vaxtı ölüb. Sol çiyin nahiyəsindən əməliyyat olunan 40 yaşlı kişinin halı birdən-birə daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının bildirdiyinə görə, A.Hümbətov yüngül əməliyyat zamanı həkim səhlənkarlığının qurbanı olub.

Cebhe.info baş verən hadisənin təfərrüatlarını öyrənmək üçün klinika ilə əlaqə saxlayıb. Özünü klinikanın direktoru kimi təqdim edən şəxs (adı-soyadıın deməyib -müəllif) yayılan məlumatın yanlış olduğunu bildirib: "Şənbə günü məlumatda adı qeyd olunan xəstənin qida zəhərlənməsindən, bu gün isə sol çiyin nahiyyəsindən əməliyyat zamanı öldüyü bildirilib. Bu, yanlış məlumatdır. Klinikada ölüm halı qeydə alınmayıb”. 

Xatırladaq ki, Binəqədi rayon Prokurorluğu ölüm faktını təsdiqləyib. 

Qeyd edək ki, bu, son 16 gündə əməliyyat zamanı və ya sonra 3-cü ölüm hadisəsidir. 

Onlardan biri 30 noyabr tarixində "Grand Hospital”da qeydə alınıb. 20 yaşlı Ayşən Mirzəyeva göz damarlarından əməliyyat zamanı dünyasını dəyişib. Digər hadisə isə Şamaxı rayon Mərkəzi Xəstəxanasında baş verib. Orta yaşlı qadın öd kisəsindən əməliyyat olunarkən dünyasını dəyişib. Dekabrın 16-da "Medera” klinikasında baş verən hadisə məsələni yenidən gündəmə gətirib. 

Ölüm faktlarınn əməliyyat zamanı qeydə alınmasının səbəblərindən danışılarkən xəstələrə vurulan narkozun tərkibi ilə bağlı narahatlıqlar da gündəmə gəlir. 


 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Cebhe.info-ya açıqlamasında bu ehtimalları dəyərləndirib: "Baş verən hadisələrin səbəbləri araşdırılmadan fikir söyləmək düzgün deyil. Bundan başqa baş verən bu hadisələr gün, ay ərzində olan əməliyyatların 1 faizini belə təşkil etmir. Ölkəyə gətirilən anestezilər hər yerdə istifadə edilir. Baş verən hadisələrdə narkozun tərkibinin rol oynaması ilə bağlı fikirləri bu səbəbdən də qəbul etmirəm. Hələlik baş verən hadisə ilə əlaqədar bizə müraciət daxil olmayıb”. 

Maraqlıdır, əməliyyatlar zamanı baş verən ölüm hallarının səbəbləri nədir? 

Respublikanın baş cərrahı Hacıqulu Bağırov Cebhe.info-ya açıqlamasında bu haqda danışsa da, sualımızı konkret cavablandırmayıb: "Sual çox qlobaldır. Hər bir hadisə konkret olaraq araşdırılır. Konkret olaraq deyə bilmərik ki, bütün ölüm halları yalnız bir səbəbdən baş verib. Bu, düzgün səslənmir. Belə düşünürəm ki, baş verən konkret hadisələrin də müxtəlif səbəbləri olub”. 

H.Bağırovdan bu il ərzində baş verən hadisələrin konkret səbəbləri haqda danışmağı istəsək də, həmsöhbətimiz bu dəfə də konkret olaraq baş verən hadisələrin araşdırılan nəticələrini açıqlamayıb: "İnsanlar həkimə gec müraciət edir. Bu zaman müxtəlif proseslər inkişaf etmiş olur. Orqanizm sıradan çıxır. Bütün bu hadisələrin fonunda da xəstəni həyata qaytarmaq mümkünsüz olur. Müştərək travmalar, yanaşı gedən xəstəliklər səbəbindən bəzən xəstəni itirməli oluruq. Bir qrup xəstələrdə qan-damar sistemindəki problemlər önə çıxır. Bu cür faktorlar həddindən artıq çoxdur ". 

"Əməliyyatdan öncə bu faktorlar yoxlanılmırmı? Yəni, etiraf etmək olarmı ki, bu gün həkimlər xəstələri əməliyyatdan öncə lazımı müayinələrdən keçirmir?” sualına cavabında H.Bağırov bildirib ki, bu gün damar əməliyyatları Azərbaycanla yanaşı bütün dünyada da yüksək səviyyədə reallaşdırılır: "Lakin damardakı qanın xemizmi, tərkibi haqda dünyada kifayət qədər məlumat yoxdur. Əməliyyatdan öncə müxtəlif problemlər araşdırılsa da, xəstə travmoemfaliyadan dünyasını dəyişir. Yoxlanılmamış heç bir xəstə əməliyyata salınmır”. 

H.Bağırov həmçinin növbəti  hadisəylə bağlı bildirib ki, adi əməliyyat zamanı anestezioloji problemlər, fon xəstəliklər də araşdırılmalıdır. 

Nigar Məhərrəm 





Həftənin ən çox oxunanları