Yuxarı

Dini ekstremizm təhlükəsi və onun fəsadları

Dini ekstremizm təhlükəsi və onun fəsadları

İrandan gələn "axın” və toqquşan maraqlara qarşı mübarizə

Azərbaycanda radikalizmin ən təhlükəli qollarından biri də dini radikalizmdir. Bunun fəsadının öncədən hiss edilməsi və qarşısının alınması sabit cəmiyyət, müxtəlif dini inancların dinc yanaşı yaşaması, tolerantlığın qorunması baxımından çox böyük əhəmiyyət daşıyır. Azərbaycan tarixən müxtəlif radikal dini-ideoloji cərəyanların "at oynatdığı” məkan olmayıb. Əksinə, dinc yanaşı yaşamanın, müxtəlif mədəniyyətlərin, dini inancların bir müstəvidə cəmləşdiyi tolerantlıq mərkəzlərindən biri olub. Lakin son illər süni problem yaratmaq istəyən qüvvələr peyda olub və bu qüvvələr müxtəlif formalarda ölkənin "içlərinə” doğru yeriməyə çalışıb.  Xüsusən də müstəqillik illərindən sonra bu aktivlik artan xətt üzrə inkişaf edib.

Təhlükə haradan gəlir?

Sovetlər dönəmində əksər dini ayinlər və müqəddəs ibadətgahlara ziyarətlər qadağan olunmuşdu. İbadətgahların bəzilərindən digər sosial məqsədlər üçün istifadə edilirdi. Müstəqilliyin ilk illərindən etibarən dini inaclı əhalinin bu problemləri aradan qalxdı. Müqəddəs yerlər öz əvvəlki vəziyyətinə qaytarıldı, insanlar dini inanclarına söykənərək, ibadətlərini məscidlərdə, digər din daşıyıcıları isə kilsə və sinaqoqlarda həyata keçirə bildilər. Bütünlükdə ölkə əhalisi doğal dini hüquqlarından istifadə etməyə başladı. Ancaq tam və rahat yaşamaq imkanımız olduğu halda, maraqlı qüvvələr dini sabitliyin pozulması üçün müxtəif proqramlarla ölkəmizə ayaq açdılar. Məcburi şəkildə bu "hücumlar” qarşısında qaldıq. Nəticədə ölkəmizə müxtəlif radikal dini-ideoloji cərəyanların axını gücləndi. Hazırda Azərbaycanda öz dini-ideoloji sistemini qurmaq istəyən gücləri belə sistemləşdirmək olar:

  • İran tərəfindən ixrac olunan radikal şiəçilik;
  • Səudiyyə Ərəbistanı tərəfindən xirac olunan vəhabilik və onun müxtəlif qolları;
  • Türkiyədən ixrac olunan "nurçuluq”;
  • Çoxunun Adnan Oktar kimi tanıdığı, hazırda ölkəmizdə geniş təbliğ olunan Harun Yəhyaçılıq.

Təbii ki, bunlar islam ölkələrindən ixrac olunan cərəyanlardır. Bununla yanaşı, xristian dünyasından müxtəlif adlar altında cərəyanlar ölkəmizə "ixrac” edilməyə başlayıb. Müxtəlif dövrlərdə bu cərəyanlar o qədər böyüdü ki, açıq təbliğat imkanlarına da sahib oldular. Lakin dövlətin və ictimaiyyətin təzyiqləri nəticəsində bu cərəyanlar sıxışdırılıb cəmiyyətə təsir rıçaqlarından məhrum edilib. Buna tarixi, milli, dini ənənələrimizin qorunması baxımından sevinmək lazımdır. Əgər bu cərəyanların qarşısı vaxtında alınmasaydı, böyük problemlə qarşılaşa bilərdik və bu, dini zəmində ciddi fəsadlar törədərdi. Bu təriqətlər hazırda ciddi təhlükə yaratmasa da, islam pərdəsinə bürünmüş dini-ideoloji radikalizm təhlükəsi tam dəf olunmaıyb.

Radikalların diqqəti hansı mərkəzlərə yönəlir?

Cənub qonşumuz olan İranın Azərbaycanda daim öz maraqları və bu maraqları açıq, yaxud gizli şəkildə həyata keçirməklə bağlı müxtəlif planları da hər zaman olub.  Ona görə də öz ideologiyasını gücləndirmək, siyasiləşmiş islamın təsirini artırmaq üçün bütün qüvvəsini səfərbər edib. Radikal şiəçilik ideoloqları bunun üçün münbit şərait olan Bakı və onun kəndləri, Mərkəzi Qərb (xüsusən Gəncə), bəzən Cənub bölgəsində öz təsir dairələrini artırmağa çalışıblar. Bəzi hallarda buna nail olduqlarını da qeyd etmək lazımdır. Kərbəla hadisələri və Həzrəti İmam Hüseynin qətlnin törədildiyi Məhərrəm ayının Aşura günündə müxəlif üsullarla qarşıdurmalar yaradılmasına cəhd edilib. Məqsəd Aşuranın qeyd olunmasına icazə verilmədiyi görüntüsünü yaratmaq olub. Halbuki, istər paytaxt Bakıda, istərsə də regionlarda Aşura sərbəst şəkildə qeyd olunur, İmam Hüseynə təziyə saxlanılır. Bu mərasimə heç bir qadağa yoxdur. Azərbaycan əhalisinin böyük əksəriyyəti şiə məzhəbinin daşıyıcısı olduğundan dövlət də, əhali özü də bu mərasimə xüsusi diqqət və hörmətlə yanaşır. Belə olduğu halda qarşıdurma cəhdləri nə üçündür? Aydındır ki, bu, xüsusi hazırlanmış qrupların planlarıdır və kənar qüvvələrin, İranın müxtəlif dini təşkilatlarının nəzarəti altında icra edilir. Həmin qruplara daxil olanlar da siyasiləmiş şəxslərdir. Sadəcə, dini inanclardan sui-istifadə etmək, adamların dini hislərindən yararlanaraq siyasi qarşıdurmaların yaradılmasında maraqlı olan qüvvələrdir. Gəncədə dəfələrlə Aşura günü polislərlə baş verən insidentlər bunun nümunəsidir.

Amma bu problemin ən ağır formasına  Bakının Nardaran kəndində şahid olmuşuq. Çox da uzaq olmayan keçmişdə kəndin ortasında İran dövlətinin bayrağı asılırdı. Kənd bir növ İranın təsir gücünə çevilmişdi. 2015-cı ilin sonunda Taleh Bağırzadənin iştirakı ilə  Nardaran hadisələri zamanı dini radikalizmin ən ciddi nümunələrindən biri ilə bütün cəmiyyət üzləşdi. Formalaşdırılmış bir qrup xarici ölkələrin təsiri ilə, xüsusən İranın dini-ideoloji mövqeyini rəhbər tutaraq, öz baxışlarının diktə etmək istədi. Taleh Bağırzadənin rəhbərliyi ilə silahlı müqavimət belə göstərməkdən çəkinmədilər.

Eyni zamanda vəhabizm də təhlükə mənbələrindən biridir. Azərbaycan üçün ənənəvi olmayan cərəyanın müxtəlif ərəb ölkələrindən "ixrac” olunması ilə bu problem cəmiyyətdə öz aktuallığını saxlayır. Vəhabizmin daha rahat yayılması üçün bu radikal cərəyanın nümayəndələri daha çox ölkənin Şimal və Şimal-Qərb bölgəsində fəallıqları ilə seçilirlər. Son illər bir neçə xüsusi əməliyyat keçirilib və radikallar hətta hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərməkdən çəkinməyiblər. Dəfələrlə bu hallar baş verib və radikal dindarlar zərərsizləşdirilib.

Azərbaycandan terrorçu İŞİD-ə qoşulanlar da əhalinin sayına görə heç də az deyil. 900-dək vətəndaşımız məhz bu təsirin nəticəsində İŞİD-ə qoşulub və terror qruplaşamasının tərkibində öz aləmində "cihadla cənnət” axtarıb. Ən acınacaqlısı budur ki, bu terror qruplaşmasına qoşulan azərbaycanlıların bəziləri təkcə özlərini deyil, həm də ailələrini aparıb bu radikal cərəyana, terroçu qrupa qoşmağa sövq edib, onları terroçuya çeviriblər. Hazırda onların bir çoxunun övladları, yəni azərbaycanlı uşaqlar İŞİD-dən azad olunmuş bölgələrdə kimsəsiz şəkildə İraq hökumətinin nəzarəti altındadır. Onların taleyi necə olacaq? Dövlət onlarla bağlı hansı qərarı qəbul etməlidir? Ən çox düşünülən sual budur.

Təbii ki, bu adamlar məlumdur və onlar ölkəyə döndükləri zaman qanun qarşısında cavab verəcəklər. Necə ki, bir qismi hazırda həbsdədir və ölkə qanunlarına görə cəzalandırılıblar. Digər bir mühüm məqam odur ki, radikal terror qruplaşmasına qoşulanların ölkədə müəyyən təsir dairəsi, əlaqələri də var və bu radikalizmin yayılmasına rəvac verə bilər.

Eləcə də digər radikal dini-ideoloji cərəyanlar da müəyyən qədər güclənmək istəyirlər. Fətullah Gülənin başçılıq etdiyi "nurçular”ın Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdindən sonra məlum qüvvənin Azərbaycanda da əsas dayaqları sarsıldı. Amma "dövlət içində dövlət” deyilən bir qrupu diqqətə almamaq olmaz.

Eyni zamanda Harun Yəhyanın davamçıları da dediyimiz kateqoriyaya daxildir və onlar da diqqətdə olmalıdır. Vətəndaş cəmiyyəti, müvafiq dövlət qurumları bunu nəzərə alsa, daha doğru olar.

Dini radikalizmin fəsadları və əsas məqsədi

Azərbaycan tarixən başqa dinlərə tolerant yanaşmış, dini radikalizmin çiçəkənməsi üçün heç bir münbit şərait olmayan ölkələrdən biridir. Əhalisinin böyük əsksəriyyətinin müsəlman olduğu ölkədə məscidlərlə yanaşı sinaqoq və kilsələr də daim açıq olub. Bu, çox ciddi dəyərdir.

Dini radikalizm bizim ölkədə təbii yolla  formalaşmayıb və formalaşmır. Bunu süni formada, kənar və xarici təsirlərin, qüvvələrin maraqları, təsir gücü ilə fomalaşdırmağa cəhd edilib. Yəni, dini radikalizmin "meydan sulaması”na şərait olmasa da, süni şəkildə bunu şişirtmək istəyənlər olub. Maraqları isə dini fəallıq və yaxud inanc deyil, siyasi maraqların din pərdəsi altında texnoloji tətbiqidir.  Radikallıq heç bir halda birbaşa inancla əlaqəli, yaxud inancın qorunmasına yox, fəaliyyət və davranış tərzinə xidmət edir. Ölkədə dini inanclarını sərbəst və azad surətdə yerinə yetirən əhali qrupundan fərqli olaraq, radikal cərəyan daşıyıcılarını maraqlandıran əsas məsələ və məqsəd dini fanatizm və qatı fundamentalist qruplar yaratmaqla, həmin qrupları siyasi maraqların daşıyıcısına çevirmək və məqamında onlardan öz maraqları üçün istifadə etməkdir. Onlar öz məqsəd, baxış və fikirlərini həyata keçirmək üçün müxtəlif qanunsuz aksiyalardan tutmuş fiziki və mənəvi təzyiqə qədər müxtəlif üsullardan istifadə edə bilərlər və edirlər. Cəmiyyət bunu aydın dərk edir.

Buna görə də son illər Azərbaycanda dini radikalizmə qarşı mübarizə məsələsi istər dövlət, istərsə də vətəndaş cəmiyyəti səviyyəsində tez-tez gündəmə gəlir. Təhlükəsizlik strukturlarının bu illər ərzində dəfələrlə apardığı əməliyyatlarda çox sayda dini radikalların zərərsizləşdirilməsi də göstərir ki, bu istiqamətdə ölkəmiz üçün real təhlükə elementləri hiss olunur və dövlətin radikalizmə qarşı mübarizəni gücləndirməsi təsadüfi deyil. Xüsusilə, bir qrup Azərbaycan vətəndaşının Yaxın Şərqdə gedən din pərdəli müharibələrdə iştirakı, "cihad” edən terror təşkilatlarının sıralarına qoşulması, hansısa bir dövlətin bayrağını kəndin mərkəzindən asmaq, bir nəfərin diktəsi ilə dövlət qurumlarına silahlı müqavimət göstərmək və ya o müqaviməti təşkil etmək, hansısa din xadiminin əlini öpmək və s. kimi  hadisələr o ehtimalı yaradır ki, dövlət ölkədə dini radikalizmin yayılmağa meyilli olmasından narahatdır.

Dini radikalizmlə mübarizədə AXCP-nin təklifi

Dini radikalizmə qarşı mübarizə Azərvbaycan müxalifətində təmsil olunan bir sıra siyasi partiyaların da gündəmindədir. Xüsusilə, Razi Nurullayevin başçılıq etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) verdiyi təkliflər uzun müddət müzakirə mövzusu olub.

Qeyd edək ki, AXCP sədri Razi Nurullayev xaricdə dini təhsilin qadağan edilməsi və islam məzhəblərinə ayrı-seçkilik qoyulmadan əcnəbi tələbələrin Azərbaycanda dini təhsil alması üçün Beynəlxalq İslam Universitetinin yaradılması təklifini irəli sürüb. Partiya sədrinin sözlərinə görə, dünyada fəaliyyətdə olan bəzi məkrli qüvvələr islam adı altında öz maraqlarını həyata keçirməyə can atırlar. Bu təsirlər ölkəmizdən də yan keçməyib, xaricdə dini təhsil almış və ya təsirə düşmüş, radikallaşmış, dinin əsl humanist mahiyyətindən uzaqlaşmış bəzi şəxslərin təbliğatı dindarlarımıza da mənfi mənada sirayət edib:

"Xaricdə dini təhsil almış şəxslər həmin ölkədə mövcud olan islam modelini əsl islam kimi qəbul edir və onu ölkəmizdə tətbiq etməyə çalışırlar ki, nəticədə öz milli mənəvi dəyərlərimizə müxalif, xalqımız üçün xarakterik olmayan əcaib və xurafi "inanc"lar ortaya çıxmış olur. Azərbaycan İslam dininin dünyəviliyi baxımından həsəd aparılacaq bir məkandır. Dünya da qəbul edir ki, Azərbaycan radikalizmin, dini ekstremizmin və məzhəb ayrı-seçkiliyinin yayıldığı bir məmləkət deyil. Bunun üçün də Azərbaycanda fəaliyyət göstərən Bakı İslam Universitetinin bazası əsasında Beynəlxalq İslam Universiteti yaradılması vacibdir. Multikultural dəyərlərimizin, dünyaya nümunə olacaq tolerantlıq şəraitində təhsil almış tələbələrin vasitəsilə əsl ənənəvi İslam modelinin dünyaya təqdim olunmasını təmin edə bilərik. 5-6 minlik tələbə heyətinin təhsil ala biləcəyi bir universitetə lüzum var ki, xaricdə dini təhsilin qarşısı alınsın. Xaricdə dini təhsil alanlar bəzi vaxtlarda həmin ölkələrin kəşfiyyat orqanlarına cəlb edilir və ya təsir altına salınaraq ölkəmizdə öz maraqlarını həyata keçirmək üçün istifadə edilir. Bu baxımdan da xaricdə dini təhsil almaq birmənalı şəkildə qadağan edilməlidir”.

Dini radikalizmlə mübarizənin aktuallığı

Mütəxəssilər və ekspertlər də dini radikalizmin fəsadlarından narahatdır. Onların düşüncəsinə görə, bütün dünyada dini radikalizmlə mübarizə aktualdır və diqqət mərkəzindədir. Bu sahədə qanuni mübarizə, yəni qanunvericiliklə müəyyən olunmuş formada mübarizə ilə yanaşı maarifləndirmə də aparılmalıdır. Xüsusən gənclərin asudə vaxtının təşkili, onların sərbəst vaxtlarını keçirməsi üçün müvafiq proqramların tətbiqi zəruridir. Eyni zamanda müəyyən yaş həddində olan digər əhali kateqoriyası ilə xüsusi qaydada iş aparmaq vacibdir. Nəzərə alamaq lazımdır ki, dini radikalizm o zaman geniş yayılır ki, onun maraqlarına xidmət edən müstəvi olur. Bunun üçün daha çox ictimai fəaliyyət üçün daha geniş imkanlar yaradılarsa, dini radikalizmlə mübarizədə effektiv mübarizə üsulu tətbiq edilmiş sayıla bilər.

Dünyanın siyasət mərkəzləri, müxtəlif institut və universitetləri dini radikalizmin qarşısının alınması yönündə çalışır. Cəmiyyətlərdəki təhsil problemləri, bəzən sosial ədalətsizlik, işsizlik, yoxsulluq kimi halların gənclərin və digər qrup insanların daha tez təsir altına düşməsinin əsas səbəbləri kimi göstərilir. Bu hallardan bəhrələnən dini-siyasi- ideoloji mərkəzlər, radikal qruplar həmin müstəvidə özü üçün imtiyaz qazanır, həmin boşluğu doldurur və istəklərini reallaşdırır. Bu səbəbləri önləmək üçün ciddi konseptual proqramlar hazırlanarsa, dini və ekstremist radikalizm bəlasının önləmək mümkündür.

Buna görə də hesab etmək olar ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti arasında dini ekstremizmə qarşı mübarizənin 2018-ci il ərzində də davam etdirilməsi məqsədilə Tədbirlər Planının imzalanması çox mühüm məqamdır.  

Ümid etmək olar ki, bu sənəd kompleks tədbirləri əhatə edəcək və maarifləndirmə işinin əsas ağırlığını üzərinə götürə biləcək. Amma vətəndaş cəmiyyətinin də bu sahədə görülən işlərə cəlb olunması mühüm amildir.

"Cümhuriyət” Analitik Qrupu





Həftənin ən çox oxunanları