Yuxarı

Onlar necə cəzalandırılmalıdır? - "Polis özünün qanunla nəzərdə tutulan funksiyalarının icraçısına çevrilməlidir"

Onlar necə cəzalandırılmalıdır? -

Onlar necə cəzalandırılmalıdır? - "Polis özünün qanunla nəzərdə tutulan funksiyalarının icraçısına çevrilməlidir"

Son günlər Azərbaycan polisləri ilə vətəndaşlar arasında bəzi xoşagəlməz hallar yaşanır.

İki günlük sərt karantin rejimində Yasamal rayonunda bina sakinlərinin polis əməkdaşlarına zibil atması və keçirilən əməliyyatdakı bəzi görüntülər sosial şəbəkələrdə birmanalı qarşılanmadı. Polis əməkdaşlarından birinin vətəndaşa qarşı "Sən də, ərin də dovşandır” ifadəsini işlətməsi isə ciddi narazılığa səbəb oldu.

Daxili İşlər Nazirliyi həmin olayla bağlı polis şöbəsinin qadından üzr istədiyini, polis əməkdaşının isə işindən və sistemdən uzaqlaşdırıldığını bildirdi.

Bu günlərdə isə Masallı rayonunda daha bir xoşagəlməz hadisə baş verdi. Hadisənin videogörüntüsü sosial şəbəkədə yayıldı və etiraza səbəb olub. Videoada Masallı YPX-nin komandiri, baş leytenant Ariz İsmayılov və digər polis əməkdaşlarının iştirakı ilə sürücünün döyüldüyü görünür. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) sosial şəbəkələrdə polis əməkdaşlarının sürücünü döyməsi ilə bağlı yayılan videogörüntüyə münasibət bildirdi. BDYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev qeyd etdi ki, videogörüntü idarədə araşdırılıb:

"Həmin şəxs traktor sürücüsü olub. O, polisə tabe olmayıb, saxlanılandan sonra da sənəd təqdim etməyib. Həmin şəxs daha sonra polisə müqavimət göstərib. Düzdür, bizim əməkdaşlar tərəfindən də qanunsuz hərəkətlərə yol verilib. Sürücüyə qarşı sərt tədbirlər gördükləri üçün həmin polis əməkdaşları haqqında da intizam tənbehi tədbiri görülüb”.

Amma sözügedən videodakı polis əməkdaşları vəzifədən kənarlaşdırılmayıb. Yəni ortada ciddi cəza yoxdur.

Halbuki bu cür hallar insanlarda polisə etibarsızlıq yaradır.

Ağ Partiyanın sədri Tural Abbaslı Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan və bütün postsovet ölkələrində polis-vətəndaş anlaşmazlığı və qarşıdurması problemi var:

"Çünki bu ölkələrdə polis uzun illər haqqın, ədalətin, qanunun deyil, sovet rejiminin müdafiəsində durub. Bunun üçün də vətəndaşlarla normal ünsiyyət sistemi formalaşmayıb. Təəssüflə qeyd etməliyik ki, Sovet İttifaqı dağıldıqdan sonra belə bəzi ölkələrin idarə mexanizmi və idarəçilik fəlsəfəsi sovet idarə metodundan heç nə ilə fərqlənmədi. Eləcə də iqtidarların polisə və polisin də xalqa münasibəti dəyişməz qalıb. Odur ki, polislə vətəndaşlar arasında xoşagəlməz insidentlər yaşanır. Hələ nəzərə alsaq ki, polis sistemində kifayət qədər sovet dönəminin psixologiyasında olan iri çinli polislər var, o zaman məsələ daha da aydın olur. Əgər polisin fəaliyyətinin normallaşdırmaq istəyiriksə, DİN sisteminə mübasibət və yanaşma dəyişməlidir. Polis qanunların və sabitliyin keşikçisi olmalıdır. Son zamanlar zəif də olsa polisdə hansısa islahatların aparılması cəhdləri sezilir. Ancaq polis sistemində dəyişikliklər davam etməli, islahatlar başlamalıdır. Polis özünün qanunla nəzərdə tutulan funksiyalarının icraçısına çevrilməlidir. Bunun alternativi yoxdur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev isə bildirib ki, son baş verənlər cəmiyyətdə etirazla qarşılanıb:

"Dünən Masallıda baş verən hadisəni anlamaq üçün çox da ağıllı olmağa gərək yoxdur. Bütün bu baş verənlər, bütün bu rəzalət düşünülmüş, planlanmış təxribatdır. Bunu edənlər bu günə kimi hər yolla islahatlara mane olmaq istəyənlərdir və hakimiyyətin öz içindədirlər. Heç Dağıstanda vətəndaşlarımıza qarşı polisin bütün beynəlxalq qanunlara zidd davranışını, insanlarımızın Rusiya polisi tərəfindən döyülməsini, təhqir edilməsini də təsadüf hesab etmirəm. Hesab edirəm ki, həmin hadisə də sadaladığımız hadisələrlə əlaqəlidir, ümumi zəncirin bir halqasıdır. "Cümhuriyət” qəzetinin Baş redaktoru Rəfail Becanovun bu barədə bir yazısını oxudum. Orada çox incə nüansa toxunub və "5-ci kolonun” adını çəkir. Bəli, ardıcıllığa baxın, Yeni Yasamalda vətəndaşa qarşı polis qanunsuzluğu, kobudluğu, ardınca Dağıstanda vətəndaşa qarşı polis kobudluğu, qanunsuzluğu. Hər iki hadisə də videoya çəkilir və ictimailəşdirilir. İllərdir müxalifyönlü, müxalif ruhlu insanam, bu hökuməti ən sərt şəkildə tənqid etmişəm. Amma bu, o demək deyil ki, mən bu gün ölkəmizin dövlətçiliyinə qarşı yönəlmiş hansısa xarici gücün "kuklası” olacağam. Demək istədiyim odur ki, bu gün birlik günüdür, müxalifətindən, iqtidarından, radikalından, liberalından asılı olmayaraq. Bir yandan pandemiya, bir yandan ölkəmizə, dövlətçiliyimizə qarşı planlanan qara niyyətlər. Bu gün umu-küsü bir yana qoyulmalı, hər birimiz xalqın, dövlətçiliyin yanında yer almalıyıq, bir olmalıyıq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları