Yuxarı

Əsmayə Cavadova: "Ali Baş Komandana və rəşadətli ordumuza qələbə hissini bizə yaşatdığına görə təşəkkür edirəm”

Əsmayə Cavadova:


Əsmayə Cavadova:
Erməni təxribatının qarşısını almaq üçün Azərbaycan ordusunun 27 sentyabrda başlatdığı əks-həmlə əməliyyatı nəticəsində işğal altındakı bəzi ərazilərimiz düşməndən azad edilib. Xalq-Prezident-Ordu həmrəyliyi, qələbə xəbərləri cəmiyyətdə yüksək əhval-ruhiyyə yaratdığı kimi, düşmənin döyüş meydanındakı məğlubiyyətinin acısını mülki vətəndaşlardan çıxmaq çəhdi, Gəncədə mülki vətəndaşların həlak olması ilə nəticələnən müharibə cinayəti terror dövləti olan Ermənistana qarşı nifrəti ən yüksək həddə çatdırıb.

Müsahibimiz, "Vəfa” Ziyalı Qadınlar Birliyinin sədri, Əməkdar müəllim Əsmayə Cavadova da söhbətə ölkəmizdə 27 sentyabrdan etibarən erməni təxribatına qarşı başlayan əks-həmlə əməliyyatlarında Cəbrayıl, Hadrut, Suqovuşan, Fizulu kimi bölglərimizin işğaldan azad edilməsinin xalqımızda yaratdığı qələbə əhval-ruhiyyəsi ilə başlayıb:

-Bu günlərə şahidlik etmək təkcə qələbə xəbərlərini bir-birinin ardınca eşitmək deyil, həm də bütöv bir tarixi yaşamaqdır. Nə xoşbəxtik ki, bizim taleyimizə də bu qələbə dolu günləri, torpaqlarımızın işğaldan azad edildiyini gözümüzlə görmək yazılıb. Buna görə rəşadətli ordumuza, cənab Ali Baş Komandan İlham Əliyevə öz adımdan, rəhbərlik etdiyim "Vəfa” Ziyalı Qadınlar Birliyi adından təşəkkür edirəm. Onlar bizi qalib analara, qalib xalqa çevirdilər. Bundan böyük xoşbəxtliyi təsəvvür etmək mümkün deyil. Döyüşlərdə şəhid olmuş bütün əsgər və zabitlərimizə, mülki vətəndaşlarımıza Allahdan rəhmət diləyirik. Onlar hər birimizin övladıdır. Uzun müddətdir ki, xalqımız bu qədər qələbə əhval-ruhiyyəsinə köklənməmişdi. Milli birlik, xalqın Ali Baş Komandana, ordumuza sonsuz inamı və dəstəyi digər torpaqlarımızın da yaxın zamanda işğaldan azad olunacağına böyük ümid yaradır. Hər qələbədən sonra deyilən "Qarabağ Azərbaycandır” sözlərini digər torpaqlarımız işğaldan azad olunduqca da söyləyəcəyik.

-Əsmayə xanım, qeyd etdyiniz kimi, milli ruh olduqca yüksəkdir, xalqın Prezidentə və ordumuza inamı sonsuzdur. Bu günlərdə hər kəs birlik nümayiş etdirir. Yəqin ki, sizin də rəhbəri olduğunuz təşkilat bu istiqamətdə müəyyən işlər görür.

- Təbii ki, biz də cəmiyyətin fəal ziyalı qadınları olaraq, bu prosesdən kənarda qala bilmərik. Bu barədə danışmaq bəlkə də lazım deyil, çünki biz də hər kəs kimi ordumuza, Ermənistanın təxribatı nəticəsində ziyan görən mülki vətəndaşlarımıza dəstək üçün əlimizdən gələn köməyi edirik. Bu prosesi davam etdirəcəyik, bölgələrə səfərlər də planımızda var. Əlbəttə, dövlət bütün ehtiyacları qarşılayır, ancaq vətəndaş dəstəyinin də vacib olduğunu düşünürəm. Bu, hər kəsin vahid mövqedən çıxış etdiyinin bariz nümunəsidir. Biz indi arxa cəbhədəyik, ön cəbhə hər an bizi yanında hiss etməlidir ki, qələbəmiz daha da yaxın olsun. Bütün xalqımız bu yolda Ali Baş Komandana inanır və ona dəstəkdir.

-Bildiyim qədər, sizin təşkilat xarici ölkələrdə də qadın təkilatları ilə sıx əməkdaşlıq edir. Erməni təxribatı isə təkcə Azərbaycana qarşı müharibə meydanında yox, həm də informasiya savaşında davam edir. Bu istiqamətdə təşkilatın imkanlarından necə istifadə edirsiniz?

-Bəli, xarici ölkələrdəki qadın təşkilatları ilə əməkdaşlıq qururuq və bu proses davam edir. Pandemiya səbəbindən bəzi qarşılıqlı xarici səfərlərimiz təxirə salınıb, ancaq əməkdaşlıq etdiyimiz təşkilatlara son zamanlar cəbhədə baş verən hadisələr, Ermənistanın təxribatı, xüsusilə Gəncə şəhərində mülki vətəndaşlarımıza qarşı müharibə cinayəti, azyaşlı uşaqlarımızın, məktəblilərimizin qətlə yetirilməsi ilə bağlı məlumatlar göndərmişik. Etiraf edək ki, bu sahədə olduqca xəbis düşmənlə üz-üzəyik. Onlar hətta bizim öldürülən uşaqlarımızı erməni uşaqları kimi təqdim etməyə belə cəhd edirlər. Erməni xislətindən doğan bu çirkin iftiraların qarşısını vaxtında almaq üçün informasiyanın tez zamanda təqdimi vacibdir. Biz də məsələyə məhz bu prizmadan yanaşırıq. Təbii ki, ilk böyük və publik dəstəyi Türkiyədən alırıq. Amma əməkdaşlıq etdiyimiz digər ölkələrdəki qadın təşkilatlarına da müvafiq müraciətlər göndərilib. Ümid edirəm ki, ermənilərin yalan təbliğatının qarşısını almaq üçün bu cəhdlərimiz də nəticə verəcək.

Bir daha xalqımızı, bütün qadınlarımızı, analarımızı ordumuzun əldə etdiyi qələbələr münasibətilə təbrik edir, şəhid anaları qarşısında baş əyirəm. Ali Baş Komandan İlham Əliyevə və rəşadətli ordumuza bizə bu qələbə hissini yaşatdığına, torpağımızın addım-addım, kənd-kənd, şəhər-şəhər işğaldan azad edilməsi uğrunda apardığı qətiyyətli mübarizəyə görə təşəkkürümüzü bildirirəm.