Yuxarı

Gələcəyi göstərən sehrli kəllə

Gələcəyi  göstərən  sehrli kəllə

 “Kristal kəllə”nin sirri açılmırCadulanmış baş, yoxsa maya mədəniyyətinin izi?“Saf kuartz kristalından hazırlanıb. Əsl sahibi naməlumdur. İngiltərə və dünyanın bir çox yerində insanlar bunun bəşəriyyətə məlum olmayan sivilizasiyadan qaldığına inanırlar. Göz çuxurlarındakı qəribə işıq sanki gələcəkdən xəbər verir. Bu qeyri-adi cismin adı “Qiyamət günü kəlləsi”dir”. Planetimizin açılmayan sirlərindən biri də İngiltərənin paytaxtı Londonda yerləşən Mankind Muzeyində (İnsanlıq Muzeyi) saxlanılır. Kəllənin sirri məlum deyil, lakin hər gün bunu yüzlərlə insan görmək üçün muzeyə gəlir.Kristal kəllə 126 il əvvəl Latın Amerikasından olan macəraçı turist tərəfindən tapılıb. O, buna qazıntı işləri apararkən rast gəlmişdi. Kəllə haqqında o qədər spekulyativ müzakirələr açılıb ki, bunlar hər biri insanı təəccübləndirir. Çünki bu, indiyədək oxşarına rast gəlinməmiş qiymətsiz bir tapıntıdır. Kəllənin nə üçün lazım olduğu, kimlər tərəfindən hazırlandığı və istifadə olunduğu, o cümlədən, dini ritualların bir parçası olması haqda olan müzakirələr də özünə təsdiqlənmiş cavab tapmayıb. Lakin ən ilginci budur ki, kristalın bu formada işlənməsi çox çətin olmalıdır və bu elmi-texnoloji inkişafın olmadığı dövrlərdən birində hazırlanıb.Çuxurlarda görünən gələcəkKristal kəllənin xəstəlikləri müalicə etməsi, arzuları həyata keçirməsi, gözlərinə baxanların öz gələcəklərini görməsi haqda iddialar var. Kəlləyə baxanların dəli olması belə deyilir. Bunların hamısı cəfəngiyyat da ola bilər, bəlkə də bu, keçmişdə yox olmuş sirli bir təriqətin rəmzidir, kristalın fövqəltəbii enerji yaydığı iddiasını da nəzərə alsaq, bu iddiaların gerçək olmasına da inanmaq olar. Lakin dəqiq olan bir fakt var, bu da kəllənin möhtəşəm sənət əsəri olmasıdır. Bu, əsl insan kəlləsi kimi dəqiq işlənilib, bütün detallar öz yerindədir. Əsəri qeyri-adi edən isə başqa amildir. Belə ki, onun gözlərinə baxan insan huşunu itirə bilir. İddiaya görə, insan bu vaxt özünü içinə yıxılmış dibsiz kristal quyuda hiss edir. Çəkisi 5.19 kiloqramdır və saf kuartz kristalından hazırlanıb. Əsl sahibi naməlumdur. Gözlərindəki işıq sanki gələcəkdən xəbər verir. İddiaya görə, bəşəriyyətə məlum olmayan sivilizasiyaya aiddir. Bu qəribə cismin adı “Qiyamət günü kəlləsi”dir. İngilis elm adamı Artur C.Klarkın “Sirli dünya” kitabında bu məsələyə geniş yer verilir.Yıxılan daşların yeriKristal insan kəlləsi ingilis səyyahı və macəraçı Albert M.Hedgesə məxsusdur, onun tərəfindən kəşf edilib. Hedges 1959-cu ildə vəfat etdikdən sonra “Qiyamət günü kəlləsi”nə qızı Anna Mitçell sahib oldu. Anna kəllənin vaxtilə Cənubi Amerikada yaşamış mayyalılara məxsus antik Lübantum şəhərində aşkar olunduğunu deyib: “Onu ilk dəfə görəndə gözlərində qəribə bir parıltı - işıq vardı. Bu haqda atama danışdım, mənə diqqətli olmağı tövsiyyə etdi. Sonra kəlləni qorxu və hörmətlə yerindən götürərək üzərini örtdü. Kristal kəllənin tapıldığı Lübantum şəhərinin mənası “Yıxılan daşların yeri” deməkdir. Bu məna ilə kəllə arasında bir bağlantı olmalıdır”.Albert Hedges əvvəllər kəllənin mayalıların yaşadıqları bölgələrin yerli sakinlərinə (aborigenlər) məxsus olmasına inanırdı. Lübantumda qazıntı işləri apararkən əvvəlcə kəllənin üst, üç ay sonra da alt çənə hissəsini tapdı. Yerlilərin mədəniyyət və inanclarına hörmət edirdi, buna görə də kəlləni onlara vermək istədi. Lakin yerlilər bunu Hedgesə hədiyyə etdilər. Lakin öz keçmişlərinə və inanclarına bağlı olan aborigenlər bu hadisədən bir qədər qorxuya da düşmüşdülər.Mayalılar yoxa çıxırlarMaya sivilizasiyası bu gün də öz sirrini açmayıb. Ən qədim tarixlərinin e.ə 1500-cü illərdən başlanıldığı məlum olsa da mayalılara məxsus ən qədim maddi-mədəniyyət nümunələri e.ə 900-700-cü illərə aiddir. Antik dövrlərdə mayalılar yazı, riyaziyyat, təqvim və digər mədəniyyətləri bilirdilər, bunların dünyada ilk yaradıcıları idilər. Lakin bu böyüklükdə mədəniyyətlərin qurucuları olan mayalıların gözlənilmədən yox olmaları isə ən sirli olay idi. Zəlzələlər, vulkan partlayışları, təbii fəlakətlər… bir sıra nəzəriyyələr irəli sürüldü, lakin mayalıları yox edən əsl hadisənin izinə rast gəlinmədi. Xarici hücum izləri yox idi, qorxulu bir müharibədən bəhs olunurdu, lakin bundan da bir iz yox idi. Mayalılar gözlənilmədən yox olmuşdular, evlərini, taxıl ehtiyatlarını, hər şeyi arxalarında qoyub getmişdilər. Aşkar olunmuş bir neçə mədəniyyət numunəsinin gücü də bu sirri açmağa bəs etmədi. Artur Hedges mayalıların sirrinin arxasında yox olmuş Atlantida sivilizasiyasının dayandığına inanırdı.Dorlandın araşdırmalarıHedges kristal kəllənin 3600 illik tarixinin olduğuna iddia edirdi. Bu, qədim Misir piramidalarının tikilməsiylə eyni dövrə təsadüf edir. Müasir Kristal mütəxəssisi Frank Dorland buna oxşar kəllənin bir neçə il əvvəl hazırlandığını bildirib. Lakin Dorland bunun yalnız müasir texnologiya vasitəsilə mümkün olduğuna diqqət çəkir. Bir sıra mütəxəssislər isə kəlləni incələdikdən sonra bunun 500 ildən çox yaşının olduğunu bildirdilər. Digər qrup araşdırmaçılar bu haqda heç bir fikirlərinin olmadığını deyərək, məsələni bir az da qəlizləşdirirdilər. Əgər “500 il” iddiası doğru idisə, o zaman Artur Hedgesin ehtimalı yanlışdı, çünki 500 il əvvəl mayalılar çoxdan yox olmuşdular. Lakin Orta və Cənubi Amerikada saf kristal yataqlarının olduğu yeganə yer Meksikada yerləşən Çalaveras bölgəsidir ki, burada vaxtilə mayalılar məskunlaşmışdılar.Görməzdən gəlinən həqiqətlərMankind Muzeyinin qeydlərində kəllənin 1898-ci ildə Nyu-Yorkdakı məşhur qızıl-zinyət əşyaları satış mərkəzi “Tiffani”dən satın alındığı yazılıb. Buna oxşar başqa bir kəllə isə Kanadada saxlanılır, amma aralarında fərqlər var. İstər Hedges “Xatirələr” kitabında, istərsə də Anna dəfələrlə müsahibələrində sirli hekayələriylə bərabər kristal kəllənin özlərinə məxsus olduğunu bildirib. Lakin muzeylər ata və qızının bu fikirlərini görməzlikdən gəlirlər.Mankind Muzeyi, cadu və paranormal hallar kainatlarının qorxulu kitabı “Necronomicon” bu kəllənin qətiliklə böyük sirlərlə dolu olduğunu iddia edir.“Məbəd cənagəvləri”nin lənətiFrank Dorland kəlləni 7 il araşdırdı, incələdi, bunun qədim tarixlərə aid olub-olmamasını aşkar etmək üçün “Hewlett-Packard Electronic”ə apardı və bunu asilatorlarda testdən keçirdi. Lakin kristalın qədim olub-olmaması anlaşılmadı, dəqiq olan bu idi ki, bunun ən az 300 il yaşı var. Nəticədə o iddia irəli sürüldü ki, kəllə dini rituallarla bağlıdır, ruhanilər və kahinlər tərəfindən basdırılıb. Kəllənin kristal kürə kimi cadu ayinlərində istifadə edildiyi şübhəsi də vardı. Son nəticədə Frank Dorland Artur Hedgesin kəlləni Yaxın Şərqdən gətirdiyini və “Məbəd cəngavərləri” təriqətinə məxsus olduğunu dedi. O, Hedgesin kəllənin hekayəsini bilərəkdən şişirdiyini də diqqətə çatdırdı.Dorlandın iddiası Hedgesin nəzəriyyəsindən daha ilginc idi. 1118-ci ildə Səlib yürüşlərində qurulmuş “Məbəd cəngavərləri” sirli əfsanədir. Qara cadu, seksual ayinləri icra edib. İsa Məsihi rədd edən təriqətçilər digər yandan cinlərə inandıqları üçün lənətlənmişdilər. “Məbəd cəngavərləri”nin simvolu Bafomet (Şeytanın heykəli) idi və bunun rəmzi insan kəlləsidir. Dorlandın iddiası bu idi və o, araşdırmalarını başa çatdırdıqdan sonra paranormal hallarla rastlaşmağa başladı. Qəribə səslər eşidir, heç vaxt rast gəlmədiyi, əzbər bilmədiyi ilahi mahnılar oxuyurdu. Kristal kəllənin içinə baxanda bunun içində çoxlu kəllələr, dağlar, insan barmaqları və qəribə similar gördüyünü deyirdi.Satanistlərin peyğəmbəriylə görüşSan-Fransiskodakı məşhur Şeytan kilsəsinin lideri, satanistlərin peyğəmbəri Anton Şandor La Vey kəllə hekayəsini eşitdikdən sonra Frank Dorlandla görüşdü. O, görüşdə kristal kəllənin Şeytan tərəfindən yaradıldığını dedi. La Vey getdikdən sonra Dorland kəlləni bir qutuya qoyaraq qarderobda saxladı. Həmin günün gecəsi Dorland, həyat yoldaşı və evin qulluqçusu qəribə qışqırtıya oyandılar. Lakin heç nə görmədilər. Səhəri gün oyananda salonda bəzi kiçik əşyaların yox olduğunu gördülər, kristal kəllə isə həyət qapısının qabağındaydı. Qarderobdan qapıyadək olan yolun üzərində kristal toz qatı vardı. Sirr açılmadı və Dorland kəlləni muzeyə geri qaytardı.Bioloji varlıqlarKristallar və kristalizasiya mövzularında ciddi elmi inkişaflar var. Sahənin elm adamlarına görə, kristallar biolojidir, yəni, istənilən kiçik canlıları “yeyə”, müxtəlif enerjiləri yığa bilirlər. Yəni, kristal cisimlərin şüurlu bir cisim olduğu müzakirə mövzusudur. Lakin bütün hallarda kristal kəllənin keçmişi naməlumdur. Muzey yetkililəri bunun azteklərə məxsus olduğunu və insanları tanrılara qurban etmək rituallarında istifadə etdiklərini deyirlər. Bu da sübut olunmuş məlumat deyil. Kristal insan kəlləsi hələ də Mankind Muzeyindədir və sirrini heç kəsə vermək fikrində deyil.Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları