Yuxarı

Kamilla-Çili inqilabının zərif lideri

Kamilla-Çili inqilabının zərif lideri

 Pineranı devirdi, sosial tələblərini reallaşdırdı“Bolivarın gözəl qızı”, “çe Gevaranın gözəl qızı”, “ən gözəl kommunist”, “komandante Kamila”, “ən gözəl deputat”, “inqilab bayrağı qədər gözəl”, “mədəniyyət ikonası”... Kamila Antoniya Amaranta Vallejo Dovlinq “Çili qışı” adlandırılan tələbə hərəkatının lideridir. Çili Universitetinin Coğrafiya fakültəsinin məzunu olan Kamila 1988-ci ilin aprelin 28-də Çilinin Santyaqo şəhərində doğulub. Çili Kommunist Partiyasının Tələbə Təşkilatının üzvü və Çili Universitetinin Tələbə Birliyinin qadın başçısıdır. Kamilanın ata və anası 1970-ci illərdə Çili Kommunist Partiyasının keçmiş üzvləri olan Reynaldo Vallejo və Mariyela Dovlinqdir.2010-cu ilin noyabrında Çili Universitetinin Tələbə Komitəsinin başçısı seçilən Kamila 2011-ci il aksiyalarında hərəkatın sözçüsü seçildi. Həmin il aksiyalara görə ölüm təhdidi alan Kamila və ailəsi Çili məhkəməsi tərəfindən mühafizə olunmağa başladı.Post-Markos dönəmiKamila Vallejonun mükəmməl və ödənişsiz təhsil üçün tələbələrə müraciəti ilə başlayan etirazlar iki gün ərzində bütün ölkəni cənginə aldı. Latın Amerikası “Zapatistalar”ın lideri subkomandante Markosdan Çili Tələbə İnqilabınadək kütləvi etirazlara ev sahibliyi etməmişdi. İnqilaba bu dəfə rəhbərliyi nə Markos, nə çe Gevara, nə Fidel Kastro, nə Simon Bolivar, nə də Uqo Çavez rəhbərlik edirdi. Tələbə hərəkatının başında 23 yaşlı tələbə qız, komandante Kamila Vallejo vardı. O, inanılmazı gerçəkləşdirdi. Kamila arxasındakı yüz minlərlə insanla keçdiyi küçə və prospektləri iflic edirdi. Hökumət geriyə doğru addım atmağa məcbur olmuşdu. İnqilabın davam etdiyi 5 ay ərzində 4 nazir və 1 prezident istefaya göndərildi. İnqilabın başlamasınadək heç kəs tərəfindən tanınmayan Kamila Vallejo təkcə etirazlara rəhbərlik etmədi, milyarder iş adamı, dövlət başçısı Sebastyan Pineranı da istefaya məcbur etdi. Bütün Çili Pineranın istefasiyla silkələnmişdi. Hər yerdə bu kiçik inqilabçıdan danışırdılar. 2011-ci ildə nəqliyyat və ictimai sektorda işləyən fəhlələrin hərəkata dəstək vermələriylə ölkədə iki günlük tətil elan olundu. Qısa zaman ərzində bütün ölkədən dəstək gəldi. Kamila bütün inqilabların kökündə gəncliyin böyük rol oynadığını dedi: “Həmişə ilk addımı gənclik atır. Sosial haqlarını müdafiə etdiyimiz ailələrin yanımızda olması, bizim haqq səsimizin daha yüksək çıxmasına imkan verir. İlk addımı biz atdıq, amma biz indi tək deyilik, bizdən əvvəlki nəsillər də mübarizəyə qatılırlar”.Hərəkat böyüyür105 illik Çili Universitetinin tarixindəki ikinci qadın Tələbə Birliyinin başçısı və Kommunist Partiyasının üzvü olan Kamila Vallejo Avqusto Pinoçet rejiminin hakimiyyətdə olduğu 1980-ci illərdən bu günədək ən geniş xalq kütləsi hərəkatının rəmzinə çevrildi. Yüz minlərlə universitet tələbəsi və orta məktəb şagirdi aprelin əvvəllərindən dərsləri boykot etdi. Etirazçılar hökumətdən daha mükəmməl təhsil və ödənişsiz təhsil tələb etdilər. Azsaylı seçmə, təhsil haqlarının yüksək olduğu özəl kollec və universitetlərlə müqayisədə nəzarət tamamilə itirilmiş dövlət məktəbi yaradan ikipilləli təhsil sisteminin qüvvədən qalxması üçün tələblərini cəmiyyət və hökumətə çatdırdı. Hökumət bunu rədd edəndən sonra Vallejo və tərəfdarları hökuməti boykot edən nümayişlərə başladılar, bu aksiyalar polis zorakılığıyla qarşılandı. Nazirlər Kabinetinin qarşısındakı aksiyada Kamila Vallejo polis və hərbi qüvvələrə müraciət etdi: “Şiddət istəmirik, məqsədimiz nə polislərə qarşıdır, nə də insanların iş yerlərinə ziyan vurmaq istəyirik. Təhsil almaq haqqını geri qaytarmaq üçün mübarizə aparırıq. Bu mövzudakı qərarımız qətidir”.Pinera geri çəkilirAksiyaların qarşısını almaq istəyən Çili hökuməti keyfiyyətli təhsilin qanunvericiliklə qarantiya altına alınması və tələbə kreditlərinin faiz dərəcələrini 6.4%-dən 2%-ə endirdi. Lakin təhsil sektoruna maksimum 1.9 trilyon Çili pesosu ayrılacağı vədi nümayişlərin dayandırılması üçün bəs etmədi. Nümayişçilərə artan polis zorakılığı qarşısında hökumət nümayəndələrinin irəli sürülən tələblərə soyuq yanaşması və hərəkatçılarla görüşə gəlməmələri prosesləri alovlandırdı. Kamila Vallejo küçə ortasında jurnalistə müsahibə verərkən polis qüvvələri aksiyaçıların üzərinə gözyaşardıcı bombalar atmağa başladılar. Müsahibəyə davam edən Kamila polisləri göstərərək “Baxın, insanlara atdıqları bu bombaların bir ədədinin qiyməti 50 milyon pesodur. Boş yerə havaya sovrulan bu pulları təhsil üçün xərcləmək olmazdı? Həmçinin boş yerə daxilə və xaricə axıdılan pulları fikirləşin. Bunu qəbul etmək mümkün deyil. Həmin cinayətlər qarşısında susan daxili işlər nazirini istefaya çağıran tələbimizi yeniləyirik”, dedi.“Kəlləsini mənə gətirin”Mədəniyyət naziri Tatyana Açuna Vallejonun öldürülməsiylə aksyalara son qoyulacağını dedi. Polislərə “Onun kəlləsini mənə gətirin” çağırışını etdi. Lakin Açunanın bu fikirləri hərəkatı özündən çıxardı. Vəziyyətin özü üçün təhlükəli hal aldığını görən hökumət Tatyana Açunanı vəzifəsindən uzaqlaşdırdı. Bu hadisədən sonra məhkəmənin qərarıyla polis Kamila Vallejonun mühafizəsini öz üzərinə götürdü.Qısa zamanda Kamila xalq arasında kult fiqura çevrildi. Haqqında yazılan mahnılar, məqalələr, sosial şəbəkələr üzərində artan məşhurluğuyla o, özünü bir anda siyasət meydanında tapmışdı. Boliviya baş nazirinin müavini Alvaro Qarsiya Linera Kamilaya olan simpatiyasının “Hamımız ona aşiqik” şəklində ifadə etmişdi. Ölkəsinin gəncləriylə görüşən Linera onlara Cənubi Amerikadakı gənclik hərəkatını örnək göstərdi: “Argentina, Braziliya və Çilidə baş verən posesləri doğru qiymətləndirməlisiniz. Çilidə gənc və gözəl bir lider gəncliyin çox gözəl bir formada ayağa qalxmasına öndərlik edir”. Kamila gözəl xarici görünüşüylə bağlı deyilənlərə belə cavab verdi: “Gözəlliyi bir üstünlük olaraq qəbul etməlisiniz. Xarici görünüşümlə bağlı deyilənləri də kompliment kimi qəbul edirəm. İlkin olaraq insanlar məni gözəlliyimə görə dinləsələr də, sonra onlara düşüncələrdən bəhs edirəm. Tarix dərin kökləri olan bir hərəkatdır, tarix belə ucuz münasibətlərlə qiymətləndirilə bilməz”.Qarantiya altına alınan haqqKamila müsahibələrindən birində apardıları mübarizə haqda deyirdi: “Mövcud sistemi inkişaf etdirməyi arzu etmirik. Tələblərimiz  fundamental dəyişikliklə bağlıdır. Təhsilin metal kimi qiymətləndirilməsinin yerinə dövlət olaraq qarantiya altına alınan haqq olmaq istəyirik. Niyə təhsilə ehtiyacımız var? Qazanc əldə etmək, ancaq bir iş görmək üçün, yoxsa cəmiyyətin inteqrasiyası və insanlarımızla ölkəni inkişaf etdirmək üçün lazımdır? Hökumətlə anlaşa bilmədiyimiz mövzular bunlardır”.Xarabalıqlar arasından cücərənKamila Vallejonun başladığı inqilabın uğurlu olmasında dağıdıcı kapitalizmin böyük payı vardı. Lakin kapitalizmin insanları soğan qabığı kimi soyduğunu deməsi fiziki tərəfindən gözəl olan bu gənc qadının öz gözəlliyinə arxalandığı düşüncəsini yaratmışdı. Həmin vaxt Kamila bunu dilə gətirəndə onu ələ salıb gülənlərin sayı çox idi. “Küçə şoumeni”, “artist”, “populyar mədəniyyət ikonası” deyirdilər.Lakin “Çili qışı” adlandırılan və sadə xalq kütlələrinin dəstək verdiyi aksiyalar tamam fərqli məcraya yönəldi. Həmin inqilaba “Simon Bolivarın qızı”, “çe Gevaranın qızı” adlandırılan komandante Kamila başçılıq edirdi. Böyükdən kiçiyə hər kəs Amerika və Avropanın ələ saldığı 23 yaşlı qızın bir çağırışıyla küçələrə çıxmışdı. Çilidə həyat iflic oldu.Ölkənin ən zəngin adamlarından və ölkə başçısı Pinera devrildikdən sonra Çili oliqarxiyasının prestiji tarixin zibilliyinə atıldı. Artıq hökumətə yardım etmək istəyən və başlamış sosialist inqilabının bütün Latın Amerikasına yayılacağından qorxan siyasi qüvvələr Kamila bəlasından yaxa qurtarmağın yollarını axtarmağa başladılar. Bütün hərbi və polis qüvvələri küçələri ələ keçirmişdilər, heç kəs evdən çölə çıxa bilmirdi. Amma Kamila bir yol tapıb cücərə bilirdi. Hökumət geri addım atdı. Dövlət məktəblərinə ayrılan maddi vəsait artırıldı, yoxsul tələbələrin kredit və təhsil haqları, borcları ləğv edildi, tələbələrə faizsiz kreditlər verildi. Yeni təhsil layihələrinin icrasına başlanıldı. Çilidə ciddi-inqilabi təhsil islahatları dönəminə start verilmişdi.İngilislərin məyusluğuBütün dünya KİV-ləri və sosial şəbəkələr vasitəsilə diqqəti üzərinə cəlb edən və qısa zamanda fenomenə çevrilən gözəl və xarizmatik komandante Kamila hər cəmiyyətin arzuladığı nəsnəyə çevrildi. İnqilab tarixinin kiçik bir parçası olan bu qız böyük bir kütlənin qollarındakı kapitalist buxovu sındırdı.İngiltərədə nəşr olunan “The Guardian” qəzeti Kamilanı “imic dünyasının modeli” adlandırmışdı. Lakin Santyaqoda xalq kütlələri qarşısında etdiyi çıxış və mübarizənin sonunda hökumətə diktə etdiklərinin ardıcıllıqla həyata keçirilməsi ingilisləri məyus etdi. Çünki Kamilanın üz gözəlliyini gəzdirdiyi beyninin içində də əzilmiş bir xalqın qurtuluşu, yaşayacağı gözəl günlərin nəhəng layihələri vardı: “Dəyərli bir vaxtda Çili xalqının baharı başlayır. Müxtəlif səbəblərə görə ölkəmiz üçün tarixi andır. Meydanda təkcə müəllimlər, tələbələr, fəhlələr, paytaxt sakinləri və digər sektordan olanlar yoxdur, burada hər kəs - bütün xalq var. Hazırda burada nə qədər insanın olduğunu bilirsiz? Təkcə “Higgins parkı”nda 1 milyona yaxın insan var. Təkcə sayımız çox deyil, həm də haqq səsimiz çoxdur. Hədəfimiz bəllidir, biz öz şərtlərimiz xaricində irəli sürülən şərtləri qəbul etməyən hərəkatıq. Düşüncə və məntiqimizin qarşısında hökumət çətin ki, tab gətirsin. Sağçılar ruh birliyimiz qarşısında dayana bilməzlər. Çünki bizim sahib olduğumuz silah - düşüncə, inanc və məntiq onlarda yoxdur. Ödənişsiz və keyfiyyətli təhsil - Çili xalqının hökumətdən tələbidir”.“Pineranı devirəcəm”“Dövlət başçısı Pineranı devirəcəm” dedi və onu devirənədək mübarizəni davam etdi. Məqsədinə çatdı: həm təhsildə, həm də Pineranı devirməkdə. Mübarizə dönəmində 100 məktəb ələ keçirildi. Hər aksiyada 200 min şagird və tələbə qatıldı. Sebastyan Pinera və təhsil naziri Lavin istefaya göndərildi. Aparılan sorğulara görə, Çili xalqının 81%-i hərəkatı dəstəkləmişdi. Etirazların davam etdiyi ilk 5 ay ərzində 2 təhsil naziri istefaya göndərildi.Xoakin Lavindən sonra Felipe Bulnes də “şəxsi problemlər” adıyla komandadan uzaqlaşdırılmışdı. Hökumətin sözçüsü Anders Qladvik nazirlərin şəxsi problemlərə görə, istefaya göndərildiklərini demişdi. Kənd təsərrüfatı naziri Antonio Qalileya da eyni səbəbə görə vəzifəsindən uzaqlaşdırıldı.Hər aksiyada 200 mindən çox insan iştirak edirdi və 40-dan çox aksiya keçirlmişdi. 2013-cü ildə - Təhsil İnqilabından 2 il sonra Çilidə keçirilən parlament seçkilərində 25 yaşlı Kamila Vallejo millət vəkili seçildi. Kamilla ilə yanaşı daha 3 hərəkat lideri deputat mantdatı əldə etdi.Mənsur Rəğbətoğlu 





Həftənin ən çox oxunanları