Yuxarı

İntihar edən dahilər

İntihar edən dahilər

"İntihar haqqında düşünən insan üçün ən pis şey özünü öldürməsi deyil, bunu düşünüb etməməsidir. İntihar düşüncəsinə yol açan mənəvi çöküntü qədər alçaq heç nə yoxdur”.

Çezare Paveze

Bəziləri intihar edəcəklərinin xəbərdarlıqlarını etmişdilər, hətta, bu haqda yazmışdılar, bəziləri isə tanrının özündən də xəbərsiz həyat iplərini kəsərək özlərini bu dünyadan apardılar. Bir qisminin ölümü şübhəlidir, öz istəkləri ilə, yoxsa əcəl zənginin çağırışlarıyla getdikləri məlum deyil. Amma bilinən həqiqət budur ki, onları izləyərkən, dinləyərkən, oxuyarkən özləri haqda geridə danışılacaq minlərlə mövzu qoyaraq gediblər. Hər birinin də özünəməxsus səbəbləri, hekayələri var: puça çıxmış arzular, sənət uğursuzluqları, insanların və dünyanın gələcəyinə olan ümidsizlik, müharibənin öldürdüyü xəyallar, yaradıcı böhran... "Cümhuriyət” qəzeti intihar etmiş dünyaca məşhur 20 insanın ölümü və səbəblərini təqdim edir. 

Sərsəri aşiqlər: Jan Seberq və Romeyn Qari

"Sərsəri aşiqlər” filmiylə insanlar tərəfindən sevilməyə başlayandan çox əvvəl intihar etmişdi. 41 yaşında depressiyaya girdiyi dönəmlərdə bir neçə dəfə özünü öldürmək istəmişdi. Özünü qatarın altına atmaq istədikdən bir həftə sonra yuxu dərmanları və intihar məktubu ilə avtomobilində cəsədi tapıldı. Həyat yoldaşının ölümü məşhur yazar Romeyn Qariyə pis təsir etdi, buna dözmək çətin idi. O, Serberqin intiharının təsiri altında 1980-ci ildə öz əlləri ilə həyatına son qoydu.

"Oz cadugəri”: Cudi Qarland

"Oz cadugəri” filmində canlandırdığı obraz hələ uşaqkən onu "ulduz”a çevirmişdi. Qarland həm də məşhur "Somewhere over the rainbow” mahnısıyla Hollivud məşhurlarından idi. Bir neçə dəfə intihara cəhd etdikdən sonra, 1969-cu ildə yüksək dozada dərman qəbul edərək, 47 yaşında özünü öldürdü.

Hər şeyin mənasız olduğuna dair fikirlər: Ernest Heminquey

"Nobel ve "Pulitzer” mükafatlı yazarın əsərləri bu gün də Amerika ədəbiyyatının şah əsərlərindən sayılır. Kubada hakimiyyətə gələn yeni siyasi rejim Amerika mülklərini dövlətləşdirmək qərarı verəndə İdaxo ştatında gəldi. Ruhi vəziyyəti böhran içindəydi. Həyatının sonlarına yaxın hər şeyin mənasız olduğuna inanırdı. 62 yaşında ata və anası kimi ov tüfəngi ilə özünü vuraraq intihar etdi.

Babasının arxasınca: Marqauks Heminquey

Ernest Heminqueyin nəvəsi olan Marqauks İdaxoda ferma evində böyüdü. 1970-ci illərdə "Faberge” kosmetika şirkəti ilə 2 milyon dollarlıq müqavilə imzalayan Marqauks eyni zamanda "Vogue”, "Elle”, "Cosmopolitan”, "Harper"s Bazaar” kimi jurnallar üçün fotomodellik etdi. 1.83 m boyu və cazibədar bədəni ilə diqqət çəkərək hər kəsin axtardığı simaya çevrilmişdi və bu üstünlükləri onu kino səhnəsinə çıxardı. 1984-cü ildə xizəklə sürüşərkən qəzaya düşdü və bu onu depressiyaya saldı. Həyatı boyunca onu təqib edən uğursuz evliliklər, spirtli içkiyə olan bağlılıq və disleksiya kimi problemlərlə mübarizə aparan aktrisa babasının ölüm ildönümündən bir gün əvvəl 42 yaşında evində yüksək dozada yuxu dərmanı qəbul edərək həyatına son qoydu.

Maska altında ağlayan "kloun”: Robin Viliyams

Filmlərinə baxmayan az adam var, onu hamı tanıyır. İllər sonra da onu heç kəs unutmayacaq və seviləcək. Amma filmlərində hər kəsi güldürən "kloun” intihar edəndə maska altında ağladığını hər kəs bilmişdi.

Stalinin yorduğu şair: Sergey Yesenin

Stalin rejiminin təzyiq və repressiv təqibləri psixologiyasını alt-üst etmişdi. Bir ay ruhi-əsəb dispanserində müalicə aldı. Yeni il bayramı üçün xəstəxanadan çıxarıldıqdan bir neçə gün sonra - 1925-ci ilin dekabrın 27-də otel otağında özünü asaraq intihar etdi. Cəsədinin yanında intiharından bir neçə gün əvvəl biləyini kəsərək qanıyla Vladimir Mayakovskiyə yazdığı vida şeiri tapıldı.

Yeseninin qanıyla şeir yazdığı dostu: Vladimir Mayakovski

Yesenin intihardan əvvəl ona öz qanıyla "Əlvida dost, əlvida” şeirini yazmışdı. Mayakovski itirdiyi dostuna cavab olaraq bir şeir yazdı və bu, dönəmin inqilabçıları tərəfindən əks reaksiya ilə qarşılandı. Hadisədən 5 il sonra - 1930-cu ildə Mayakovski silahla özünə atəş açaraq intihar etdi.

Bir gözəllik ikonası: Merilin Monro

Həyat yoldaşı Artur Millerdən boşandıqdan sonra depressiyaya düşdü. 1962-ci ildə film çəkilişlərinə tez-tez gecikdiyi və dönəmin Amerika prezidenti Kennedinin doğum günü üçün təşkil edilmiş tədbirdə mahnı oxumağa getdiyi üçün "Fox” şirkəti onu filmdən qovdu və müqavilə ləğv edildi. Şirkət həmçinin ondan məhkəmə vasitəsilə təzminat tələb etdi. Merilin Monronun filmdəki tərəf müqabili Deyan Martinin başqa bir aktrisa ilə çəkilməkdən imtina etməsindən sonra "Fox” onu geri qaytarmağa məcbur oldu və yeni müqavilə imzalandı. Lakin filmin çəkilişləri başlamamışdan əvvəl - avqustun 5-də evinin yataq otağında yüksək dozada sakitləşdirici dərman qəbul edərək özünü öldürdü.

Hollivudun ən hörmətlilərindən: Toni Skott

Çəkdiyi bir sıra məşhur filmlərlə Hollivudun ən populyar rejissorları sırasına adını yazdırıb. "Eliyen və qladiator”la tanınan rejissor Ridli Skottun qardaşıdır. 2012-ci ildə körpüdən ataraq özünü öldürüb.

Depressiya ilə gələn daha bir ölüm: Silviya Plat

Depressiyasının səbəblərini izah etdiyi "Su keçidi” kitabının müəllifidir. Xüsusilə də 1962-1963-cü illərin qışı Plat üçün ağır keçdi. 1963-cü ilin fevralın 11-də ikinci mərtəbədəki mənzillərində yatan uşaqlarına süd və peçenye apardı. Otaqdan çıxıb qapını bağladı və içəri qaz sızmayacağından əmin olduqdan sonra mətbəxə keçdi və başını qaz sobasının içinə salaraq intihar etdi. Hadisə Plat 30 yaşında olarkən baş vermişdi.

Hitlerin ölməyəcəyi qorxusu və pessimizm: Stefan Sveyq

Avropanın içinə girdiyi ağır böhrandan keçirdiyi sarsıntı və həyatındakı uğursuzluqlara görə, 1942-ci ilin fevralın 22-də Rio de Janeyroda həyat yoldaşı Lotte ilə birlikdə intihar etdi. Buna Hitlerin qan və zorakılıqla qurduğu hakimiyyətinin əbədi olması ehtimalının yaratdığı pessimizm və öz dünyasının bir daha heç vaxt var olmayacağı düşüncəsi səbəb oldu.

Dünya pis yerdir və insanlar yalançıdırlar: Kurt Kobayn

"Nirvana” qrupunun vokalisti Kurt Kobaynın ölümü haqqında spekuliyasiyalar olsa da rəsmi qeydlərdə ölüm səbəbi intihar olaraq göstərilir. 6 gündür itdiyi məlum olanda 1994-cü ilin aprelin 8-də cəsədi evinin qarajında tapıldı. O, yanında tüfənglə yerdə uzanmışdı və bir güllə ilə sifətini dağıtmışdı. Cəsədinin yanında kağız vardı. Bu, "Sizi sevirəm, sizi sevirəm” ifadələri ilə bitən intihar məktubu idi. 27 yaşındaydı.

İntiharından yazan yazıçı: Cek London

"Ağ diş”, "Martin İden” və s. məşhur kitablarıyla tanınan ən ciddi yazarlardan biri idi. Yazdığı kitablardan çoxlu pul qazanmasına baxmayaraq, yüksək dozada dərman qəbul edərək intihar etdiyi deyilir. Bu ehtimal qəti şəkildə özünə təsdiq tapmasa da əsərlərində tez-tez müraciət olunan intihar mövzuları bu ehtimalı məntiqli edir.

Qiyməti sonradan verilən dahi: Alan Türinq

İngilis riyaziyyatçı, kompüter mütəxəssisi və kriptoloq. Kompüter sahəsində yenilikləri ilə tanınır. İkinci Dünya Müharibəsində nasistlərin şifrələrini sındırıraraq milyonlarla insanın həyatını xilas edib. Homoseksual olduğu üzə çıxdıqdan sonra hökumətin təzyiqlərinə dözməyərək özünü öldürdü.

İstedadını itirdiyi ehtimalının yaratdığı böhran: Virciniya Vulf

İngilis feminist, yazar və tənqidçi Virciniya Vulf "Pərdəarası” romanını yazdığı dönəmlərdə artıq əvvəlki kimi istedadlı olmadığını düşünürdü. Hər gün müharibə və istedadını itirmək qorxusunun yaşatdığı dəhşət və stressdən sonra psixoloji böhrana düşdü. 1941-ci ilin martın 28-də özünü evlərinin yaxınlığında yerləşən Ose çayına ataraq öldürdü.

O, sadəcə gözəl idi: Lusi Qordon

Gənc aktrisa "Hörümçək adam 3” və "Serendipity” filmləri ilə tanınırdı. Bir çox filmdə rol almışdı və modelliklə də məşğul olurdu. 28 yaşında doğum gününə iki gün qalmış Parisdəki evində özünü asaraq intihar etdi.

Ölüm qorxusuna məğlub olmaq: Çezare Paveze

Qadınlarla problemli münasibətləri və ölümdən qorxması ilə tanınan Paveze yaradıcılıq fəaliyyəti boyunca şeir və roman yazmaqla yanaşı tərcüməçilik işi ilə də məşğul olub. Mussolini rejiminə qarşı tənqidi məqalələr yazdığına görə həbs olunan yazar 1950-ci ildə gündəliyində "Artıq əzab sabahı da işğal edir” yazaraq Turində bir otel otağında yüksək dozada yuxu dərmanı qəbul edərək intihar etdi.

Samurayların izində: Yukio Mişima

"Dənizi itirən dənizçi”, "Dalğaların səsi” kimi əsərləri ilə dünya məşhurluğu qazanan Mişima samuray kökənli ailəsinin aristokratik həyatından təsirlənmişdi. Ədəbiyyat və teatr kimi sahələrdə bir çox əsərlər yazmaqla yanaşı bir müddət "Qalxan” ("Tatenokai”) adlı millətçi təşkilatın liderliyini etdi. Mişima 1970-ci ilin noyabrın 25-də 4 "Qalxan” üzvü ilə birlikdə Tokioda yapon ordusuna məxsus "İçiqaya” düşərgəsinə basqın etdi. Düşərgənin komandirini əsir götürdükdən sonra imperiya haqlarının yenidən bərpa olunması üçün hazırladığı manifest və tələbnaməni oxudu və seppuku (ənənəvi yapon intiharı) edərək özünü öldürdü.

Dalana sıxışdırılma: Valter Bencamin

XX əsrin ən ciddi fəlsəfə cərəyanlarından olan Frankfurt Məktəbinin təmsilçiləri arasında yer alan Valter Bencamin marksist düşüncəsi və yəhudi kökəninə görə nasistlərin hədəfinə çevrilmişdi. 
Parisə sürgün edilən Bencamin almanların Fransanı işğal etməsindən sonra Gestaponun Parisdəki evinə basqını ilə İspaniyanın Portbo şəhərinə qaçdı. Burada polisin Gestapoya təslim edəcəyi xəbərini aldıqdan sonra yüksək dozada morfin qəbul edərək həyatına son qoydu.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları