Yuxarı

Şok iddia: Maqnit qasırğasını silahla yaradırlar

Şok iddia: Maqnit qasırğasını silahla yaradırlar

Son vaxtlar baş verən geomaqnit qasırğalarının intensivliyi ictimaiyyəti ciddi narahat etməyə başlayıb. Günəşdə yaranan fiziki və xaotik proseslər insanları  təşvişə salıb. Maqnit qasırğaları son aylar insanların səhhətində bir sıra problemlərin yaranmasına səbəb olub. Günəşdə baş verən proseslərdən qaynaqlanan maqnit qasırğası bəzən günlərlə davam edir və insanlarda baş ağırısı, yüksək təzyiq, ürək problemlərinin yaranmasına səbəb olur. Maraqlıdır ki, əvvəlki illərdə baş verən geomaqnit qasırğaların sayı indiki qədər çox olmurdu. Meteoroloqlar növbəti qasırğanı noyabrın 11-nə qədər proqnozlaşdırırlar. Alimlər həmçinin noyabrın 15-də də bu cür vəziyyətin yaşanacağını bildiriblər.

Qeyd edək ki, maqnit qasırğası noyabrın 7-dən etibarən başlayıb. Növbəti 2 gün ərzində geomaqnit pozuntular artacaq və orta dərəcəli qasırğalar müşahidə olunacaq. Noyabrın 11-də isə maqnit qasırğalarının dərəcəsi yenidən azalacaq.

Maqnit qasırğalarının sayı niyə artıb?

Ümumiyyətlə, maqnit qasırğaları əhvalın kəskin dəyişilməsinə, ümumi sağlamlığın və xroniki xəstəliklərin pisləşməsinə səbəb ola biləcək bir prosesdir. Xüsusilə, ürək-damar sistemi xəstəliyi olan insanlara bu cür qasırğalar daha çox təsir edir və günlərlə əhvalın korlanması davam edir. Bununla bağlı insanlarda əsasən baş və ürək ağrısı, yuxu pozulması, təzyiq qalxması kimi əlamətlər yaranır. Özəlliklə hava dəyişikliklərinə qarşı həssas olan insanlarda adətən, baş ağrıları, ürək ritminin pozulması, yüksək stress qeydə alınır. Meteohəssas insanlar maqnit qasırğası olan günlərdə havada çox olmamalı, menyularına diqqət etməli, daha çox dincəlməlidirlər.

Maraqlıdır, geomaqnit qasırğaları niyə tez-tez müşahidə edilir, bunun səbəbləri nə ilə bağlıdır?

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilov "Cümhuriyət” qəzetinə bildirib ki, Günəşdəki aktivliklər hər 11 ildən bir təkrarlanan hadisədir: "Günəşdə bizim də bilmədiyimiz çox şeylər var. Amma maqnit qasırğası ilə bağlı bilmədiklərimiz daha çoxdur. Çünki Günəşdən qopub gələn plazma kütləsi 150 milyon kilometr məsafədə konfiqurasiyada dəyişir, dağılır, bir yerdə toplaşır, yaxud yerə zərbə vurur. Müxtəlif cür hadisələr baş verir. Onun proqnozu çox çətin məsələdir. Hazırda Günəşdə maksimum sakit dövrdür. Günəş səthinin xeyli hissəsi maqnit ləkələri ilə örtülüdür. Yəni həmin yerdə lokal maqnit sahələrinin intensivliyi çox yüksəkdir. Bu zaman Günəşdən plazmaların, ionların tullantısı şəklində çox böyük enerji ayrılır. Atılan plazma yerə tərəf tuşlananda, yerdə təlatümlərə gətirib çıxarır. Buna maqnit fırtınaları deyirlər. Bunun Günəş-Yer əlaqələrinə çox böyük təsiri var.

Bu zaman Günəşdən atılan plazma kütləsinin sürəti 1000-1200 km/saniyəyə çatır, bu isə Yerin maqnit sahəsini silkələyir. Biz Yerin maqnit sahəsinin olduğu sferanın içində olduğumuzdan bu proses həm kommunikasiya xətlərinə, süni peyklərin orbitinə, o cümlədən, insanların sağlamlığına təsir edir. İnsan plazmasında ionların hərəkəti çoxdur. Maqnit fırtınaları ionların artıb-azalmasına birbaşa təsir edir. Maqnit qasırğalarının yaranması əslində plazmanın maqnit sahəsi istiqaməti ilə üst-üstə düşməsindən və ya əksinə prosesindən asılıdır.

Bunu proqnoz etmək üçün gərək arasıkəsilmədən Günəşi və Yer ətrafını hər tərəfdən müşahidə edəsən. Yəni Günəşdən qopan kütlənin hansı vəziyyətdə oradan qopmasını izləyəsən. Bunu proqnozlaşdırmaq üçün kifayət qədər məbləğ və imkanlar tələb olunur. Bu imkana isə yalnız NASA mailikdir. Onun iki-üç peyki var ki, həmin məlumatları nisbətən toplaya və analiz edə bilir. Başqa bunu dünyada heç kim edə bilmir. Ümumiyyətlə, Günəşdə baş verən hadisələrin proqnozlarını vermək çətindir”.

Hazırkı maqnit qasırğası çox güclüdür...

N.Cəlilov qeyd edib ki, noyabrın 7-dən etibarən maqnit qasırğaları başlayıb: "Bu qasırğalar kifayət qədər güclüdür. Maqnit qasırğasının maksimum gücü j-5-dir. Amma hazırda baş verən maqnit qasırğaları j-2 sinfindədirlər. Bu kifayət qədər güclü maqnit qasırğalarıdır. Ürək-damar sistemində narahatlığı və xəstə olan insanlar dünəndən bunu hiss ediblər. Qasırğa bu gün səngiməyə başlayıb. Çox güman ki, axşam saatlarında vəziyyət tamamilə sakitləşəcək. O siqnalın Günəşdən gəlib Yerə çatmasına təqribən gün yarım vaxt sərf edir. Bundan sonra hər şey sakitləşir. Günəşin diskində hazırda bir dənə də olsun maqnit ləkəsi yoxdur. Aktivliyin lap minimum vəziyyətdindəyik. Amma buna baxmayaraq o maqnit təsiri altında yaşayırıq. Bu da insanlara təsirsiz ötüşmür”.

Rəsədxana rəsmisi onu da əlavə edib ki, təxminən gün və gün yarım çəkən maqnit qasırğası səngiyəndən sonra bu proses yenidən başlayır: "Maqnit qasırğası o vaxta qədər davam edir ki, disk fırlanır. Diskin mərkəzindəki Yer üçün təhlükəli zonalar fırlanaraq başqa istiqamətə keçir və Yerdən başqa istiqamətə yönəlirlər. Günəş özü fırlanır, 27 sutkada bir dövr edir. Dövr eliyib keçəndən sonra başqa təhlükəli zonalar Yerə yönəlməyə başlayacaq. O da onun gücündən asılıdır. Yerə nə dərəcədə maqnit təsir edəcəksə, yerin maqnit sahəsi silkələnəcək. Bu silkələnmə güclü də, zəif də ola bilər”.

Namiq Cəlilovun sözlərinə görə, Yer kürəsində maqnit qasırğası neçə milyard illərdir ki, baş verir, həmişə də belə davam edəcək: "İnsan orqanizminə bu proses artıq adaptasiya olunub. Amma maqnit qasırğası güclü olanda bu baş və ürək ağrılarına, təzyiqin qalxmasına səbəb olur. Amma elə bir texnogen fəlakətə gətirib çıxara bilməz. Çünki qabaqcadan belə fəlakətlərin qarşısı alınır. Qalır insanların səhhətinə təsir məsələsi, bu da əsasən xəstə adamlara aiddir. Maqnit qasırğasının proqnozları əvvəlcədən verilirsə, insanlar sakit vəziyyətdə, ev şəraitində dərmanlarını qəbul etməli və əsasən iki gün aktiv olmamalıdırlar. Ondan sonra keçib gedəcək”.

Maqnit qasırğaları süni silahlarla yaradılır...

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə qeyd edib ki, son vaxtlar bu və ya digər alimlər arasında fikirlər tamamilə haçalanıb: "Bəziləri deyirlər ki, Günəş qış dövrünə getdikcə yatır. Yəni yavaş-yavaş enerjilərin və qasırğaların üzərində maqnit olmayanda qasırğalar baş vermir. Amma son vaxtlar müşahidələr göstərir ki, qasırğaların sayı qat-qat artıb. Günəşdə partlayışın olacağını əvvəlcədən müəyyən etmək demək olar ki, mümkünsüzdür. Buna görə də son zamanlar baş verən qasırğalaırn süni yaradılma ehtimalı var. Süni surətdə elektromaqnit dalğalarını yaradan silahlardan istifadə edilir. Bu məsələdə çirkin oyunlar gedir. Bu çirkin oyunu ortalığa atanlar əllərində metoroloji silahlardan istifadə edərək dövləti və digər dövlətləri soymaqla məşğuldurlar. Çirkin əməlləri ilə düzgün olmayan məlumatları verib, özlərinin süni surətdə yaratdıqları vəziyyətləri təbiətin üzərinə atırlar. Bununla da insanları soyurlar. Görürsünüzmü, qlobal istiləşmə gedir. Bu onun nəticəsidir. Belə çıxır ki, biz alimlər bir-birimizlə müharibə elan etməliyik. Nə qədər insan özünü pula satar?.. Alimləri qınamaq olmur, onların vəziyyəti həddən artıq ağırdır. Məcburdurlar ki, mənliklərini, elmi dərəcələrini satsınlar və bu kimi çirkin oyunları təsdiq etsinlər”.

Ekspert qeyd edib ki, bu qədər maqnit qasırğaları ola bilməz: "Bu sadəcə, ortalığa atılmış bir oyundur. Hansı ki, bu oyun vasitəsilə məqsədlərinə çatmaq istəyirlər. Dünyanı idarə edən 13 nəhəng gücün məqsədi Yer kürəsində əhalinin sayını minimuma endirməkdir. Hansı yolla olur, olsun... İstər su qıtlığı, istər aclıq, istərsə də epidemiyaların yayılması ilə bunu həyata keçirmək istəyirlər. Məlumatlar yayılır ki, göydən balıqlar, xərçənglər düşür. Bu bir oyundur. Belə çıxır ki, bizim başımızın üstündə yeni bir peyk var. Oradan sular və balıqlar bizə gəlib düşür?”

Alçina Amilqızı






Həftənin ən çox oxunanları