Yuxarı

“VAQİF SƏMƏDOĞLU ÖZÜ-ÖZÜNƏ GÜLÜRDÜ”

“VAQİF SƏMƏDOĞLU ÖZÜ-ÖZÜNƏ GÜLÜRDÜ”

faiq huseynbeyliBiz gözləyirik… Nəyi? Kimi? Gözləyirik, amma necə gözləyiriyik? Ədəbi mühitin öz yoluna düşməyini gözləyirik. Amma onu  kim düzəldəcək, necə düzəldəcək bu kimi sualları düşünmüşükmü? Əlbəttə, yox. Axı biz həmişə bəsitliyə qaçmağa meylli yox, artıq məhkum olmuşuq. Bütün bunlara baxmayaraq, bəzən ədəbi mühitə nur verən imzalar da görürük. Özümüzdən xəbərsiz, ixtiyarsız ümidimizi onlara bağlayırıq. Həmsöhbətimiz Faiq Hüseynbəyli də ədəbi mühitdə ümidverici gənclərdən biridir...

-Faiq Hüseynbəylinin ədəbiyyata və sözə münasibəti...

-Böyük SÖZ müqəddəs anlayışdı. Həmişə Sözə məsuliyyətlə yanaşmışam. Bir məsəl var, insan sözündən tanınar. Söz, ruhun libasıdı. Libas nə qədər gözəldirsə, bir o qədər göz oxşayar. Yazdıqlarımı həmişə şair Faiqlə oxucu Faiq arasında müzakirəyə çıxarıram. Söz yaşantıdır, hissdir, duyğudur. Söz həm də dildir. Söz ürəkdən gəlir, deyirlər. Demək, Söz həm də, ürəyin güzgüsüdür. Şair öz qəlbinə, dolayısı ilə, öz sözünə xəyanət etməməlidir. Füzuli deyir ki, "Artıran söz qədrini sidqilə qədrin artırar, Kim, nə miqdar olsa, əhlin eylər ol miqdar söz."

Söz hər bir millətin, xalqın həm də mədəniyyətidir. Söz mədəniyyəti deyilən bir termin də var.

-"Oxucu Faiq" ən çox nəyi müşahidə edir yazar Faiqdə?

-Dediyiniz yazıçı Faiq hərdən çox emosional olur, hisslərə qapılır. Uğursuzluğa qapanıb yaşamaq İnsan həyatı üçün təhlükəlidir. Hərdən oxucu Faiqin iradları şair Faiqi bu stüasiyadan xilas edir. Elə mövzular olur ki, sadəcə, baxıb keçmək məsləhətdir. Cəmiyyətin qəbul etdiyi və etmədiyi mövzulara hərdən elə cəmiyyətin öz gözüylə müşahidə etmək lazımdır. Daxili senzuranı həmişə qoruyub saxlamaq üçün oxucu Faiqin çox səyləri olub. Nədən yazmaq yox, necə yazmaq lazımdır? Bu sualla başbaşa qalanda bir çox hisslərin, duyğuların üstündən xətt çəkməli olursan. Elə hisslər var ki, ötəri həvəsdi. Və yenə qayıdırıq Füzuliyə, O deyir, "Aldanma ki, şair sözü əlbəttə, yalandır."

Bəzən doğru yola can atmaq üçün oxucu Faiqlə razılaşmalı oluram.

-Uğursuzluğa qapandığınız zaman olubmu?

-Xəyalqırıqlığı yaşadığım anlar çox olub. Orta məktəbi əla qiymətlərlə bitirdim. Amma mənə fərqlənmə attestatı vermədilər. Qarşıma məqsəd qoyub ali təhsilimi fərqlənmə diplomu ilə bitirdim. Magistr təhsili aldım. Növbəti tədris pilləsinə - aspirantura təhsilinə səy göstərsəm də, məndən asılı olmayan səbəblərdən bu arzum arzu olaraq qaldı. Məni imtahana buraxmadılar. Universitet rektorunun dedikləri hələ də qulağımda cingildəyir: "Şairsən, get şeirini yaz!" Yazı və şairə sovet baxışlarından əlvida desək də, bu gün bu taleyi yaşayanlar dolanmaq, karyera qurmaq üçün başqa sahələrə üz tuturlar. Söz yox ki, istedad varsa, hansı sahədə olursansa-ol, o istedad öz sözünü deyəcək. Amma mütaliə, qaynar mühit, ədəbi cameədə olmaq yeni yaradıcılıq imkanlarına yol açır. Neçə-neçə istedadlı gənc tanıyıram ki, Rusiyanın bazarlarında məhv olub gedir. Digər sahələr kimi, ədəbiyyata da axın həmişə olub. Ələkdən keçən, potensialı olan çoxlarını həyatın məngənəsi sıxıb. Tələbə dostlarımdan bir neçəsi şeir yazırdı və yaxşı da yazırdı. Zirəli Tərlan özünə Sadiq təxəllüsü götürmüşdü. Onun yazdığı qəzəldən hələ də bir beyt yadımdadı:

Canan, məni hicrində bimar elədün getdün,

Öz aşiqüvü dərdə düçar elədün getdün.

Görün nə qədər axıcı, gözəl, ürəyəyatımlıdı. Şamaxılı İslamın yazdığı "Mən siqaret çəkmirəm" şeirində Əli Kərim nəfəsi vardı. İndi soruşuram: Hanı o daxilində şair uyuyan dostlar? Zaman mühərriki, sosial qayğılar yüz illərdi belə istedadlara toy tutmaqla məşğuldu. Ədəbiyyatda şöhrətə yetmək bir az da şans məsələsidi. Orta yüzillikdə Nəsimi ilə bərabər qəzəl yazan yüzlərlə hürufi olub.

İlk ədəbi nümunəniz yadınızdadır?

-İlk şeirimi on yaşımda yazmışam. "Vətəni qoruyaq" adlı şeiri sonradan yazdığım bir neçə şeirlə birgə elə o vaxt Cəlilabad rayon mətbu orqanı olan "Həməşəri" qəzetini çap elədi. Qarabağ münaqişələrinin qızğın dövrünə təsadüf etdiyi bir dövrdə bəlkə də elə ilk qələm təcrübəm vətənpərvər mövzuda olmalı idi. Kəndimiz bu müharibədə ilk şəhidini vermişdi. Təhsil aldığım orta məktəbə şəhid Rauf Quliyevin adını verdilər. Onun xatirəsini uca tutmaq məqsədilə düzənlənən ildönüm tədbirlərində vətənpərvər ruhda olan şeirlərimlə çıxış edirdim. Mən ilk şeirlərimi yandırmadım, cırıb atmadım:

Vətəni qorumaq borcumdur mənim,

Vətəni qoruyaq düşməndən gərək.

Doğma Azərbaycan, gözəl məskənim,

Bu gün övladından istəyir kömək.

Çoxlarına adi görünən bu misralar on yaşımın ilk qələm təcrübələridi.

Sonralar Azərbaycanın Sibiri sayılan Murovdağda hərbi xidmətdə oldum. Vətənin taleyini öz taleyimə qatıb yaşadım. Hərbi xidmətdən qayıdandan sonra yazdığım əsgər marşlarını və poemaları "Sabahın adamı" adı ilə kitab şəklinə saldım və nəşr etdirdim.

-Ədəbi mühitdə sizi nə kimi problemlər narahat edir?

-Yaşadığımız dövr ədəbi meyarların itdiyi bir dövə təsadüf edir. Bu sahədə problem bir deyil, iki deyil... Ən başlıca problem kitab problemidir. Yazar, şair kitabını öz vəsaiti hesabına çıxarır və sata bilmir. Bu günə kimi yeddi kitabım nəşr olunub. Bu kitablardan bir manat belə xeyir görməmişəm. Bu, o demək deyil ki, mən oxunmuram, ya da yaxşı yazmıram. İnformasiya mübadiləsi öz inkişaf dövrünü yaşayır. Xəbərlər qəzetlərdən telekanallara, bədii əsərlər isə seriallar üzərinə köçürülür. Şairlərin "Moşu Göyəzənli" damğası var. Əslində, bu obrazı yaratmaqla Vaqif Səmədoğlu özü-özünə gülürdü. Demokratiyadı, fikir və söz azadlığı var, farslar demiş, "xeyli xub". Bəs nəticə? Bax, burda fəlsəfə elminin qanunları pozulur. Səbəb çoxdur, amma nəticə yoxdur. Dünya ədəbiyyatının demək olar ki, bütün zir-zibilini öz dilimizə tərcümə etmişik. Amma qardaş dediyimiz Türkiyədə Mirzə Sabiri, Mirzə Cəlili, Haqverdiyevi tanıyan yoxdur, ya da tanımaq istəmirlər. Bu sahədə təbliğat aparatımız xarabdır. Yaradıcılıqla məşğul olanlar qələmi çörək ağacına çevirə bilmirlər. Hər dövrün öz məhdudiyyətləri var. Söz yox ki, sovet dönəminin çatışmayan cəhətləri var idi. Amma o dövrdə Yazıçılar Birliyinin biletini cibində gəzdirənə hörmət-izzət var idi. İndi bir tikə çörək xətrinə yaradıcı potensialını jurnalistikaya sərf edən şair və yazıçıları siz də tanıyırsınız. Gözünün nurunu qoyub yüksək rütbəli məmurun yerinə romanlar, poemalar yazanlar da az deyil. Şair, yazıçı o vaxt dəyərdən düşür ki, söz dəyərdən düşür.

-Gənclərdən yaxşı tənqidçinin yetişə bilməməsi konkret kimlərin problemidir? Gənc yazarların yoxsa köhnə tənqidçilərin?

-Heç kim heç kimin qabağını kəsmir. Yaxşı tənqidçini də, yaxşı şairi də, yaxşı yazıçını da mühit özü yetişdirir. Gənclik ən çox öz sentimentallığı ilə yadda qalır. Tənqidçi olmaq üçün tənqidi təfəkkürə sahib olmaq lazımdır. Keçmişdə bütün elmlər fəlsəfə adı altında birləşmişdi. Elmli adama da filosof deyilirdi. Yeni kəşflər meydana çıxdıqca, fəlsəfə ixtisaslara parçalandı. Riyaziyyat, fizika, biologiya, botanika və sair elmlər meydana gəldi. Bax, tənqidçi, bugünün filosofu olmalıdır. Təkcə tənqiddən deyil, ümumən yaradıcılıqdan şöhrət naminə istifadə etmək doğru deyil. Yaradıcılıqdan mənəviyyat xatirinə istifadə etmək daha doğru olardı. İslam dininin müqəddəs kitabı olan Quran insanları əxlaqa, mədəniyyətə səsləyir. Bəzi tənqidçilər islamda olduğu kimi, ilahi sevgini Allah xofu kimi təqdim edən şeyxlərə bənzəyir. Belə tənqidçilərin olmasındansa, olmaması daha yaxşıdır. Bir el məsəli var, "su axar, çuxurunu tapar". Onsuz da, həyat tərəzisində hər kəsin niyyəti öz çəkisi qədərdir. Hər sahənin öz adamı var. O adam əvvəl-axır gəlib öz sahəsinə yiyələnəcək. Ədəbiyyat isə siyasət deyil. Ədəbi siyasət öz isə başqa mövzudur.

-Ədəbiyyatda satiranı nə dərəcədə qəbul edirisniz? Ümumiyyətlə satira mütləq şəkildə vacibdir ədəbiyyatda?

-Satira da bir ədəbi janrdı. İnsanın eybəcərliklərini faş edir, onları özlərinə olduğu kimi təqdim edir. Mirzə Sabiri bu janrda qələm çaldığı üçün sağlığında çox incidiblər. "Hophopnamə" əsəri böyük şairin ölümündən sonra nəşr olunub. Əgər zaman bu imzaya öz dəyərini veribsə, demək ki, belə bir janrın olması labüddür, qəbulolunandır. Təsəvvür edin ki, ədalətsizliyə, zülmkarlığa qarşı romantik tərzlə cavab verirsiz. Bu necə ola bilər? Söhbət insan taleyini sözə çevirməkdən gedirsə, satiranın da bu sahədə öz yeri var. Folklorumuzdakı lətifələrin əksəriyyəti sarkazma köklənir. Hələ orta yüzillikdə Füzuli alliqorik janra müraciət edib.

Son illər yaradıcılığınızda hansı mövzular yer alır?

-Son illər ictimai-fəlsəfi mövzulara müraciət edirəm. İrfani düşüncə tərzinə üstünlük verirəm. İlahi sevgiyə tapınıram, bəşəri mövzülarda qələm çalmağa çalışıram:

Sağa bax, sağın çəkdiyi dağa bax,

Sola bax, sağ da solundan yıxılır.

A gələn, xoş gətiribsən salamı,

Gedişin bir "sağ olundan" yıxılır.

Sığmayır söz içinə məzlum adam-

Gecə-gündüz içinə məzlum adam..

Yıxılır öz içinə məzlum adam,

Vay o gün ki, amalından yıxılır

-Kimləri oxuyursunuz?

-Ədəbi gəncliyi mütəmadi izləyirəm. Slavyan universitetinin "yaradıcılıq" fakültəsində və Yazıçılar Birliyinin "Gənc Ədiblər Məktəbi"ndə qaynar mühit var. Ədəbi tədbirlərə yetərincə qatıla bilməsəm də, ədəbi gəncliyin sorağını sosial şəbəkələrdən izləmək olur. Hərdən sosial şəbəkə üzərindən müzakirələrə də qoşuluram. Vaqif Yusifli yazılarından birində məni "gənc yazarların ən qocamanı" adlandırıb. Sağlam müzakirələrə həmişə açıq insanam. Xılt insanların niyyəti ilk cümlədən büruzə verir. Əvvəllər əsassız mübahisələrə reaksiya verirdim. Amma indi maksimum dərəcədə belə insanlardan uzaq durmağa çalışıram. Ədəbi mühitdə elə gənclər var ki, fəaliyyətini bəyənirəm. Ad çəkmək istəmirəm. Çünki siyahı uzundur. Beşini deyib, üçünə haqsızlıq etmək istəmirəm. "Azərbaycan xalqı şair xalqdı" deyimini ürək dolusu, bir az da sevinərək qəbul edirəm. Heç kim heç kimin yerini dar eləmir. Çingiz Abdullayev müsahibələrindən birində yaradıcılığı piramidaya bənzədir. Zirvənin olması üçün sütunlar olmalıdır. Mənə görə, pis şeir yoxdur. Həmişə şeirlərimin altına yazılma tarixini yazıram. Yazıram ki, zaman keçdikcə düşüncə fərqini, deyim tərzini hər kəs ayırd edə bilsin.

-Ədəbiyyatda sizi nə məyus edir?

-Təbiətən şən adamam. Çinlilərin bir testi var: Təhsil səni qane etmirsə, tərk et, iş yeri səni qane etmirsə tərk et, ailə səni qane etmirsə, tərk et... Tərk etmək prinsipinə əsaslansaq, bu gün ədəbiyyatda varamsa, demək ki, məni qane edir. Düzdür, bu gün ədəbiyyat dolanışıq vermir. Mən ədəbiyyata ruhumun rahatlandığı məkan kimi baxıram. Ona görə də, tərk etmək kimi bir sevdam yoxdur. Hətta bir az da iddialıyam..

ƏNTİQƏ SƏMƏNDƏR





Həftənin ən çox oxunanları