Adətən, Respublika daxili teatr festivallarının keçirilməsinin heç bir əhəmiyyətinin olmadığını söyləyənlər əslində, böyük yanlışlığa yol verirlər. Bu kimi teatr festivallarının keçirilməsinin böyük əhəmiyyəti var. Məqsəd
teatr kollektivlərinin bir araya gəlməsi ilə yeni-yeni yaradıcılıq təmaslarının qurulmasını təmin edə bilinməsidir. Məhz 02-10
dekabr 2019-cu il tarixlərində Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 2+1 - III
Eksperimental Teatr Festivalının keçirilməsi və təşkili də bu istəyin nəticəsi idi.
Festivala Gəncə Dövlət Kukla Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, "ŞahMat” Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İnsənət Universitetinin Teatr studiyası, Laçın Teatr Studiyası, "M teatr”ı qatılmışlar. Festivalın
proqramına uyğun olaraq iştirak edən teatrların təqdim
etdikləri tamaşalar bir saatdan çox olmamaq şərti ilə göstərilməli idi. Təəssüflə
qeyd etmək istəyirəm ki, bir sıra teatrlar reqlament qaydalarına əməl etmək məqsədilə festivala təqdim olunan əsərləri
redaktə etməklə ümumi pyesin ana xəttinə və rejissor traktofkasına böyük ziyan vurmaqla,
ideya bədii cəhətdən təqdimatın pozulmasına yol veriblər. Əslində, bu kimi festivallarda
mono tamaşalardan istifadə olunması nəzərdə tutulur. Əksər teatrlarımızın repertuarında isə mono tamaşaların olmaması bu kimi problemlərin
yaranmasına səbəb olur. Nəticədə festivala təqdim
olunan pyeslər bəsit və anlaşılmaz bir təsir bağışlayır.
Ancaq təqdim olunan bir tamaşa xüsusi olaraq diqqətimi cəlb etdi.
Respublikanın əməkdar artisti İntiqam Soltanın direktoru və bədii rəhbəri olduğu Bakı Uşaq Teatrının təqdimatında rus dramaturqu
S.Yakovlevin eyni adlı vodovili əsasında
Əbdürrəhim bəy
Haqverdiyevin təbdil etdiyi "Kimdir müqəssir?” pyesinin quruluşu maraq
doğurmaya bilməzdi. İlk
öncə deyim ki,
tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı pyesin ana xəttində və ideya bədii cəhətinin təqdimi formasında uğurlu bir səhnə traktofkasına imza ata bilib. Belə ki, rejissor səhnə mizanlarının böyük ustalıq və dəqiqliklə təqdiminə çalışaraq, vodovilin və təbdilin ümumi kompozisiyasının qorunub saxlanılmasını
bacarmışdır. Təqdim
olunan hər bir quruluşda isə pyesin bədii ekspozisiyasının düzgün həllinin tapılması əsas şərtlərdəndir. Məhz rejissor
Elşən Zeynallı bu
məqsədə nail olmaqla öz
traktofkasında
maraqlı səhnə əsərinin
yaranmasına nail
ola bilib. Səhnədə cərəyan
edən hadisələr fonunda əsərin bədii müqəddiməsi ümumi süjet haqqında yığcam məlumat verən hissələrə bölünür.
Quruluşçu rejissor Elşən Zeynallı öz traktofkasında süjet qurmaq üçün bədii müqəddimədən və ya
ekspozisiyadan istifadə edir. Bununla da bədii müqəddimə hadisələr üçün ilkin zəmin
hazırlamaqla baş
verəcəklərin necə cərəyan
edəcəyindən xəbər verir. Məhz bundan sonra əsərin düyün nöqtəsi başlanır. Surətlərin
xarakteristikası
haqqında ilk qısa məlumatı da məhz bu hissələrdə rejissor tərəfindən
edilən bölgülərdən daha aydın şəkildə
görə bilirik. Rejissor xarakterləri açmaq, konkret hadisələri cəmləşdirmək üçün
belə bir vasitədən istifadə edir. Bu isə tamaşanın ümumi axarına, baxılmasına və
dinamik gedişatına böyük zəmin yaradır.
Klassik Azərbaycan ədəbiyyatının tanınan simalarından sayılan Ə. B. Haqverdiyev
yaradıcılığının tədqiqatçılarından biri olan Kamran Məmmədov 1971-ci ildə Azərbaycan Dövlət
Nəşriyyatı tərəfindən nəşr olunan "Ə. Haqverdiyevin dram əsərləri” I cild kitabının 545-ci səhifəsində yazır: "Rus dramaturqu S. Yakovlevin eyni
adlı vodovilindən təbdil olunan "Kimdir müqəssir?”
məzhəkəsi ilk dəfə 1909-cu ildə Bakıda "Kaspi” Şirkəti Mətbəsində çap olunub. Pyes ikinci dəfə 1956-cı ildə nəşr edilib” və ya kitabın 209-cu səhifəsində oxuyuruq: "Vodovil iki məclisdə.
Məzmun əxz olunub”.
Kamran Məmmədovun bu təqdimatından bir daha belə bir nəticəyə gəlmək mümkündür ki, əslində Ə.
Haqverdiyev "Kimdir müqəssir?” pyesini özü qələmə almayıb, ideya və bədii quruluşu Azərbaycan səhnəsi
üçün tədbil edib.
Qeyd etməliyəm ki, təbdil olunan pyesin ideyası kiçik bir ailənin timsalında böyük bəşəri problemlərin mövcudluğu, var-dövlətin əldə olunması üçün dəridən-qabıqdan çıxmaqla hərislik, insanın təkamül yolu, xüsusi ilə qadın və kişi münasibətlərindəki
anlaşılmazlıqların doğurduğu faciələrdən ibarətdir. Məhz Ə. B. Haqverdiyev
vodovili tədbil edərkən bu kimi halları xüsusi olaraq qabartmaqla cərəyan edən hadisələr fonunda vəziyyətlər
halını diqqət mərkəzində saxlamağı bacarırdı. Buna görə də pyesin ana xətti düzgün təyin
edilməklə vəziyyətlər halına
daha çox yaxın hesab edilə
bilər.
Təbdildə hadisələr fonunda iki obraz əsas olaraq göstərilir.
Mahmud və Bahar surətləri. Tamaşa boyu bir ailə daxili ziddiyyətlər bu obrazların xarakterində cəmlənir. Mahmud obrazını ifa edən aktyor Niyaz İlyasoğlu baş verən hadisələri tam dolğunluğu ilə tamaşaçıya təqdim olunması üçün çalışır. O, rejissor
traktofkasına uyğun olaraq mizanların düzgün seçilməsi, hadisələrə uyğun şəkildə oynanılmasına rəğmən səhnədə diqqətlə izlənilir. Kasıb bir ailənin birdən-birə varlanmaq üçün yaranan şəraitdən münasib
bir şəkildə yararlanmaması
hadisələrin daha da kəskinləşməsi,
cərəyan edən vəziyyətlərin daha dolğun səhnədə təqdim olunmasına zəmin
yaradır.
Bahar hadisələr fonunda əsas surət olaraq vəziyyəti daha da kəsginləşdirir.
Onların qarşısına qoyulan üç saatın gözlənilməsi tələbini yerinə yetirməyən
Bahar müxtəlif bəhanələr axtarır və həyat
yoldaşı olan Mahmudu öz nəfsinə təslim edir. Baharın zatən öldüyünü görən Mahmud açılmaması lazım olan bir qabın
ağzını açır. Bununla da onların hər hansı bir varidata sahib olmaları mümkünsüz olur. Tamaşada Bahar
obrazını istedadlı aktrisa Məlahət Əhməd ifa edir. Hər iki aktyorun səhnədə ifası mahiyyət etibarı ilə müəllif tərəfindən təbdilin sujet
xəttində daha dəqiq desək, obrazların mənəvi-psixoloji dəyərlərini, insani keyfiyyətlərini göstərməklə yanaşı, əsl
simalarını büruzə verərək, baş verən hadisənin
günahkarı olaraq
bir-birini suçlamaqda və
bununla da hər kəs yaxasını
kənara çəkməyə cəhd
göstərir. Qeyd etmək lazımdır
ki, müəllif Ə.Haqverdiyev
vodovilin Azərbaycan səhnəsi üçün təbdilində bir ailə daxilində baş verən əhvalatların miqyasını bilərəkdən genişləndirərək yaşadığımız
cəmiyyətin neqativ görüntülərini bəzi reallıqlar ilə üzvü şəkildə əlaqəli formada təsvir edir.
Tamaşa boyu hadisələr fonunda aktyor Əliqulu Səmədovun
oynadığı Qasım bəy surəti də maraqla baxılır. Belə ki, aktyorun hər dəfə səhnəyə gəlişi
sanki ilahi, fövqəlbəşər bir qüvvənin gəlişi olaraq hadisələri daha da dinamik
və dolğun bir
formada təqdim olunması ilə göstərilir. Bu da təbdil boyu
hadisələrin daha çox vəziyyətlər halında insan simasının və nəfsinin təzahürü olaraq diqqəti cəlb edir. Əslində,
bununla da təbdildə təsvir olunan hadisənin şəraitini, vəziyyətini, məkanını, vaxtını göstərən hissə tamaşanın quruluşçu
rejissoru Elşən Zeynallı
tərəfindən ekspozisiya
edilir. Bu da aktyor ifasının
daha dolğun bir şəkildə
təqdim olunmasını
mizanlarda təsdiqləyir.
Bununla da rejissor pyesin ideyasına, ana xəttinə uyğun olaraq maraqlı bir səhnə əsərinin ərsəyə gəlməsinə nail ola bilir. Onun
quruluşunda səhnədə olan hər bir detal belə maraqla izlənilir və baxılır. Əslində, hadisələr səhnədə bir məkanda cərəyan
edir. Ancaq rejissor Elşən Zeynallı bir məkan görünüşünü öz traktofkası ilə ikiyə bölməsi tamaşanın
daha da baxımlı olması üçün ümdə şərait yarada bilir. Tamaşanın daha baxımlı
olması üçün cərəyan edən hadisələrin, vəziyyətlərin reallığı və dolğunluğu üçün yüksək ritm yaratmaqla səhnədəki mizanlar rejissor
traktofkası ilə yanaşı daha dəqiq göstərilə bilir.
Pyesdə cərəyan edən hadisələrin inkişafı olduqca surətli və eyni zamanda təbiidir.
Rejissorun səhnə quruluşu əlvan mizanlarla əvvəldən sonadək dramatik gərginliklə
inkişaf edir.
Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu isə Könül
Şahbazovadır. Tamaşanın maraqla izlənilməsində quruluşçu rəssamın da işi xüsusi olaraq qeyd
edilməlidir. Rəssam
Sevda Məmmədovanın
maraqlı tərtibatı rejissor işi ilə həmahəng səslənməklə maraqla izlənilir.
Kənd həyatının
canlılığı və absurd təxəyyül
mənbəyi olan detalların
daha çox istifadə edilməsi
həm də tamaşaya xüsusi bir zövq verməklə diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, pyesdə yaranan ziddiyyət və ya münaqişənin
(konfliktin) başlanğıcından ta sonunadək davamlı olaraq musiqi tərtibatı da təbdil olunan səhnə əsərinin ideya bədii xüsusiyyətlərinin açılmasına yaxından yardımçı ola
bilir. Musiqi tərtibatçısı Rauf Hüseynlinin, rəqslərin quruluşçusu isə Könül
Şahbazovanın uğurlu işi həm rejissor həm də rəssamın birgə əməyinin bəhrəsi olaraq maraqla
baxılır.
Doğrusu, Bakı Uşaq Teatrının repertuar zənginliyi maraqla qarşılanmalıdır.
Çünki bu repertuarın formalaşmasında təkcə uşaq tamaşalarının nəzərdə tutulması gələcəkdə yeni Uşaq və Gənclər teatr
tamaşaçı auditoriyasının formalaşması istiqamətində xüsusi əhəmiyyətə malikdir.
Əslində, teatr
bir növ ictimai səsdir, baxışdır, qınaqdır, xalqın fikri və dilidir. Xalq həyatda gördüklərini fərdi olaraq düşünər,
amma vahid dili olmadığına
görə danışa bilməz. Məhz teatr və bu kimi digər sənət
növləri xalqın
dilidir. Məhz teatr bu
cür neqativ halları
və gördüklərini səsləndirər.
Sətirlərin arasında
incə bir halda,
komediya janrında
səsləndirər və xəfifcə
gülər.
Anar Bürcəliyev,
teatrşünas