"Teatrda onu gözümçıxdıya saldılar”
Canəli Əkbərov: "Onlar böyük sənətkarlardır, belə kiçik yerlərə gəlməzlər”
Bir neçə gün öncə xalq artsiti, xanəndə Qəndab Quliyeva 68 yaşında ürək və xroniki böyrək çatışmazlığından dünyasını dəyişdi. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olundu. Lakin dəfn mərasimində xanəndə Canəli Əkbərov istisna olmaqla heç bir mədəniyyət xadimi, o cümlədən də Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı iştirak etmədi. Azərbaycanda teatr səhnəsinin "Leyli”si olan Qəndab Quliyeva haqda onunla bir səhnəni bölüşən, tamaşalarda sevgili olan Canəli Əkbərov xatirələrini danışır:
-İlk olaarq tanışılığınızdan danışaq. Qəndab xanım xatirinizdə necə iz buraxdı?
-Qəndab Quliyeva ilə Asəf Zeynallı adına Musiqi Kollecində tələbə ikən tanış olmuşam. Bəstəkar Vasif Adıgözəlov xahiş etdi ki, onu operaya qəbul edək. Elə oldu ki, 1982-ci ildə o Füzuli rayonundan Bakıya gələrək operaya çıxdı. Tarzən Bəhram Mansurov, baş dirijor Rauf Abdullayev, Azər Rzayev, Qəmər Almaszadə də vardı. Hamımız ona qulaq asdıq. Rauf Abdullayevin bir balaca tərəddüdü olsa da, Bəhram Mansurov onu razı saldı, "qara kişmiş şirin olar” dedi.
Teatrdan bixəbər olduğu üçün onun pedaqoqu oldum. Bəhram Mansurov onu müşayiət edə-edə ona bəzi nəzəriyyələri başa saldım. Bir neçə ay zəhmət çəkdik. Xüsusən də onu bir obraz kimi təqdim etməkdə böyük işlər gördüm. 3 aylıq ilkin hazırlıqdan sonra Qəndabla tərəf müqabili olduq, "Leyli”m oldu. Yavaş-yavaş üzərində işlədi. Fransaya birgə səfərlərə getdik. O vaxt Fransadan mənə dəvət gəlmişdi. Lakin Polad Bülbüloğlu dedi ki, yaxşı olar ki, qızı da özünlə aparasan. Qəndab bir həftəyədək evimizdə qaldı. Ona "Çahargah” muğamını seçdim, hazırlaşdıq, birgə işlədik, daha sonra Parisə yola düşdük.
-Müslüm Maqomayevin 50 illik yubileyində birgə oxuduğunuz "Qarabağ” şikəstəsi də yaddaşlara həkk olunub. Obrazların böyük əksəriyyətində sevgili olmusuz...
-"Leyli və Məcnun”, "Əsli və Kərəm”, "Aşıq Qərib dastanlarında”, "Gəlin Qayası” operasında tərəf müqabili olduq. İfalarımız çox uğurlu alındı. Müəyyən zaman keçdi, Qəndabla Avstriyaya ezam olunduq. 22 gün birgə qastrolda olduq, mehmanxanada qaldıq. Yaylığım mahnısını duet olaraq təqdim etdik. Zaman keçdikcə ailə bağlarımız quruldu.Evimizin yanında yerləşən Heydər Əliyev parkında keçirilən konsertdən sonra Qəndab evimizə gəldi. Hətta qonaq qalıb yoldaşımın donunu da geydi. Bu qədər ailəlikcə yaxın bağlarımız oldu. Bir yerdə böyük uğurlarımız oldu. Neçə dəfə müraciət edib ki, hansısa ifanı ona öyrədim.
- Zaman keçdikcə Opera və Balet Teatrında sıxışdırıldı...
-Bəli zaman keçdikcə teatrda onu gözümçıxdıya saldılar. Daha sonra onu teatrdan uzaqlaşdırdılar. Bu zaman mən Mədəniyyət və İncəsənət Universitetində muğam sənəti üzrə kafedra müdiri işləyirdim. Zəng etdi ki, bəs küçələrdə qalmışam, mənim üçün ağla, bir göz yaşı axıd. Ilyas Əfəndiyevin kiçik oğlu, o zamankı rektor Timurçin Əfəndiyevə yaxınlaşıb Qəndabın dərdini dedim. Dedim ki, yerlindir, Füzulidəndir, gəl, ona kömək edək. Xahişim yerinə yetirildi, Mədəniyyət və İncəsənət Universitetində işə götürüldü.
-O zaman ev şəraiti necə idi?
- Hələ o vaxtlar teatrımızn 8-cü mikrorayonda yataqxanası var idi. Qəndabın da qalmağa yeri, ev almağa da imkanı yox idi. Direktordan xahiş etdim ki, ona qalmaq üçün bir ev, yer tapaq. Qəmər Almaszadə, Azər Rzayev və mənim dəstəyimlə 8-ci mikrorayonda yerləşən yataqxanada ona bir otaq aldıq. Rəhmətlik anası Füzulidə olurdu. Dedi ki, kömək elə anamı yanıma gətirim. Gedib anasını Füzulidən gətirdim. Ona qarşı hər zaman diqqətli və səmimi olmuşam.
- Digər sənət yoldaşları niyə dəfndə iştirak etmədi?Bu soyuqluq nədən qaynaqlanırdı?
- Bu cür qəliz işlərə baş qoşmuram. Hər kəs özünə cavabdehdir. Yoldaşları onun hüzrünə gəlməyibsə, özləri bilsin. Ölüm xəbərini eşidən kimi Lənkərandan ailəmlə birgə qayıdıb Təzəpir məscidinə gəldim. Meyit namazına yetişdim.
- Arif Babayev, Mənsum İbrahimov da dəfndə iştirak etmədi.
- Onlar böyük sənətkarlardır, belə kiçik yerlərə gəlməzlər. Mən Allah adamıyam, hacıyam. O mənim evimin adamı olub.
-Mənzil şəraiti necə idi?
-Bir evi vardı, prezident İlham Əliyev ona mənzil bağışladıqdan sonra öncəkini qızına bağışladı.
-Son illər onu efirdən, sənətdən uzaqlaşdıran səbəblər nə idi?
-Bilmirəm, bu haqda məlumatsızam.
Nigar Cahid