Yuxarı

İfası ilə internetdə fenomenə çevrilən azərbaycanlı qız: “Tanınmış adamlar təklif edirlər ki...” - MÜSAHİBƏ - FOTO

İfası ilə internetdə fenomenə çevrilən azərbaycanlı qız: “Tanınmış adamlar təklif edirlər ki...” - MÜSAHİBƏ - FOTO

Redaksiyamızın qonağı son günlər sosial şəbəkələrdə səsi ilə məşhurlaşaraq fenomenə çevrilmiş Çinarə Məlikzadədir. Onun ifaları sosial şəbəkədə paylaşıldıqdan sonra sürətlə yayılıb və heyranlarının sayı durmadan artır. Çinarə Məlikqızı ilə Cebhe.info-nun redaksiyasında söhbətləşdik.  -Xoş gəlmisiniz, Çinarə xanım. Dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirik.  -Xoş gördük, mən də öz növbəmdə hər kəsi salamlayıram, diqqət göstərib dəvət etdiyiniz üçün təşəkkürümü bildirirəm. -İstərdik ki, sizi tanımayanlar üçün özünüzü bir daha təqdim edəsiniz. -Mən 1990-cı ildə oktyabr ayının 11-də Bakı şəhərində anadan olmuşam. Uşaq yaşlarımdan musiqiyə marağım olub. Anam mənim əlimdən tutaraq bəstəkar, xalq artisti Oqtay Zülfüqarovun yanına aparıb. İlk addımlarım elə məhz ordan başlayıb. Ailəmizdə musiqiçi yoxdur, 5 illik fortepiano təhsilim var. Bir çox müsabiqələrdə çıxış etmişəm, bunlardan “Yeni Ulduz”, “Pöhrə” müsabiqələrini deyə bilərəm. Hətta  “O səs Türkiyə” müsabiqəsində də iştirak etmişəm. 2012-ci ildə isə Mədəniyyət və İncəsənət Universitetinin estrada aktyorluğu fakültəsini bitirmişəm. -Necə oldu birdən-birə qərar verdiniz ki, ifalarınızı sosial şəbəkədə paylaşasınız? -Bu fikrim çoxdan var idi, amma risk edə bilmirdim. Düşünürdüm ki, edim, amma utanırdım. İstəyirdim ki, bir gitarist olsun yanımda, gitara ilə musiqilər ifa edim. Sonra düşündüm ki, gitarist hər zaman yanımda ola bilmir, elə ən yaxşısı masa ilə özümü müşayiət edim. İlk videonu çəkib bir dostuma atdım. O da məndən xəbərsiz yerləşdirdi səhifəsinə və hər şey də burdan başladı. Test olaraq atmışdım dostuma ki, baxsın. -Musiqi sahəsinə ilk qədəmlərini qoyduğunuz andan bu günə qədər heç məhrumiyyət və məhdudiyyətlərlə qarşılaşmısınızmı?  -Xeyr, heç bir məhdudiyyətim olmayıb. Əksinə, anam məni aparırdı Oqtay müəllimin yanına. Sonra mən 15 nömrəli məktəbdə 5 il fortepiano təhsili aldım. -Səsiniz, istedadınız buna imkan verdiyi halda niyə indiyə qədər sırf musiqi sahəsində addım atmadınız?  -Hesab edirəm ki, bu sahə sırf şansdan asılıdır. İndiyə qədər də bir çox səhnələrdə çıxışlar etmişəm, amma bu qədər tanınmamışam. Lakin bu gün şansım gətirdi, dostum videonu paylaşdı və bir anlıq minlərlə insan tərəfindən tanındım. Yəni bu sənət sırf şansla bağlıdır. Belə deyək ki, indiyə qədər şansım gətirməyib. Heç məndən olsa, o videonu paylaşmazdım. Etiraf edim ki, bir az da utancağam. Utanardım ki, mənə nə deyəcəklər? Lakin dostum paylaşdı və gözlənilməz yaxşı nəticələr oldu. -Artıq streotiplər qırıldı və sizi minlərlə insan tanıyır. Bunun davamlı olmağını istərdinizmi, yeni videolar çəkib paylaşacaqsınızmı?  -Bəli, artıq istəyirəm ki, yeni musiqilər ifa edim, yeni videolar çəkib paylaşım. Özümün də xoşuma gəldi belə müsbət qarşılanmağım. Davam edəcəyəm. Daha da peşəkarlığa doğru inkişaf etdirmək istəyirəm. İstərdim ki, özümə aid bir mahnı ifa edim, məni o mahnı ilə tanısınlar. -Artıq müəyyən qədər tanınırsınız. Bu günlərdə sizə iş təklifləri gəlirmi?  Ciddi peşəkar təklifləri qəbul etmək istərdinizmi?  -Əlbəttə, təkliflər gəlib. Hətta mənimlə yox, atamla - anamla əlaqə saxlayıb işə dəvət edirlər ki, mən təklifi qəbul edim. Ən çox duet təklifləri gəlir. Hətta bu təkliflər içərisində tanınmış adamlar da var ki, duet oxumaq istəyirlər. Ciddi, peşəkarlığa aparan təkliflər olsa qəbul etməyi və musiqi sənətini davam etdirməyi fikirləşirəm. -Siz tanındıqdan sonra sizə qarşı münasibətlərdə dəyişiklik hiss etdinizmi? -Əlbəttə. Yaxşı mənada dəyişiklikləri hiss edirəm. Hətta yolla gedərkən də tanıyanlar çıxır rastıma. Görürəm, məni göstərib deyir ki, bu qız mahnı oxuyan qızdır. Belə maraqlı hadisələrlə də rastlaşıram, mənə qəribə gəlir. -Bəs mənfi münasibət göstərənlər oldumu?  -Əlbəttə. Bir adamı hamı sevə bilməz. Kiminsə də xoşuna gəlmir. Mən də elə bir insanam ki, kənardakıların fikri ilə oturub-durmuram. Fikir vermirəm. Bundan öncə də belə olmuşam, bundan sonra da belə olacağam. Kimlər nə düşünürsə düşünsün,  yaxşı düşünənə təşəkkür, pis düşünənənə də həmçinin. Hər birinə böyük hörmətlə yanaşıram. Məni işim maraqlandırır. -Musiqidən başqa məşğuliyyətiniz, bir işiniz varmı? -Xeyr, bir müddət işlədim, hal-hazırda heç bir məşğuliyyətim yoxdur. -Sosial şəbəkələrdən istifadə edirsiniz. Bəs sosial şəbəkələrdə yayımlanan siyasi, mədəni prosesləri, xəbərləri izləyirsinizmi?  -Yox, mütəmadi izləmirəm, nadir hallarda hansısa xəbər qarşıma çıxdıqda , marağımı çəkdikdə oxuyuram. -Özünüzdə nəyi bəyənmirsiniz?  -Utancaqlığımı heç bəyənmirəm, çox həyəcan keçirirəm, həm də tənbələm. -Yəqin gecikirsiniz də.  -Əlbəttə, o qədər... Çox astagələm, ləng tərpənirəm deyə çox vaxt gec qalıram. -Mütaliə edirsinizmi? -Arabir edirəm. Nə yalan deyim, gec-gec kitab oxuyuram. Türkiyədə olanda axırıncı kitabı oxumuşam, o vaxtdan indiyə qədər oxumamışam. -Sizcə niyə indiki gənc müğənnilər mütaliəyə zaman ayırmır? -Yəqin ki, vaxtlarını musiqiyə, sənətə həsr edirlər deyə vaxtları olmur. -Video yayıldı, siz tanındınız. Bu qədər tanındıqdan sonra xasiyyət və davranışlarınızda hansısa bir dəyişikliyin olduğunu hiss etmisinizmi? -Xeyr, hələ ki, hiss etməmişəm. -Daha çox hansı ölkədə yaşamaq istərdiniz? -Mən Türkiyədə yaşayıram. Bura sadəcə bir müddətlik gəlmişəm. Elə Türkiyədə də yaşamaq istərdim. -Türkiyədə tanınmaq daha çətindir, yoxsa Azərbaycanda?  -Mənim fikrimcə, Türkiyədə daha çətindir. Çünki orada çoxlu sənətçilər, musiqiçilər var. Hər bir halda Azərbaycanda da çətindir. -Bəs sizin dinlədiyiniz, sevdiyiniz yerli və xarici musiqiçilər varmı? -Türkiyə musiqiçilərindən Sezen Aksunu, Sılanı çox bəyənirəm, yerlilərdən Şövkət Ələkbərov, Teymur Əmrah dinləyirəm. Ən son elə Şövkət xanımın ifasını dinləmişəm. -Həyatda ən böyük arzunuz nədir? -Öz ayaqlarımın üzərində dayanmağımdır. -Bu gün kimin ayaqları üzərində dayanmısınız? -Öz ayaqlarımın da üzərində dayanıram, amma valideyinlərimin dəstəyi hər zaman üzərimdədir. Mən istərdim ki, özüm öz ayağım üzərində dayanım, ailəmə də kömək edim. -Ən çox nədən peşmanlıq hissi yaşayırsınız? Nədən peşmansınız? -Bəzi şeylər var ki, ondan peşmanam. Amma bu haqda danışmaq istəmirəm. -Nə vaxtsa bu işi atım, başqa bir işlə məşğul olum hissi yaşamısınız? -Olub, bəli. Mən vizaj da bacarıram. Düşünmüşəm ki, musiqini kənara qoyub vizajla məşğul olum, sonra fikrimdən dönmüşəm. -Son olaraq media vasitəsilə sizi izləyənlərə, sevənlərə nə demək istərdiniz? -Hər birinə təşəkkürümü bildirirəm. Sözün düzü, bu qədər şişirdiləcək heç nə yoxdur. Hərdən deyirlər ki, siz xalq artisti adına layiqsiniz, siz titullara layiqsiniz. Amma məncə, çox şişirdirlər. Bu, Allahın verdiyi bir səsdir. Mən də oxuyuram. Yenə də hər bir kəsə diqqəti, sayğısı üçün dərin təşəkkürümü bildirirəm. Rövşən Əsədov Cebhe.info