Yuxarı

Putinin "gedişi" Qafqazı qarışdıracaq?

Putinin

Rusiya Dövlət Qvardiyasının rəis müavini Sergey Melikov  Dağıstan Respublikasının rəhbəri  postuna əsas namizəddir. Bu xəbəri Rusiya  Qafqaz Xalqları Konqresinin həmsədri  Ruslan Qurbanov da təsdiq edib.

O bildirib ki, Ramazan Abdulatipovun istefasına xeyli müddət idi hazırlıq gedirdi. "Sergey Melikov  bölgəni yaxşı tanıyır. Bir neçə il prezidentin Şimali Qafqaz Hərbi Dairəsi üzrə səlahiyyətli nümayəndəsi olub.  Tezliklə Dağıstan Respublikasına  Sergey Melikov rəhbərlik edəcək.  Lakin mənim bildiyimə görə,  inanılmaz səviyyədə korrupsiya, klançılıq  və yeyinti ilə üzləşmiş Melikov bir neçə dəfə bu təklifdən imtina edib. Kreml  məqsədyönlü  şəkildə Şimali  Qafqaz respublikalarının rəhbərliyinə federal səviyyədə karyera qazanmış  generalları gətirir”, - R.Qurbanov belə deyib. 

Həmsədrin verdiyi məlumata görə, Dağıstan Respublikasının rəhbəri postuna  daxili işlər naziri Abduraşid Məhəmmədov və baş  nazirin müavini Aleksandr Xloponin də namizəddir. 
Vəzifədən istefa verən R.Abdulatipov milliyyətcə avardır.  Onun əvəz edəcək şəxsin isə avar olmayacağı artıq məlumdur. Xatırladaq ki, Dağıstanda 100-dən artıq xalq yaşayır. 


Rusiya mediasına  sızan məlumata görə, Dağıstan Respublikası  rəhbəri postuna ən real namizədlərdən biri   Federasiya Şurasının sədr müavini, milliyyətcə dargin olan  İlyas Umaxanovdur.  O, yerli şəraiti yaxşı bilir. 

Cebhe.info xəbər verir ki, Dağıstanın  sosial-iqtisadi inkişafı ilə bağlı Moskvanın  R. Abdualtipovdan narazılığı olmayıb. Abdulatipov  tutduğu vəzifədən imtina etməsini yaşının çox olması ilə izah etsə də, ona Rusiya rəhbərliyi daha yüksək vəzifə təklif edib.  Abdulatipov  deyib ki,  vəziyyətin yaxşılaşdırılması üçün bir çox rayonların 10-15 il vəzifədə olan rəhbərlərinin dəyişməli olub. "Biz Dağıstanın  şəhər və rayonlarının 80 faizinin rəhbərlərini dəyişdik”, - Ramazan Abdulatipov belə deyib. 

Gələcək planlarından söz açan Abdulatipov bundan sonra elmi, yaradıcı və ictimai fəaliyyətlə məşğul olacağını istisna etməyib. 

Ancaq  R.Abdulatipovun  istefaya göndərilməsi  görünür,  səbəbsiz olmayıb və  bu məsələ Rusiya Prezidentinin Administrasiyasında bir müddət məxfi müzakirə olunub.  Xüsusilə də rəhbər  posta hərbçi generalın gətirilməsi  Kremlin Dağıstan da daxil olmaqla Şimali Qafqazla bağlı hansısa planlarının olmasından xəbər verir.  Abdulatipovun açıqlaması  belə qənaətə gəlməyə  əsas verir ki, rəsmi Moskvanı Dağıstanda ekstremizm və terrorizm  təhlükəsinin qalması narahat edir. Ona görə də Dağıstanın rəhbəri vəzifəsinə general Melikovu gətirmək qərara alınıb.  

Rusiyanın  hüquq-mühafizə və təhlükəsizlik orqanları Dağıstan meşələrində hələ də vəhabilərin gizləndiyini, onların döyüşmək üçün Yaxın Şərqə getdiyini bildirir. Ramazan Abdulatipovun sözlərinə görə, 2015-ci ildən bəri Dağıstan Respublikasından Suriyaya döyüşmək üçün 600 terrorçu gedib. 

"Dağıstan rəhbərinin bəxti onda gətirdi ki, terrorçuları Suriyanın üzərinə atdı və gərginliyi yatırdı”,- deyə  "Control Risks” Beynəlxalq  Analitik  Konsaltinq  Şirkətinin rəhbəri  Nəbi Abdullayev bildirib. 

"Kremlin səhvi bumeranq effekti verəcək”

Politoloq Qabil Hüseynlinin fikrincə, Dağıstanın rəhbərliyinə edilən dəyişiklik zamanı Rusiya prezidenti Vladimir Putin siyasi səhvə yol verib:

"Boris Yeltsinin prezidentiliyi dövründə Rusiya Federasiyasına daxil olan respublikaların rəhbərləri prezident statusu daşıyırdı və onları xalq seçirdi. İndi isə  Dağıstanda vəziyyət çox gərginləşib və  Rusiyada  kriminallaşmaya, ekstremizmə rəvac verir.  Belə bir vəziyyətdə  rus generalın Dağıstana rəhbər təyin edilməsi dağlı xalqlarını çox qəzəbləndirib. Dağıstan Şeyx Şamilin, böyük din xadimlərinin vətənidir.  Ona görə də hesab edirəm ki, Vladimir Putinin siyasi səhvi  bumeranq effekti verəcək. Rusiya Tatarıstanda vəziyyəti dəyişmək istəyir.  Orada prezidentin seçilməsinin qarşısını almaq və Moskvadan təyin etməyə çalışır. Bu da həmin xalqlarının Yeltsin dövründə qazandıqları demokratiya və müstəqillik elementlərinin üzərindən xətt çəkir”.

Qabil Hüseynli onu da bildirib ki, Sergey Melikovun ekstremizm və terrorizmlə mübarizə məqsədilə Dağıstana rəhbər gətirilməsi barədə deyilənlər reallığı əks etdirmir.  Ekspertin fikrincə,  əsas səbəb Dağıstanda kriminal vəziyyətin ağır olmasıdır: "Sabitliyi bərpa etmək üçün Abdulatipovun yerinə yerli xalqlardan birini təmsil edən general da  gətirilə bilərdi. Əsas məsələ ondan ibarətdir ki, Dağıstan Respublikasının statusu  əməlli-başlı pozulub”.  

Müşfiq Abdulla 





Həftənin ən çox oxunanları