Yuxarı

Məmurların hədəfindəki Bakı: Baş plan yenə dəyişir

Məmurların hədəfindəki Bakı: Baş plan yenə dəyişir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının baş planını yenidən dəyişdirmək istəyir.

Qeyd edək ki, "2015-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında paytaxtın bütün inzibati ərazisini əhatə edən "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı (Baş plan) layihəsi hazırlanıb və  bir çox dövlət təşkilatları ilə razılaşdırılıb. Bununla belə, Bakı şəhərinin Baş planı üzərində iş tam başa çatdırılmayıb, onun Azərbaycan Respublikasının hökuməti tərəfindən təsdiq olunması təmin edilməyib. Ümumiyyətlə, Azərbaycanda qəribə tendensiya yaranıb. 

Hər hansı bir quruma yeni rəhbər təyin olunanda köhnənin gördüyü bütün işlərin üzərindən xətt çəkir. Buna rayonlara təyin edilən İcra Hakimiyyəti başçılarını da misal çəkmək olar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də eyni üslub, eyni metod davam edir. 

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bu ilin fevralında vəfat edib və ölkə başçısının müvafiq fərmanı ilə 21 apreldə Samir Nuriyev quruma rəhbər təyin olunub. Görünən odur ki, Samir Nuriyev də ondan öncə görülən işlərin üzərindən xətt çəkərək, yenidənqurmanı sıfırdan başlamaq niyyətindədir.

Qurumun yaydığı məlumata görə, hazırkı mərhələdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı (Baş plan)” layihəsinin qiymətləndirilməsinin və son illərdə reallaşdırılmış şəhərsalma layihələri ilə əlaqədar aktuallaşdırılmasının təşkili nəzərdə tutulur. Komitədən həmçinin bildirilir ki, növbəti müddət ərzində sənədin yenilənməsi və müvafiq təşkilatlarla əlavə razılaşdırılması işi aparılacaq. Bu prosesə yerli mütəxəssislərlə yanaşı, nüfuzlu beynəlxalq ekspertlərin də cəlb olunması nəzərdə tutulur.

Bakının Baş planının dəyişdirilməsinə Bakı şəhər İcra Hakimiyyəti də öz mövqeyini bildirib. Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin yaydığı açıqlamada bildirilirdi ki, müzakirəyə çıxarılan layihədə şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmayıb. Bu iradlardan sonra qurum layihəyə yenidən baxılacağını bildirmişdi. 

Nəzərə alsaq ki, sözügedən layihə Hacıbala Abutalıbovun Bakı meri olduğu zaman hazırlanıb və razılaşdırılıb. Hazırda isə BŞİH hazırlanan layihəni bəyənmədiyini bəyan edir. Görünən odur ki, bu layihə hələ çox dəyişdiriləcək. Digər tərəfdən, Hacıbala Abutalıbovun baş nazirin müavini təyin olunması ilə BŞİH-nin başçısı vəzifəsi boş qalıb. Müxtəlif ehtimallar səslənsə də, hələ ki, Bakı meri postu heç kimə verilməyib. Prosesin gedişatı onu göstərir ki, Bakının Baş planı bütün hallarda dəyişdiriləcək. Bakı meri postuna təyinat olduqdan sonra, yeni gələn başçının təzə layihəni bəyənməmək məsələsi də ehtimallar arasındadır. 

Qeyd edək ki, "Böyük Bakının Regional İnkişaf Planı” 2035-cu ilədək dövrü əhatə etməlidir. Belə görünür ki, paytaxtımızın  Baş planı hələ çox dəyişdiriləcək.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da "Cümhuriyət” qəzetinə şərhində bunun doğru yanaşma olmadığını deyib: "Şəhərsalma çox ciddi bir məsələdir. Ona görə də bütün dünyada şəhərsalmaya çox böyük diqqət ayrılır. Azərbaycanda da uzun müddət öncədən şəhərsalma ilə bağlı müəyyən işlər görülürdü. Lenin deyirdi ki, köhnəni dağıtmadan, yenini qurmağa doğru. Sadəcə olaraq, bəzi adamlar özünü doğrultmaq üçün, yəni, "mən gəlmişəm, hakimiyyətdəyəm” demək üçün köhnənin bütün yaratdıqlarını dağıdıb sıradan çıxarır. 

Bu, yanlış yanaşmadır. Dövlətçilik varislik ənənəsi üzərində mövcuddur. Bu ənənəni gözləməyəndə təbii ki, dövlət çox böyük ziyan görür. Ona görə də bu, yanlış məsələdir. Hətta "Qış bulvarı” sovet hökuməti dövründə Bakının dövlət planına daxil idi. Əgər indi də sovet hökumətinin planı əsasında planlaşdırma aparırıqsa, o zaman yeni dövrdə hansısa dövlət planını pozmaq nə dərəcədə məntiqli olar? Hesab edirəm ki, bu, məmur özbaşınalığından başqa bir şey deyil”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları