Yuxarı

Biləsuvar sakinindən Prezidentə və Birinci xanıma müraciət: "15 ildir haqsızlığa məruz qalıram”

Biləsuvar sakinindən Prezidentə və Birinci xanıma müraciət:

Biləsuvar sakinindən Prezidentə və Birinci xanıma müraciət:

Biləsuvar rayon Bəydilli kənd sakini Xudaverdi Bədirov yaşadığı ərazidə 15 ildir üzləşdiyi haqsızlıqla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

"200 baş qoyunu saxlamaq üçün üçün mənə bircə qarış da torpaq verilmədi”

"Cümhuriyət” qəzetinə daxil olan müraciətdə deyilir:

"Cənab Prezident! Çox hörmətli Mehriban xanım! Mən, Xudaverdi Bədirov Allahverdi oğlu 2005-ci ildə adıma həyətyanı torpaq sahəsi götürmək üçün Bəydilli kənd bələdiyyəsində qeydiyyata alınmışam. Mənə qeydiyyata alınmağım haqqında sənəd verilib. Lakin bu illər ərzində mənə torpaq sahəsi ayrılmadığına görə dəfələrlə Biləsuvar rayon İcra Hakimiyyətində oldum. O vaxtdan bu günə qədər bir neçə icra başçısı dəyişib, lakin indiyədək mənim torpağımı verməyiblər. Oğlanlarım hərbi xidməti başa vurub qayıtdıqdan sonra 4 uşağı yerbəyer etmək çətinləşdi. Min çətinliklə yaratdığım təsərrüfatı saxlamağa da torpaq istəmişdim. Lakin 200 baş qoyun təsərrüfatımın olmasına baxmayaraq, onları saxlamaq üçün mənə bircə qarış da torpaq verilmədi. Halbuki kiçik və orta sahibkarlığa dəstək dövlətin əsas diqqəti mərkəzində olan və qarşıya qoyulan prioritet sahələrdəndir. Mən dövlətdən nə bir qoyun istədim, nə maddi dəstək. Sadəcə övladlarımla bərabər çalışıb qurduğum təsərrüfatı saxlamaq üçün icarə haqqını ödəmək şərti ilə torpaq sahəsinə ehtiyacım var. Dəfələrlə həyətyanı və təsərrüfat üçün torpaq almaq üçün rəsmi dövlət qurumlarına şikayət etdim.

Sabiq Ombudsman Elmira Süleymanovanın zamanında Ombudsman aparatına hüquqlarımın pozulması ilə bağlı rəsmi müraciətimdən sonra mənə torpaq verildi və aparata cavab göndərildi ki, vətəndaşın şikayətinə baxılıb, torpaqla təmin edilib. Lakin bir neçə gündən sonra həmin torpağı başqa bir şəxsə satan Bəydilli kənd bələdiyyəsi İlqar Kərimovla, Bəydilli kəndinin icra nümayəndəsi Adil Cəfərov mənə dedi ki, sənin torpağını şəhid ailəsinə verdik. Əvəzində sənə yenidən torpaq verəcəyik. Mən şəhid hamımızın olduğu üçün razı olduğumu bildirdim. Lakin mənə yenə torpaq verib, bir daha eyni adla satdılar.

Odur- budur ki, mənə torpaq verilmir. Ondan sonra bütün aidiyyatı qurumlara müraciət edib, mənə kömək etmələrini xahiş etdim. Buna görə də Biləsuvar rayon İcra Hakimiyyətindən (o zaman icra hakimiyyətinin başçısı hər kəsin tanıdığı Mahir Quliyev idi-müəll.) məni müxtəlif formalarda sıxışdırmağa başladılar. Elə hər şey də bundan sonra başladı. İlk öncə qaz və su sayğaclarıma əsassız borc yazıldı. Bunun səbəbini izah edərkən mənə "hamıya necə, sənə də elə” sözündən başqa heç bir əsaslandırma gətirmədilər. Lakin hər kəs bilir ki, bu məntiqsiz yanaşma səbəb ola bilməz. Bunun üçün aidiyyati qurumlara dəfələrlə şikayət etsəm də, şikayətim qanuni əsaslarla təmin olunmadı”.

"190 manat yardımdan da imtina etdim”

X.Bədirov bildirir ki, ona qarşı olunan təzyiqlər bununla da bitməyib:

"Şəxsimə qarşı olunan təzyiqlər bununla da bitmədi. Qanunsuz torpaq alveri ilə məşğul olan Bəydilli kənd bələdiyyəsinin sədri İlqar Kərimov iş birliyi içində olduğu polis baş leytenantı Nicat Şirinovla həyətimə gəlib, məni təhdid etdi. Mən də buna görə telefonla çəkiliş apardım. Bunu görən Nicat Şirinov dedi ki, əgər çəkilişi davam etdirsən sənin ayağına zəbt yazacağıq.

Guya mən haranısa zəbt etmişəm. Mən də dedim ki, əgər zəbt faktı varsa, məni həbs edin. Onda Nicat Şirinov bələdiyyə sədri İlqar Kərimovla birgə maşına oturub getdilər. Bundan sonra İlqar Kərimovla Bəydilli kənd icra nümayəndəsi Adil Cəfərov mənə qarşı qərəzli mövqe tutaraq, təzyiqləri davam etdirdilər. Dövlətin övladlarımla mənim adıma illər öncə əkin üçün verdiyi 1.46 hektar əkin sahəsi var. İlqar Kərimovla Adil Cəfərov həmin torpağın 35 sotunu mənimlə sahə qanşusu olan Cəlal Əliyevə satıb. Şəxsən Cəlal Əliyevlə telefon danışığımız zamanı özü etiraf etdi ki, 5 ildir oranın sənədini Bəydilli kənd bələdiyyəsindən alıb. Mən həmin ərazini Cəlal Əliyevdən qanuni yollarla, bələdiyyə vasitəsi ilə ala bilmədiyimi gördükdə, bir traktor icarəyə götürüb, əkin sahəmə gəldim. Əkin sahəmin mənə verilən vaxtdan özüm müəyyən etdiyim nişanları var.

Çünki onu nişanları əkdiyim söyüd ağacları ilə konkretləşdirmişəm. Traktorla həmin nişanlar əsasında torpağımın Cəlal Əliyev tərəfindən qanunsuz əkilən hissəsini şumladım. Cəlal Əliyev də işi belə görüncə, özünü haqlı çıxarmaq üçün məndən polisə şikayət etdi. Məhz bundan sonra Bəydilli kənd bələdiyyəsi Cəlilabad rayonundan gələn nümayəndələrin də iştirakı ilə mənim əkin sahəmi ölçdülər və məlum oldu ki, Cəlal Əliyev əkin sahəmin 35 sotunu illərdir ki, qanunsuz əkib- biçib.

Baş leytenant Nicat Şirinov həyətimdə məni təhdid edərək "sən mənim gücümü bilirsən də”- deyir. Ölkəmizin haqq müharibəsini nəzərə alaraq dövlətin işsizlər üçün sosial müavinət kimi ayırdığı 190 manat yardımdan da ailəmlə birlikdə imtina etdim. Pandemiyanın, işsizliyin və qışın çətinliyinin hökm sürdüyü bir vaxtda da mənə yaşamağa imkan vermir, ailəmlə birlikdə ölümə məhkum edirlər. Ailəmi dolandırmaq üçün min çətinliklə qurduğum təsərrüfatı inkişaf etdirməyimə icazə verilmir.

Bələdiyyədən təsərrüfat üçün torpaq istədim, hətta onlara istifadəsiz olan dərə və təpə yerləri də göstərib, orada mənə təsərrüfatı inkişaf etdirmək üçün şərait yaratmalarını xahiş etdim. Bu müraciətimə də baxılmadı. Əsas gətirildi ki, o yerlər kanalın mühafizə zolağıdır. Lakin həmin ərazi indi kimlərəsə satılıb və əkilmək üçün şumlanıb. Mənə təsərrüfat üçün torpağı o yerdən vermələri şərt deyil. İstənilən yerdən versinlər, amma yetər ki, versinlər. Bu müraciətimə də baxılmadı”.

"Məni susdurmağa çalışdılar”

X.Bədirov bildirir bi, övladlarına ev tikmək üçün həyətyanı torpaq sahəsi də verməyiblər:

"Növbəti dəfə müraciət etdim ki, heç olmasa mənim 4 övladımın hərəsinə 20 sot olmaqla yan-yana torpaq verin ki, həm orada təsərrüfatı inkişaf etdirim, həm də yetkinlik yaşına çatan övladlarımı evləndirim. Yalnız bütün bunları dövlətin qanunları əsasında, tələb olunan rüsumu ödəməklə istədim. Amma bunun əksinə olaraq, məni susdurmağa və bu kimi tələblərimdən əl çəkdirməyə çalışdılar.

Digər tərəfdən isə bəzi öyrədilmiş şəxslər vasitəsi ilə məqsədli şəkildə qoyunlarımı dövlətin çəkdiyi yoldan keçirməyə qoymurlar. Təsərrüfatımı saxlamaq üçün də torpaq verilmir. Bəs mən necə yaşayım? Cənab Prezident! Hörmətli Mehriban xanım! Siz özünüz çıxışlarınızda xalqın maraqlarını qorumağı, kiçik təsərrüfatların inkişaf etdirilməsini və fərdi təsərrüfatların inkişafına hər cür şərait yaradılmasını bu məmurlara tövsiyə edirsiniz. Lakin polis əməkdaşları hər dəfə bir bəhanə ilə məni və övladlarımı polis idarəsinə çağırıb təhdid edir və qanunsuz əsaslarla ittiham edirlər.

Övladlarımı məndə uzaqlaşdırıb, didərgin salmağa, məni isə tək qoymağa çalışırlar. Lakin hər dəfə mənim haqlı olduğum, qarşı tərəfin isə haqsız ittihamlarla məni idarəyə çağırdığı nəticəsinə gəlinir. Lakin yenə əl çəkmirlər və qonşuluqda yaşayan qadını öyrədib onun əliylə mənim övladlarımı şərlətmək istəyirlər. Mən 60 yaşda ağsaqqal utanıram ki, hansısa qadın haqqında polisə əks şikayət edim. Baxmayaraq ki, həmin qadın öyrədilmiş şəkildə, əsassız iddialarla övladımı şərləyir və polis baş leytenantı Nicat Şirinov da bu məsələdə böyük canfəşanlıqla, əsassız şəkildə olsa da övladımı tutduracağı bildirir”.

"İcra başçısı dedi ki, torpağımız yoxdur”

Xudaverdi Bədirov qeyd edir ki, Biləsuvar rayonu İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla görüşü zamanı problemlərini ona danışsa da, heç bir nəticə hasil olmayıb:

"Cənab Prezident! Hörmətli Mehriban Xanım! Yaşamaq və təsərrüfatımı saxlamaq üçün 15 il ərzində Bəydilli bələdiyyəsində torpaq növbəsinə durmağıma baxmayaraq, şəxsimə qarşı Bəydilli bələdiyyəsinin sədri İlqar Kərimov və Bəydilli kənd icra nümayəndəsi Adil Cəfərov tərəfindən, sadaladığım bu və bunun kimi onlarla qanunsuz işlər görülüb.Tək məqsəd isə mənə torpaq istəyimdən əl çəkdirməkdir. İlqar Kərimov kənd təsərrüfatı təmayüllü torpaqları öz xeyri üçün başqalarına verir, amma haçan getsəm, torpaq yoxdur deyilir. Sonuncu dəfə 22 yanvarda Bəydilli kənd icra nümayəndəsi Adil Cəfərov yaşadığım ünvana gəlib həmin gün saat 11:00-da rayonun İcra başçısı Faiq Qürbətovun məni onlayn formatda qəbul edəcəyini dedi. Təxminən saat 12-də kənd icra nümayəndəsi Adil Cəfərovun kabinetində onlayn formatda Faiq müəllim tərəfindən qəbul olundum. İcra Hakimiyyətinin başçısı da mənə bildirdi ki, topraq yoxdur, amma həll etməyə çalışacaqlar. Lakin indiyə qədər heç bir nəticə yoxdur, mənimlə bir maraqlanan belə olmayıb. İcra başçısına da bildirdim ki, bu pandemiya dövründə heç bir yardım olmadan yaşamaq üçün nə etməliyəm? Ailəm və dörd övladım bu təsərrüfata baxır. Faiq müəllim isə cavabında dedi ki, indi torpağımız yoxdur. Cənab Prezident! Çox hörmətli Mehriban Xanım! Mən öz adımdan, övladlarım adından sizdən kömək istəyirik. Biz əminik ki, bu problem yalnız Sizin müdaxilənizlə həllini tapacaq”.

Əli Bədir