Bunu "Cümhuriyət” qəzeti və Cebhe.info-nun baş redaktoru Rəfail Becanov sosial şəbəkələrdə DİM-in imtahanındakı suallardan birinin sosial şəbəkədə yayılması və müzakirəsiylə bağlı danışarkən deyib.
O, DİM-in açıqlamasına diqqəti çəkib:
"Bildiriblər ki, magistraturaya qəbul imtahanında tələb olunan qaydalara əsasən, imtahan iştirakçıları cavab kartı ilə yanaşı, sual kitabçasını da nəzarətçiyə təhvil verməlidirlər. Fevralın 28-də keçirilən imtahanda 1 nəfər diqqətdən yayınıb və sual kitabçasını özü ilə aparıb. Həmin şəxs daha sonra kitabçanın şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb. Həmin bakalavrın kimliyi bəllidir və hazırda bu məsələ ilə bağlı araşdırma aparılır. Belə hallara yol verən imtahan iştirakçılarının nəticələri ləğv olunur.
Struktur olaraq DİM məsələnin mahiyyətini kənara qoyub və mənbəni birbaşa hədələyib. Həmin bakalavrın imtahan nəticələrini ləğv edəcəklər də!
Amma bu cavabla başqa bir məsələni cəmiyyətə çatdırıblar ki, məhz belə yanıtmac suallara görə kitabçalar abituriyentlərdən, bakalavrlardan geri alınır. Yoxsa niyə cavablandırılmış suallar olan kitabça geri alınsın ki? Məgər onların test bankı yoxdur ki, növbəti testlərdə suallar dəyişdirilsin? Təbii ki, test bankı var. Lakin suallar hamısı bu gündədir deyə gizlətməyə çalışırlar. Çünki əldə konkret fakt olanda ictimai müzakirəyə çıxır, iradlar bildirilir. Fakt olmayanda isə "qərəzdir” deyib absurd cavablarla ictimai qınağı yönləndirirlər. Bu dəfə belə olmayıb”.
Baş redaktor DİM-in imtahan strategiyasını səhv adlandırıb:
"Sanki abituriyentləri, bakalavrları imtahana yox, məşhərə çəkirlər. Onların fəaliyyəti qəbulu sadələşdirmək əvəzinə ölkədə təhsil almaq haqqı olanları təhsildən yayındırmağa yönəlib. Məhz belə sualların ucbatından abituriyentlərimiz, bakalavrlarımız təhsilini davam etdirmək üçün xaricə üz tutur və pulumuz xaricə gedir”.