Yuxarı

Azərbaycanı bütövləşdirməyin əsasları

Azərbaycanı bütövləşdirməyin əsasları

butovaz_1

İkinci yazı

Biz burada daha çox Azərbaycanın bütövləşdirməyin əsaslarını, yəni bütövləşdirmə yolundakı əsas prinsiplərimizi ortaya qoymaq istəyirik. Bizcə, Azərbaycanı bütövləşdirməyin əsasları aşağıdakı məsələlərin aydınlığa qovuşmasıyla birbaşa bağlıdır:

1. Yeni dönəmdə tarixi-coğrafı Azərbaycanın siyasi-ideoloji Azərbaycana çevrilməsi yolundakı ilk addımlar - Əfşarlar dönəmində Azərbaycan vilayətinin qurulması:

2. Azərbaycanın Qacarlar dönəmindəki yeri və mövqeyi;

3. Azərbaycan Cümhuriyyətinin qurulması və Azərbaycanın bütövlüyü məsələsinin yeni qoyuluşu;

4. Sovetlər Birliyi və  İran-Pəhləvilər dönəmində Azərbaycanın bütövlüyü məsələsinin siyasi və milli aspektləri;

5. Quzey Azərbaycanın müstəqilliyi dönəmində Güney Azərbaycanda yüksələn “İstiqlal” ideyası.

Əgər biz birinci və ikinci məsələlərə bir bütün şəkildə yanaşsaq görərik ki, yeni dönəmdə “tarixi-coğrafi Azərbaycanı” siyasi-ideoloji Azərbaycana çevirən və ona rəsmi status verən Nadir şah Əfşar, onun yolunu davam etdirən Ağa Məhəmməd şah Qacarvə Abbas Mirzə olmuşdur. Dogrudan da, bu üç Türk dövlət xadimi Azərbaycanın bütövləşməsi ugrunda çox mücadilə vermiş, bu yolda önəmli işlər görmüşlər. Ancaq əgər bugünkü “Azərbaycan tarixi” kitablarında onların adları yalnız başkəsən, yadelli işğalçı, qaniçən hökmdarlar kimi yazılırsa, deməli Azərbaycan milli ideyasının, Azərbaycanın bütövlüyünün mahiyyətini sözqn həqiqi mənasında dərk etməmişik. Bu məsələylə bağlı hökmən deməliyəm ki, nə vaxta qədər “Azərbaycan xalqının tarixi”ni deyil, “Azərbaycan tarixi”ni, yəni yalnız coğrafi bir ərazinin tarixini yazacaq, buna uygun olaraqsinkretik bir tarix uyduracağıqsa, o zaman Nadir şahlar, Ağa Məhəmməd şahlar, Abbas Mirzələrbizlər üçün doğma deyil, yad olacaqlar. Bu məsələnin burada geniş izahına yol vermədən deyə bilərik ki, xalqın deyil, coğrafi ərazi tarixini yazmağa davam etidyimiz üçün mövcud “Azərbaycan tarixi” kitablarında da bizə bəlli səbəblərdən, əsasən Azərbaycanın bütövləşməsindən çox Azərbaycanın parçalanmasını təbliğ edlir. Çünki bu gün Azərbaycan tarixçilərinin əksəriyyətində cəsarət və iradə yoxdur ki, Azərbaycan türklərinin tarixini yazsınlar.

Halbuki bu gün biz Azərbaycan türk xalqının tarixi çərçivəsində tariximizi öyrənsək görərik ki, Nadir şah, Ağa Məhəmməd şah, Abbas Mirzə kimi Türk böyükləri Azərbaycan üçün mücadilə vermiş və bu yolda şəhid olmuşlar. Bu gün onları türk, qacar, əfşar, azərbaycanlı və sair adlandırmağımızdan asılı olmayaraq onlar bu torpaqlarda savaşlar vermiş, özlərini şah elan etmiş Azərbaycan türkləridir. Əgər biz bunu doğru şəkildə övladlarımıza çatdıra bilmiriksə, deməli Azərbaycanın bütövlüyü söz olaraq qalacaqdır. Ancaq bugünkü yeni nəsil bilsə ki, Nadir şahlar, Ağa Məhəmməd şahlar, Abbas Mirzələr onların ata-babalarıdır, özləridirlər, onların müstəqil və azad yaşamaları üçün çar Rusiyası, İngiltərə, Fransayla mübarizə ediblər, o zaman yeni nəslin özünə inamı da artacaq, bütövlük ideyasına daha da möhkəm sarılacaqdır. Bu anlamda Azərbaycanın bütövləşməyin ilk prinsipi bugünkü nəslin Nadir şahlara, Ağa Məhəmməd şahlara, Abbas Mirzələrə sahib çıxmaları və onların törəmələri, davamçıları olduğunu bilməlidirlər.

Quzeyli-güneyli yeni nəsil bilmlidir ki, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacardan sonraAzərbaycanın bütövlüyü uğrunda mübarizə aparan Türk Qacar dövlətinin vəlihədi, Azərbaycan hökmdarı Abbas Mirzə də olmuşdur. Dogrudur, Abbas Mirzə Azərbaycanın bütövlüyü ugrunda çar Rusiyasına qarşı apardığı iki müharibənin ikisində də yenilmişdi. Həmin müharibələr isə “Azərbaycan Türk xalqının tarixi”nə Gülüstan (oktyabr 1813) və Türkmənçay ( fevral 1828) sülh müqavilələri kimi yazılmışdır. Bəs, bugünkü quzeyli-güneyli Azərbaycan türk xalqı Abbas Mirzənin məğlubiyyətinin əsas səbəblərini bilirmi?! Yoxsa, hələ də hesab edirik ki, yalnız çar Rusiyasının qoşunları Abbas Mirzəninin Azərbaycan türk ordusundan hərbi texnologiyada üstün olduqları üçün hər müharibədən qalib çıxdı?! Bizcə, indiyə qədər “Azərbaycan tarixi” kitablarında, eyni zamanda başqa kitablarda şüurlarımıza yeridilmiş “akademik tarix”in əsil mahiyyətini dərk etmədikcə “Gülüstan” və “Türkmənçay” barış müqavilələrinə münasibətimiz dəyişməyəcəkdir. Əgər bir xalqın tarixində onun hökmdarının - Ağa Məhəmməd şah Qacarın Şuşada öldürülməsinə mədhiyyələr yazılmışdırsa, hələ də bu davam edirsə, təbii ki, Azərbaycan hökmdarı Abbas Mirzənin də bütövlük  uğrunda apardığı müharibələrinibəzilərinin dili ilə desək, özümüzdən “İran adlanan ölkə”nin adına yazmaqla kifayətlənəcəyik. Halbuki “İran adılanan ölkə”farslardan, farsdililərdən çox türklərə, türksoylulara bağlıdır.

Burada onu hökmən qeyd etməliyik ki, “İran adlanan ölkə”ni ən azı son min ildə Türk sülalələrinin idarə etdiyini yazan Azərbaycan Cümhuriyyətinin qurucusu, milli ideoloqumuz Məhəmməd Əmin Rəsulzadə hesab edirdi ki, Azərbaycana İran dövlətinə qardaş və arxadaş kimi baxmalıdırlar. Bu sözləri Rəsulzadə o zaman yazırdı ki, artıq çar Rusiyasının işğalı altında olan Quzey Azərbaycan müstəqilliyinə (1918-1920-ci illər) qovuşmuşdursa, buna ən çox sevinən İran-Türk Qacarlar dövləti olmalıdır.Halbuki bunun tərsinə, Quzey Azərbaycanın müstəqillik əldə etməsini Türk Qacarlar dövlətində başqa yerə yozanlar tapılır. Rəsulzadə işarə edirdi ki, Quzey Azərbaycanın müstəqillik əldə etməsini İran Azərbaycanın gələcəkdə onunla birləşməsi kimi yozanlar spekulyasiyaya yol verirlər. Çünki o dönəmdə Qacarlar dövlətinin yetkililərindən bir qismi, özəlliklə İran türkləri Azərbaycan Cümhuriyyətinin  qurulmasına sevindiyi halda, digərləri daha çox da farsdilli təbəbə bundan rahatsız idilər. Bu isə öz əks-sədasını indi olduğu kimi, mətbuat səhifələrində tapırdı.

Bizcə, həmin dövrdə Rəsulzadənin həm yeni Türk Cümhuriyyətinə Azərbaycan adının verilməsində israr etməsi, daha sonra Türk Qacarlar dövlətinin bu məsələdəki rahatsızlığına gətirdiyi izahlar bu gün üçün də çox önəmlidir. Əslində Rəsulzadə apardığı milli mücadilə yolunda heç bir zaman İranı idarə edən Türk Qacarlar dövlətinə qarşı kəskin mövqe tutmamışdır. Sadəcə, Rəsulzadə daima İranın demokratikləşməsi, konstitusiyalı və parlamentli bir ölkəyə çevrilməsinə çalışmışdır. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra da Rəsulzadə İranla-Türk Qacarlar dövlətiylə münaqişələrə girməkdən yan qaçmış, Türk-Müsəlman-demokratik Azərbaycan dövlətinin müstəqilliyinin İran üçün də zəruriliyindən bəhs etmişdir. Bizcə, Rəsulzadənin bu mövqeyi Azərbaycanın bütövləşdirilməsi yolunda əsas prinsiplərdəndir. Yəni öncə İrana “Türk İranı” kimi baxmaq və Azərbaycanı “Türk İranı”na düşmən deyil, tam əksinə qardaş və arxadaş olaraq görmək. Şübhəsiz, Rəsulzadənin İrana baxış açısı çox doğru idi. Bu baxış hər hansı bir formada gələcəkdə quzeyli-güneyli Azərbaycanı gücləndirməyə, bütövləşdirməyə hesablanmışdır.

Ümumiyyətlə hesab edirik ki, 20-ci əsrin əvvəllərində Quzey və Güney Azərbaycan türkləri, onun tanınmış simaları Nəsib bəy Yusifbəyli, Məhəmməd Əmin Rəsulzadə, Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və başqaları, əsasən Azərbaycanın mənəvi, daha sonra fiziki birliyi ugrunda çox mühüm işlər görmüşlər. Təbii ki, burada müəyyən yanlışlıqlar və kənara çıxmalar olmuşdur, amma bu məsələyə bir bütün kimi yanaşsaq, bütövlük yolunda ciddi addımlar atılmışdır. Onlar bu mübarizəni apararkən indi olduğu kimi, Azərbaycanı İrandan müdafiə etməyi deyil, bütün İrana sahib çıxmağı düşünmüşlər. Yəni Quzey Azərbaycanın müstəqilliyi var olduqca İran Azərbaycanı özünü daha güclü hesab edəcək, İranda Azərbaycan mühüm və mərkəzi yer tutacaqdır.

Amma etiraf etməliyik ki, Sovetlər Birliyi və  İran-Pəhləvilər dönəmində Rəsulzadənin və digərlərinin bu ideyasına qarşı antitəbliğat maşını işə düşdü. Belə ki, Quzey Azərbaycanın müstəqilliyini əsasən itirməsi (1920 aprel), çox keçmədən İranda Türk Qacarlar dövlətini Fars Pəhləviləri əvəz etməsi Güney Azərbaycanda Quzey Azərbaycana olan münasibəti dəyişməklə yanaşı, onun statusu da aşağı düşdü. Bu isə Azərbaycanın bütövlüyü yolunda müəyyən dəyişiklikəri özüylə bərabər gətirdi. Burada əsas məsələ bir-birinə yaxın iki Türk dövlətinin - Azərbaycan Cümhuriyyətinin və İran Qacarlar dövlətinin mahiyyətinin dəyişməsi, bunun əvəzində zahirini qoruyub saxlaması idi. Belə olduğu təqdirdə, artıq iki Azərbaycanın bir olması məsələsi başqa aspektlərdən gündəmə gəlməyə başladı. Yəni Azərbaycanın bütövləşməsi məsələsi SSRİ tərəfindən milli məsələdən kənara çıxarılaraq “beynəlmilələşdirildi”.

Bu anlamda, özəlliklə SSRİ rəhbərliyinin başçılığıyla 2-ci Dünya müharibəsi illərində Azərbaycan SSR ilə İran Azərbaycanının birləşdirilməsi olayı, Azərbaycanın bütövləşdirilməsi yolunda müsbət cəhətləriylə yanaşı, mənfi məqamları ilə də tarixə iz saldı. Hər halda Güney Azərbaycanda Milli hökumətin yaranması həm buradakı Azərbaycan türklərinin Pələvilərə qarşı özünü ifadəsinin bir örnəyi, həm də Quzey Azərbaycanla birləşə bilməsi ideyasını daha da gücləndirdi. Sadəcə, Azərbaycanın bütövlüyü ideyasının SSRİ tərəfindən ortaya atılması, daha sonra Moskvanın bunun arxasında dayanmaması kimi fikirlər də btün Azərbaycan türklərinin yaddaşında mənfi iz buraxdı. Bu gün Quzey Azərbaycanın müstəqilliyi Güney Azərbaycanın müstəqilliyi üçün əsas prinsiplərdən biri olmaqla yanaşı, bütövlüyə doğru gedən yolda bir mayakdır. Doğrudur, İran türkləri arasında yalnız Azərbaycana deyil, bütövlükdə İrana sahib çıxmaqla bağlı da ideya vardır. Təbii ki, İrana sahib çıxmaq üçün də öncə güclü, bütöv və yenilikçi Azərbaycan olmalıdır!!! Yəni bütün hallarda Azərbaycan bir olmalıdır ki, ondan sonra digər ideyalarımızı həyata keçirək.

Faiq Ələkbərov





Həftənin ən çox oxunanları