Yuxarı

Şirkət işçilərinin maaşını vermir

Şirkət işçilərinin maaşını vermir

azerinsaat1"Azərinşaatservis" MMC-də qalmaqallar bitmək bilmir. Belə ki, şirkət artıq 5-ci aydır öz işçilərinə əməkhaqqı ödəmir. Əməkhaqqları ödənilməyən işçilərin redaksiyamıza ünvanladığı şikayət məktubunda bildirilir ki, yüzlərlə işçi artıq 5 aydır ki, əməkhaqqı almır: “Dəfələrlə şirkət rəhbərliyinə müraciətlər etsək də, bizə vədlər verilir, ancaq əməkhaqqlarımız ödənilmir. Biz hətta bölgələrdə işləyən işçiləri də topladıq, şirkət qarşısında aksiyalar da keçirtdik etirazlar etdik, bizi sakitləşdirmək üçün yaxında əməkhaqqıların veriləcəyini  vəd etdilər. Amma heç bir xeyri olmadı. Biz də ailə sahibiyik, bizim də uşaqlarımız, ailəmiz var, artıq heç nə istəmirik, halal əməyimizin haqqını istəyirik”.

azerinsaatƏməkhaqqıları ödənilməyən işçilər çarəsizlikdən "Azəryolservis" ASC ofisi önündə də piket  keçiriblər. Onları qəbul edən şirkət rəhbərliyi əməkhaqqılarının ödənilməsi istiqamətidnə real addımlar atmayıblar. Qeyd edək ki, yayılan informasiyalara görə, nəqliyyat naziri Ziya Məmmədov “Azərinşaatservis” üçün Beynəlxalq Bankdan 500 milyon manat kredit götürüb. Bu vəsaitə “Azərinşaatservis” üçün ağır texnika alınıb. Həmin texnika Nəqliyyat Nazirliyinin layihələrində icarəyə verilib və yaxşı gəlir əldə olunub. Lakin buna baxmayaraq kredit borcu qaytarılmayıb. Əvəzində “Azərinşaatservis” Beynəlxalq Banka verilib. Beynəlxalq Bankla bağlı kredit qalmaqalı başlayanda bu barədə ölkə başçısı Ilham Əliyevə məlumat verilib. Bundan sonra Ziya Məmmədovun qara günləri başlayıb. Faktla bağlı "Azərinşaatservis" şirkətinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Şirkətin Hüquq Departamentindən Fərid Məmmədov adlı şəxs bildirdi ki,   şirkət rəhbərliyindən bir neçə şəxs həbs edilib, ona görə də əməkhaqqıların verilməsində ciddi problemlər yaranıb: “Rəhbərliyimiz yoxdur və ciddi maliyyə sıxıntıları var. Özümüz daxil bütün işçilərin əməkhaqqılarının  nə vaxt veriləcəyi barədə heç nə bilmirik”. Fərid Məmmədov onu da qeyd etdi ki, maliyyə hələ "Azəryolservis" ASC tərəfindən köçürülmədiyi üçün bazada maliyyə yoxdur.

Məsələ ilə bağlı "Azəryolsevis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Onun bildirdiyinə görə, "Azəryolservis" ASC sifarişçi şirkətdir: “Layihələr elan edir və o layihələrdə tenderi qazananlar bizimlə müqavilə bağlayır və biz də layihə çərçivəsində bütün maliyyə məsələsini həll edirik. Bununla yanaşı, "Azərinşaatservis" MMC ilə də bir neçə layihələr həyata keçirmişik ki, həmin layihələrin də maliyyəsi köçürülüb və işlər tam qanun çərçivəsində həyata keçirilib. Həmçinin öz növbəmizdə "Azərinşaatservis" şirkətinin əməkdaşlarının bizim şirkət qarşısında piket keçirməsindən də xəbərimiz var. Hətta biz həmin insanları qəbul etdik, onları dinlədik və proseduru onlara izah etdik və onların nəyə görə məhz bizim şirkət önündə piket keçirməsini anlaya bilmirik”.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları