Yuxarı

Qanunsuz müdaxilələraradan qaldırılacaqmı?

Qanunsuz müdaxilələraradan qaldırılacaqmı?

Rusvet (1)

“Yoxlamalar birmənalı şəkildə sahibkarlar üçün əlavə xərclərin yaşanması deməkdir”

Azərbaycanda sahibkarların fəaliyyətinə ciddi əngəllər yaradılır. Bəzən bu qədər bezdirici olur ki, sahibkar obyektini bağlamaqdan başqa çıxış yolu görmür. Şikayətlər isə əsasən vergilərlə bağlı olur. Əsassız vergi yoxlamaları və sahibkarların “yüklənməsi” ölkədə çox ciddi narazılıq yaradır. Bu problemi yaradan dövlət məmurları düşünmürlər ki, bağlanan obyekt əslində dövlətə vurulan zərbədir. Bu hər obyektdə çalışan işçilərin işsiz qalması deməkdir ki, bu da dövlət üçün potensial yükdür.

Elə Prezident İlham Əliyevin hökumətin son iclasında səsləndirdiyi tənqidi fikirlər də bu sahədə problemlərin ciddi xarakter aldığını deməyə əsas verir. Dövlət başçısının inhisarçılıq, qanunsuz yoxlama və lisenziyalaşdırma, sahibkarların incidilməsi ilə bağlı fikirləri bütün instansiyalarda müzakirə olunmaqda, mütəxəssislər tərəfindən təhlil edilməkdədir. Milli Məclisin son iclasında da bu məsələ müzakirə edildi. Millət vəkilləri Yevda Abramov və Fəzail Ağamalı öz çıxışlarında sərt fikirlər səsləndirərək gömrükdəki monopoliyaya qarşı açıq hücuma keçdilər.

“Bu, artıq sondur”

Qeyd edək ki, F.Ağamalı “Prezident İlham Əliyevin çağırışı artıq sondur. Bunun ardınca artıq konkret addımlar atılacağını düşünürəm”, - deyə bildirib. Onun sözlərinə görə, sahibkarlığı boğan və sahibkarlığın inkişafına maneələr yaradanlar bilməlidir ki, artıq neftdən pul gəlmir: "Sahibkarlara süni maneələr yaradanlar anlamalıdır ki, Prezidentin dediyi kimi, ölkə büdcəsini doldurmağın yeganə mənbəyi sahibkarlığın inkişafıdır.

Ona görə də düşünürəm ki, Prezidentin bu çağırışlarına əhəmiyyət verməyənlər dövlət başçısının sərt iradəsi ilə üzləşəcəklər. Çox güman ki, onlar öz vəzifələri ilə vidalaşacaqlar. Ölkə Prezidentinin bu çağırışlarına əhəmiyyət verməyən istənilən şəxs qanun qarşısında cavab verməlidir. O, təkcə vəzifəsindən uzaqlaşmalı deyil, yığdığı sərvət də araşdırmalıdır. Nəhayət, vəzifə başında olanlar bəlkə bundan sonra bu cəzalardan nəticə çıxara bildilər”.

F.Ağamalı Prezident İlham Əliyevin “ASAN xidmət” mərkəzləri ilə bağlı səsləndirdiyi fikirlərə də toxunub. O, qeyd edib ki, adıçəkilən qurumun korrupsiyanın qarşısının alınması istiqamətində çox böyük xidmətləri var: “Azərbaycan brendi hesab edilən “ASAN xidmət” Prezidentin birbaşa öz layihəsidir. Hesab edirəm ki, bu qurum korrupsiya və rüşvətxorluğun aradan qaldırılmasında çox önəmli rol oynadı. Amma təəssüflər olsun ki, hələ də korrupsiyanın kökü kəsilməyib. Ölkə Prezidentinin dediyi kimi, sahibkarlara təzyiqlər var. Sahibkarların rahat işləməsinə imkan verilmir, yersiz yoxlamalar aparılır. Bu da sahibkarlığın inkişafına maneələr yaradır”.

“Xarici qonaqları görəndə “mil dururlar”

Politoloq Tofiq Abbasov isə bildirib ki, bu çıxışın arxasında ölkədə bu istiqamətdə olan ciddi problemlər dayanır: “Gömrüklə və digər fiskal orqanlarla bağlı  əlbəttə ki, cəmiyyətdə çox böyük narazılıqlar var. Hər bir insan əgər dövlət sərhədini keçirsə, ya Azərbaycandan xaricə, ya da xaricdən Azərbaycana gəlirsə, ilk növbədə, bizim vətəndaşlardan söhbət gedir, təbii ki, narazılıqlarla qarşılaşırlar. Bu, nədən ibarətdir?! Birincisi, gömrük əməkdaşları bir çox hallarda öz səlahiyyətlərini aşırlar, vətəndaşlarla çox kobud rəftar edirlər. Deyərdim ki, etinasızlıq göstərmək, psixoloji təzyiq etmək onların sanki adətinə çevrilib. Çox qəribə bir durum yaranır ki, Azərbaycan vətəndaşları ölkəyə geri qayıdanda onlara çox kobud və anlaşılmaz bir münasibət sərgilənir. Ölkəyə qayıdan yerli vətəndaş, bu ölkənin yiyəsi sayılan vətəndaş onların gözündə düşmən obrazına çevrilir. Xüsusən də Bakı hava limanındakı gömrük işçiləri xarici qonaqları görəndə “mil dururlar”, ancaq Azərbaycan vətəndaşlarına kobudluq göstərirlər. Bu çox incə və aktual məsələdir. Azərbaycan vətəndaşı ölkəsinə qayıdırsa və əlbəttə ki, heç bir qanunu pozmayıbsa, qadağan edilmiş əşyaları, malları gətirmirsə, nəyə görə ona qarşı bu qədər nifrət olmalıdır. Nə özlərini təqdim edirlər, nə qadın-kişi sayırlar. Bu iradları təsdiq etmək üçün xeyli sayda sübutlar, dəlillər var. Və hər bir vətəndaş bunu təsdiq edə bilər. Mən özüm də dəfələrlə bu neqativ hallarla rastlaşmışam”.

“Problemi həll etmək mümkün deyil”

Məsələ ilə bağlı “Cumhuriyət”ə danışan iqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, ölkədə dövlət orqanları tərəfindən sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin olması faktları bununla artıq, bir neçənci dəfədir ki, etiraf edilir: “Belə ki, Prezident İlham Əliyev hökumətin bundan əvvəlki iclaslarında, həmçinin digər yerlərdə etdiyi çıxışlarında bu məsələyə hər dəfə toxunub”.  P. Heydərov deyir ki, hətta bu sahədə bütün xoşagəlməz halların aradan qaldırılması məqsədilə müvafiq sənədlər də imzalanıb, tapşırıqlar da verilib: “Lakin belə görünür ki, problemi həll etmək mümkün deyil. Bu da fikrimcə, həm də ondan irəli gəlir ki, bəzən sahibkarların özləri də bunda bu və ya digər formada maraqlı görünürlər. Məsələ ondadır ki, heç bir əsas olmasa, heç bir dövlət orqanı və yaxud hökumət strukturu da sahibkarlıq fəaliyyətinə müdaxilə edə və onu yoxlaya bilməz. Buna şərait yaradan bəzi amillər və nüanslar var. Həmin amillərdən ən başlıcası isə vergilərdən yayınma halları üçün münbit şəraitin olması faktlarıdır. Və beləliklə də bu kimi mövcud şəraitdən bəhrələnməyə çalışan sahibkarlıq strukturları digərlərini də öz güdazlarına verirlər. Əgər, sahibkarın fəaliyyətində heç bir problem yoxdursa və vergilərini vaxtlı-vaxtında ödəyə bilirsə, başqa sözlə desək, buna qadirdirsə, heç bir rəsmi instansiya ona yaxın gələ bilməz və gəlməməlidir də...”

İqtisadçı-ekspert vurğulayır ki, ölkədə ilk növbədə vergi sistemi və dərəcələri sadələşdirilməlidir: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün mövcud vergi sistemi heç bir ağırlıq təşkil etməməlidir. Dövlət orqanı və yaxud hökumət strukturu sahibkarlıq fəaliyyətinə müdaxilə edirsə, deməli orada sövdələşməyə yer var. Hesab edirəm ki, ölkədə sahibkarlıq üçün əlverişli və daha münbit şərait yaradılarsa, onların özləri sözügedən tendensiyaya son qoyacaqlar”.

Lisenziyalaşdırma fəaliyyətinə münasibət bildirən Pərviz Heydərov qeyd etir ki, ölkəmizdə bu sahədə islahat xarakterli addımlar atılmasına çoxdan ehtiyac var: “Əvvəla, aydınlaşdırılmalıdır ki, lisenziyalaşdırma nə üçündür. İkincisi, sözügedən sahədə lisenziya tələb olunan fəaliyyət növlərinin ümumi sayına baxmaq lazımdır. Bizdə lisenziya az qala bütün fəaliyyət növləri üçün verilir. Halbuki lisenziya xüsusi diqqət tələb edən və nəzarətdə saxlanılmalı olan fəaliyyət növlərinə verilməlidir. Məsələn, inkişaf etmiş ölkələrdə lisenziyalar o istehsalla məşğul olan sahibkarlara və müəssisələrə verilir ki, onların işi gələcəkdə insanların sağlamlığına və təhlükəsizliyinə ziyan vurmasın. Ona görə də, bizdə onların sayı çoxdur. Əslində uzağı 20-dən çox fəaliyyət növünə lisenziya verilməlidir. Hesab edirəm ki, burada da bir pəncərə sistemi tətbiq etməklə, bu funksiyanı mərkəzləşdirilmiş qaydada yerinə yetirmək lazımdır”. Ümumiyyətlə ekspertlər düşünürlər ki, yoxlamaların sayının az olması sahibkara daha həvəslə işləməyə, fəaliyyətini genişləndirməyə imkan verəcək. Yoxlamaların həddən artıq olması, eləcə də yersiz müdaxilələr Azərbaycanda sahibkarlıq mühitinin inkişafını əngəlləyən əsas faktorlardan biridir. Onu nəzərə alaq ki, yoxlamalar birmənalı şəkildə sahibkarlar üçün əlavə xərclərin yaşanması deməkdir. Bəzi hallarda bir-birini təkrarlayan dövlət qurumları, ümumiyyətlə, sahibkarlıq fəaliyyətini yoxlamaq hüququ olmayan belə səlahiyyətin verilmədiyi dövlət qurumları sahibkarlıq fəaliyyətini yoxlamaqla məşğuldur. Bu da nəticədə sahibkarlar üçün əlavə xərclərə gətirib çıxarır. Belədə bir tərəfdən sahibkar zaman baxımından itirir, çünki yoxlamalar vaxt itkisi deməkdir. Bu zaman əlavə xərclər də çəkilir. Ona görə də yoxlamaların sayının azaldılması, yersiz yoxlamaların ləğvi sahibkarlara bir sıra üstünlüklər verəcək. Bu üstünlük ondan ibarət olacaq ki, sahibkar praktik olaraq vəsaitə, vaxta qənaət edəcək, əlavə ödənişlər olmayacaq, onların iş fəaliyyəti yoxlanan dövlət qurumu tərəfindən dayandırılmayacaq.

Cavad