Yuxarı

Avtomobil yollarındakı süni maneələr...

Avtomobil yollarındakı süni maneələr...

yol_sokuntu_240915

Sürət həddi can almağa davam edir. Belə ki, sürücülərin  şəhərdən kənar yerlərdə "bərk getməsinin" qarşısını almaq üçün sürət həddini məhdudlaşdıran süni maneələr bəzən sıradan çıxır, bəzən isə sakinlər tərəfindən sökülür. Lakin bu maneələrin bərpası və yenidən qurulması istiqamətində və  onları sökən şəxslərin məsuliyyətə cəlb edilməsi barəsində heç bir addımlar atılmır, həmin süni maneələrin yerinə sürət həddini müəyyənləşdirən yol nişanları quraşdırılmır.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun fikrincə,  Bakı şəhərində həmçinin bölgələrdə yollara quraşdırılmış hərəkət sürətini məhdudlaşdıran süni maneələr tamamilə qeyri-qanuni şəkildə quraşdırılmışdır və həmin süni maneələri tənzimlərəyən heç bir qanunvericilik mövcud deyil. Belə ki, sözügedən avadanlıqların uzunluğunu, rəngini, materialını, hündürlüyünü, rəngini müəyyənləşdirmək üçün qanunvericilikdə heç bir məsələ öz əksini tapmamışdır, həmçinin süni maneələrin hansı yollara qoyulması barədə heç bir hüquqi sənəddə məlumat verilmir. Buna görə də həmin süni maneələr Yol İstismar İdarələri tərəfindən, "Azəryolservis"ASC tərəfindən, Rayon İcra Hakimiyyətləri tərəfindən sökülməlidir.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə deyir ki, bu cür hallara rast gəldikdə təmsil etdiyi qurum dərhal müdaxilə edir: "Bəli yollara yerləşdirilmiş süni maneələr məhz bizim tərəfimizdən sökülür. Bununla bağlı əməkdaşlarımız reydlər də keçirirlər. Hər hansısa faktlar aşkarlanarsa, biz hər zaman həmin süni maneəni aradan qaldırmağa hazırıq." Anar Nəcəfli onu da qeyd etdi ki, son günlər ərzində paytaxtın 23 küçəsində 60-dan çox süni maneə sökülüb. Sözügedən yol qurğularının quraşdırılması Dövlət Yol Polisi İdarəsinin və Nəqliyyat Nazirliyinin razılığı əsasında müəyyən edilmiş küçələrdə istisna hal kimi yerləşdirilə bilər. Başqa hallar və qanunsuz olaraq yollara süni maneələri quraşdıran şəxslər barəsində qəti şəkildə addımlar atılacaqdır. Süni maneələrdən istifadə edilməsi ilə bağlı Dövlət Yol Polisindən münasibət öyrənməyə çalışsaq da, əlaqə saxlamağımız mümkün olmadı.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları