Yuxarı

Ekranda “ər tapmaq formulu”

Ekranda “ər tapmaq formulu”

esra erol

Orta məktəb dərsliklərində aşağı sinif şagirdlərinə Cəfər Cabbarlının “Qız məktəbində” şeiri tədris olunur. Uşaq bu şeiri kitabdan oxuyur, əzbərləyir,  əvvəl anasına, sonra müəlliminə söyləyir, “5” alır və evə qayıdıb anasının izlədiyi serialların reklam fasiləsində səhər əzbərlədiyi şeirdə oxuduqlarından əsər-əlamət görməyəndə çaşıb qalır. Çünki uşaq “qızın ən yaxşı cehizinin onun savadı, biliyi olduğunu öyrədən” Cəfər Cabbarlıdan, yaxud ən yaxşı cehizin əxlaq olduğunu deyən ana-nənəsinin söylədiklərinin tam əksini eşidir. Həm də təkrarən, gün ərzində bir neçə dəfə.

Hər dəfəsində də bir qadın əlindəki qab-qacağı göstərib “qızımn cehizi ... şirkətindəndirsə, ər tapmağa nə var ki?” - deyib təhsilin də, Cəfər Cabbarlının da, uşağına normal tərbiyə verməyə şalışan ata-ananın da əziyyətini yerə vurur. Kimsə də dillənmir, bəlkə ona görə ki, qızı doğrudan cehiz üçün aldıqlarını bilir və bununla razılaşırlar? Yəni azərbaycanlı ər həyatını bir qutu qab-qacaq müqabilində quracaq qədər cılızdır? Əgər belə deyilsə, o zaman uzun zamandır ekranları zəbt edən, “ər tapmağın formulu olan” reklam niyə heç bir ictimai qınaq doğrumur? Bəlkə ona görə ki, hər kəs doğrudan bununla razılaşır? Hər kəs razılaşa bilər, amma gəlin heç olmasa əvvəldən Cəfər Cabbarlının şeiri ilə uşaqların beynini “korlamayaq”. Ekrandan hər gün gözümüzə üfürülən yalanların daha rahat qəbul etməsi üçün bir az da səy göstərək və inanın ki, bir neçə il sonra  indi gördükləri ilə oxuduqları üst-üstə düşməyən şagiridin təəccüb dolu baxışlarından əsər-əlamət qalmayacaq. Onlar da “ərə getməyin” formulunu öyrənib yaşamağın yolunu tapacaqlar.

Yaşamağın yolu isə deyəsən, həm də “hər şeyin satılmasından keçir”.

Bu, mənim ifadəm deyil, bu telekanalarda nümayiş etdirilən bir alqı-satqı mərkəzinin reklamından götürülən cümlədir. Adam elə-belə də deyir: “Hər şey satılır”. Doğrudanmı, hər şey satılır və bizim telekanallar bunu təbliğ etmək qədər cəmiyyətin inkişafına biganədir? Doğrudanmı, hansısa divanı yaxud kompyüteri satmaq üşün daha münasib ifadə seçmək mümkün deyildi? Bəs nə oldu Azərbaycan dilinin zənginliyi, bədii ifadə vasitələrinin gücü, şeiriyyəti...? Nəyisə alıb-satmaq üçün mütləqmi hər şeyin satıldığını deyib insanı buna inandırmaq lazımdır? Deyə bilrəsiz ki, insanlar onsuz da hər şeyin satıldğını bilir, amma axı təbliğat vasitələri həm də ən doğrunu, indiki halda heç də hər şeyin satılıq olmadığına inandırmaq kimi bir vəzifə də daşıyır. Heç olmasa hərdənbir əllərindəki imkanlardan bu məqsədlə istifadə etsələr olmazmı?

Xatırlayıram, çox da uzaq olmayan bir zamanda həmin bu telekanallar hansısa bir yağın gen-bol reklamını aparırdılar. Rusiyadan gətirdiyi gəlinin başına bir örpək salıb “milliləşdirən” bəy xanımı ailə məclisinə çıxarmışdı və... evin atasından tutmuş kürəkənə qədər hər kəs gözünü zilləyib rus gözəlinə baxirdi. Təkcə bu reklamla hansısa əcnəbinin Azərbaycana nəinki gəlin kimi, hətta turist kimi gəlməsini belə əngəlləmək olardı. Təsəvvür edin, böyük masa, ətrafına bütün ailə toplaşıb, Rusiyadan gələn gəlini gözləyir. Gəlin gəlir və qayınata, kürəkən rus qızının gözəlliyinə hayıl-mayıl olub süfrəni də, arvadlarını da, milli mentalitet deyib özlərinə lazim olan an qalxana çevirdikləri o nəsnəni də unudur. Gəlinə zillənən baxışlar hətta reklam edilən yağın məziyyətlərini də arxa plana keçirmişdi. Hər kəs belə ğözəlin əlindən zəhər içməyə hazır vəziyyətdə dayanmışdı, o ki qala hansısa yağla bişirilən yemək ola...

Bir tikinti şirkəti isə bu dünyada özünə bir dam ala bilməyənləri birbaşa “son mənzilə” göndərirdi. Bəli, təəccüblənməyin, birbaşa son mənzilə. Şəhəri başdan-başa bürüyən reklamlarda belə də deyilirdi: “Son mənzillər”. Şəxsən mən bu dünyanı qoyub o son mənzilin vaxtsız sahibi olmaq istəməzdim. Ölümlə assosiasiya edilən “son mənzil” ifadəsi deyəsən, sonra elə o şirkət rəhbərlərinin də xoşuna gəlmədi- reklamlar yığışdırıldı. Hər halda mən buna inanmaq istəyərdim, əgər “qeybətçi dillər” tikinti şirkətinin sadəcə, bazarda sıxışdırılması səbəbindən reklamlara da ehtiyac qalmadığını söyləməsəydi...

Şirkətin təklif etdiyi “son mənzillərin” satılıb-satılmadığını bilmədən reklamlar efirdən də, reklam şitlərindən də yığışdırıldı, amma hələ də hansısa tikinti şirkətinin reklamı yayınlananda bu dünyaya bizə son mənzil təklif edənləri xatırlayıram. Təbii ki, xoş sözlərlə yox...

Xarici reklamları “milliləşdirib” sarısaç Marinaya “Solmaz” deməklə kifayətlənmirlər, fantaziyalar o qədər irəli gedib ki, qadının gödəkçəsinə düşən ləkənin kabab yeyilərkən düşdüyünü “gözə soxurlar”. Azərbaycanlı kababla assosiasiya olunur axı... Qadın-kişi fərqi qoyulmadan, bizim gödəkçəmizə ləkə ancaq kabab yediyimiz zaman düşə bilər. Biz bundan daha aşağısına tənəzzül etmərik, yemək bizim köhnə şakərimizdi. O reklamı bizə uyğunlaşdıranlar da elə, bizlərdən biridi... Belə misallar kifayət qədərdir, bircə dəfə televizorun qarşısında oturmaq kifayətdir ki, hər şeyin alınıb-satıldığına inanasan. Axı insanlar ekrandan eşitdiklərinə daha tez inanır, hətta bunun əksini düşünsələr də.  Əlaqadar qurumlar isə susur, telekanallar reklam mətnlərinə məsuliyyət daşımadıqlarını deyir, reklam şirkətləri bugünkü şərtlər daxilində Azərbaycan bazarında işləməyin mümkünsüzlüyünü vurğulayır, reklam sahibləri isə susur. Ən vacib olan sonunculardır pulu verib, istədikləri mahnını sifariş edənlər. Onları isə heç nə düşündürmür, bu reklamlar onlar üçün çox zaman sadəcə, gözdən pərdə acmaq üçündür, zatən manopoliyanın hökm sürdüyü bazarda əhalinin onların təklifləri ilə razılaşmaqdan başqa çıxış yolu yoxdur. Özləri demişkən, hər şey satılır...

Sevil Ağazadə





Həftənin ən çox oxunanları