Yuxarı

Keyfiyyətsiz oyuncaqlar körpələrin həyatını təhlükə altına qoyur

Keyfiyyətsiz oyuncaqlar körpələrin həyatını təhlükə altına qoyur

oyuncaqBu gün bütün dükan-bazarlarda müxtəlif çeşiddə və rənglərdə uşaq oyuncaqları kifayət qədərdir. Bu oyuncaqlar nəinki balacaların, eləcə də böyüklərin diqqətini istər-istəməz özünə cəlb edir. Rəngarəng, maraqlı dizaynlı, çoxçeşidli bu oyncaqları bir çox valideynlər çox vaxt fərqinə varmadan belə  alıb uşaqlarını sevindirmək istəyirlər. Amma çoxları fərqinə varmır ki, bununla uşaqlarının səhhəti üçün təhlükə yaradırlar.   Oyuncaqların tərkibi təhlükəli kimyəvi qarışıqlardan ibarətdir   Ticarət mərkəzlərində apardığımız müşahidələrə əsaslanaraq deyə bilərik ki, ölkəmizə gətirilən oyuncaqların  əksəriyyəti Çin istehsalıdır. İş həm də orasındadır ki, bu oyuncaqlar elə də baha deyil. Alıcıları şirnikləndirən də elə budur. Düzdür, satışda Rusiyadan, Almaniyadan, İrandan gətirilən oyuncaqlar da var, amma bunlar çox çüzi faiz təşkil edir. Çin oyuncaqları digər ölkələrin mallarından xeyli ucuz qiymətə təklif edilir və bu səbəbdən də çox satılır. Mütəxəssislərin qənaətinə görə, əsasən Çindən gətirilən oyuncaqlar sənaye tullantılarından hazırlanıb ixrac olunur. Bu da uşaqların zəhərlənməsinə, mənşəyi məlum olmayan xəstəliklərin yaranmasına səbəb olur. Günün bir neçə saatını bu tipli oyuncaqlarla keçirən uşaqlar əllərini yumamış qida qəbul edən zaman isə müxtəlif tipli xəstəliklər əmələ gəlir ki, valideynlər də xəstəliyin necə yaranması üzərində baş sındırır. Psixoloq Təranə Bayramova keyfiyyətsiz oyuncaqların dizaynının uşaqlarda psixi pozğunlar yaratdığı, aqressivlik formalaşdırdığı qənaətindədir: “Məsələ ondadır ki, oyuncaq uşağın yaşına uyğun hazırlanmalı və neytral rənglərlə boyanmalıdır. Satışda olan oyuncaqların kimyəvi tullantılardan hazırlandığı heç kimə sirr deyil. Bir çox oyuncaqlarda isə, qorxunc insan və heyvanlar təsvir olunur. Bu da uşaqların psixologiyasına və sağlamlığına mənfi təsir göstərir. Bu səbəbdən valideynlər ehtiyatlı olmalı, keyfiyyətsiz oyuncaqları körpələri üçün almamalıdırlar”.   “Saxta oyuncaqlar təhlükəli xəstəliklər yaradır”   Pediatr Ülviyyə Hacıyeva keyfiyyətsiz oyuncaqların sağlamlıq üçün təhlükəli olmasından həyəcanla danışır: "Belə oyuncaqlar dəridə səpkilər yaradır, mədə-bağırsaq funksiyasının pozulması ilə nəticələnir. Etiraf edək ki, valideynlər çox vaxt bunun mahiyyətinə varmır, uşağın səpməsinin və xəstələnməsinin səbəbini qidasında və başqa yerdə axtarırlar. Üstəlik, həkimə müraciət etməyi də lazım bilmirlər. Müraciət edənlər isə uşağın səhhətində yaranmış problemlərdən çox həkimin yazdığı dərmanların ucuz və ya bahalı olmağından narahat olurlar. Anlamırlar ki, ucuz oyuncaqlardan qazanılan xəstəliklər ucuz və keyfiyyətsiz saxta dərmanlardan da qazanıla bilər. Bu da valideynlərin bu sahədə az bilik və məlumata malik olmağının nəticəsidir". Ülviyyə həkim, xüsusilə də 1 yaşınadək olan körpələr üçün alınan oyuncaqların seçiminə diqqətlə fikir verilməsini tövsiyyə edir. “İlk növbədə, oyuncaqların dizaynına fikir verilməlidir, oyuncağın içərisi şiş olmamalı, plastikdən hazırlanmalıdır. Əgər valideynlər zərərli oyuncaqlara pul verməkdən çəkinsələr, belə mallar özü bazardan çıxarılar, işbazlar özlərinə başqa yol axtararlar”.   Bu sahədə xarici ölkələrin mübarizə tədbirləri   Yeri gəlmişkən bildirək ki, bir çox inkişaf etmiş ölkələrdə bu sahəyə ciddi nəzarət və qadağalar var. Araşdırmalar zamanı məlum olub ki, keyfiyyətsiz oyuncaqlarının istehsalında istifadə olunan zəhərli maddələr sonsuzluğa, xərçəngə səbəb olur, dəri xəstəlikləri və leykoz riskini artırır. Qonşu Rusiya da daxil olmaqla, bir çox MDB ölkələrində belə oyuncaqların satışı qadağan edilib. 5 il əvvəl Rusiyanın hüquq-mühafizə orqanları ölkənin Səhiyyə Nazirliyi ilə birlikdə tədbir keçirərək sanitar-gigiyenik normalara cavab verməyən, eyni zamanda uşaqlara fiziki zərər vura biləcək oyuncaqların satışına qadağa qoyub. Görülən bu cür tədbirlər nəticəsində ölkəyə gətirilən və yerli istehsal olan oyuncaqlar sertifikatlaşdırılır, kimyəvi tərkibi araşdırılır, yalnız standartlara cavab verərsə, bundan sonra bazara çıxarılmasına icazə verilir. Rusiyanın sanitar orqanları məşhur "Barbi" kuklaları da daxil olmaqla, bütün pərakəndə oyuncaq satışı məntəqələrinin yoxlanılması barədə qərar qəbul ediblər. Nəticədə satış şəbəkələrdə zərərli oyuncaqlara rast gəlinmir. Analoji tədbirlər Belarusda, Qazaxstanda, İranda və sair ölkələrdə də aparılıb. Keyfiyyətsiz oyuncaqlara qarşı mübarizə bu məhsulların ən böyük istehsalçısı olan Çinin özündə də dövlət səviyyəsində aparılır. Son 10 ildə Çin hökuməti yüzlərlə yerli fabrikə oyuncaq istehsalını və ixrac etməyi yasaqlayıb.   Təhlükəli oyuncaqlar ölkəyə necə gətirilir?   Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu cür məhsullar ölkəyə gətirilərkən ciddi yoxlanılmalı və yalnız bundan sonra satışa çıxarılmalıdır. Ekspert valideynlərin oyuncaq alarkən diqqətli olmalarını və ucuz, keyfiyyətsiz məhsullardan imtina etməyi məsləhət görür. Ekspert xatırladır ki, Nazirlər Kabinetinin 1 iyul 1993-ü ildə çıxardığı 343 saylı sərəncamına əsasən uşaq oyuncaqları sertifikasiyadan keçməsi vacib olan məhsullar və xidmətlər siyahısına daxildir. Bazara daxil olmazdan öncə bu məhsullara keyfiyyət sertifikatı verilməlidir. Dövlət Karantin Müfəttişliyi toksikoloji və kimyəvi tərkibli uşaq oyuncaqlarının ölkəyə gətirilməsinə qadağa qoyub. Təəssüf ki, bunun faydası olmayıb, yenə bazarlar ağzınadək belə mallarla doludur. Maraqlıdır, bəs bu cür malların ölkəyə girişinə qadağa qoyulubsa, bazara necə çıxarılır? DKM-dən bildirirlər ki, belə malların əksəriyyəti ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir, hətta onların içərisində narkotik və digər kimyəvi maddələr keçirməyə cəhd edənlər də olur: "Müfəttişlik yalnız ölkəyə rəsmi şəkildə daxil olan malları ekspertizadan keçirir və sertifikatlaşdırır. Üzərində istehsalçı dövlətin və şirkətin adı göstərilməyən oyuncaqlara gigiyenik sertifikat verilmir, qeydiyyata alınmır. Müfəttişliyin bu cür malları bazardan çıxarmaq səlahiyyəti də yoxdur. Dəfələrlə sərhəd keçid məntəqələrindən 100 tonlarla oyuncaq geri qaytarılıb. Yuklər sərhəddə deyil, yalnız keçid məntəqəsində açılır. Müfəttişliyin nümayəndəsi də yalnız o vaxt dəvət olunur və orada oyuncaqların standarta uyğun olub-olmadığı yoxlanılır". Sonda qeyd edək ki, vaxtilə Bakıda Oyuncaq Fabriki fəaliyyət göstərirdi, lakin bu sonralar bu fabrikin fəaliyyəti dayandığından ölkəmnizə bu sahədə idxaldan asılı vəziyyətə düşüb. Altay Bayramlı





Həftənin ən çox oxunanları