Yuxarı

“MTN-də baş verənlər pulla bağlıdır”

“MTN-də baş verənlər pulla bağlıdır”

Elxan Şahinoğlu

Son aylar hakimiyyət daxilində baş verən siyasi qalmaqallar, diplomatların qiyamı, bəzi vəzifəli şəxslərin vurulmasına dair  müxtəlif  ehtimallar irəli sürülür. İqtidar düşərgəsində yaranmış problemin Rusiyapərəst məmur korpusu ilə Qərbyönümlü qüvvələr arasında ziddiyyətdən qaynaqlandığı da bildirilir. Ancaq bu informasiya irəli sürülən ehtimallardan yalnız biridir. Bir neçə gündür Milli Təhlükəsizlik Nazirliyi ətrafında cərəyan edən siyasi hadisələr baş verənlərin sırf daxili, yoxsa xarici amillə bağlı olması barədə təhlilləri yenidən gündəmə gətirib.

Prezident İlham Əliyevə MTN-də onun və vəzifəli şəxslərin telefon danışıqlarının dinlənilməsi haqda məlumatın Rusiyanın xüsusi xidmət orqanları tərəfindən verilməsi, habelə dövlət başçısının MDB-nin sammitindən qayıdar-qayıtmaz dərhal Eldar Mahmudovu nazir vəfəsindən azad etməsi, telefon danışıqlarını dinlədiyinə görə həbs edilmiş generalların İsrail kəşfiyyatı ilə əlaqəli olmasına dair mediada və sosial şəbəkələrdə yayılan xəbərlər diqqəti xarici təsir amilinə yönəldir. Ehtimallara görə, hakimiyyətin daxilində xarici kəşfiyyatla əlaqəli olan vəzifə sahiblərinin fəaliyyəti Rusiya tərəfindən aşkar edilib və bu barədə rəsmi Bakıya məxfi informasiya çatdırılıb. Bununla da Rusiya qabaqlayıcı addım atmaqla dəqiq məlum olmayan rəqibin məlumat bazasını deşifrə edərək sıradan çıxarmağa nail olub. Ona görə də MTN olaylarından sonra Azərbaycan hakimiyyəti daxilində Rusiya tərəfdarlarının mövqeyinin güclənəcəyinə dair proqnozlar verilməyə başlayıb.

Eyni zamanda, MTN-nin adının Beynəlxalq Bankda baş vermiş maxinasiyalarda hallanması və eyni vaxtda bankın rəhbəri Cahangir Hacıyevin saxlanılması xarici kəşfiyyatın bu məsələyə aidiyyatı olmadığı qənaətini ortaya qoyur. Söhbət bu halda konkret olaraq, nazirin və ona yaxın olan bir qrup şəxsin dövlət əmlakını talamaq məqsədilə vəzifə səlahiyyətlərindən gedə bilər.

Məsələni Cebhe.info-ya şərh edən “Atlas” Araşdırmalarr Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, bu hadisələrin Rusiya və ya başqa dövlətlə əlaqələndirilməsi inandırıcı görünmür. Problem ölkədə yaşanan iqtisadi böhranla bağlıdır: “Beynəlxalq Bankdan yüz milyonlarla dollar vəsaitin çıxarılması ilə bağlı baş verən hadisələr göstərdi ki, bir qrup vəzifəli şəxs öz imkanlarından istifadə edib dövlətə külli miqdarda ziyan vurublar. Bu məsələlər ortaya çıxdıqca, buna bağlı olaylar ortaya çıxdı. Düşünürəm ki, MTN-lə bağlı baş verənlər də iqtisadiyyatın ağırlaşması və havaya sovrulan pulların hara xərclənməsi ilə bağlıdır. Yəni bu məsələ daim araşdırıldıqca və prezident sahibkarlara şərait yaradılmasının vacibliyindən söz açdıqca bu faktlar ortaya çıxdı. Ola bilsin sahibkarlar prezidentə də şikayət ediblər. İndi məlum olur ki, sahibkarları incitmək üçün onları incidiblər, qeyri-qanuni həbs ediblər, rüşvət istəyiblər. Bunu müəyyən etmək üçün Rusiyadan xüsusi məlumat almağa ehtiyac yoxdur. Prezident məlumatı daxili mənbədən, həm də bir neçə mənbələri vasitəsilə alır. Nəticədə belə bir eybəcər mənzərə ortaya çıxıb və ölkə başçısı da sərt qərarlar qəbul edib. Mən anlamıram ki, Rusiya amilini niyə qabardırlar? Eldar Mahmudov o qədər Qərbpərəst idi ki, Rusiya onu aradan qaldırmaqda maraqlı olsun? Hakimiyyət daxilində Azərbaycanın Rusiya münasibətlərini pozacaq hansısa bir nazirin olduğuna da inanmıram. Hər iki ölkənin əlaqələri çox yaxındır.

Ancaq o da istisna edilmir ki, telefon danışıqlarının dinlənilməsi ilə bağlı xüsusi məlumatlar Rusiya məxfi orqanlarının əlinə keçib və onu Azərbaycan tərəfinə təqdim edib. Sadəcə baş verənlər iqtisadi problemlərlə bağlıdır. Prezident İlham Əliyev də deyib ki, gələn il iqtisadi cəhətdən asan olmayacaq”.

Politoloq hesab edir ki, belə problemlərin davamlı hal almaması üçün ilk növbədə, Azərbaycanda iqtisadi islahatlar həyata keçirilməli, rüşvətxorluğa, korrupsiyaya, məmur özbaşınalığına son qoyulmalıdır. Əks təqdirdə, məmurlar öz bildiyini edəcək ki, bu da vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları