Yuxarı

Psixoloqlardan intihar həyəcanı

Psixoloqlardan intihar həyəcanı

[caption id="attachment_1916" align="alignleft" width="261"]nail celil Nail Cəlil: “Falçı da, ekstrasens də özünü psixoloq adlandırır”[/caption]

Dövrümüzün maddi-mənəvi, sosial qayğıları insanların psixoloji durumuna mənfi təsir göstərmədən yan keçmir. Bəzən adamlar psixoloji baxımdan çox yorulduqda, bu sahənin mütəxəssislərindən yardım almaq ehtiyacı duysalar da, seçimləri yanlış olur. Kimisi əsl mütəxəssisə üz tutur. kimisi falçıya, kimisi də ekstrasensə... Amma yanlış ünvana təşrif aparanlar nəticə etibarilə daha çox mənəvi-psixoloji yüklənməyə məruz qalırlar. Psixoloq Nail Cəlil psixoloji gərginliyi olanlara tövsiyə edir ki, peşəkar mütəxəssislərə üz tutsunlar həmişə.

-Bugünkü gün psixoloqlara güvən az almaqdadir. Sizcə, bunun səbəbi nədir?

-Psixoloqlara güvənin azalmasının başlıca səbəbi Azərbaycanda psixologiya sahəsində qeyri-peşəkarların ixtisaslı psixoloqları üstələməsidir. Bəzi başqa sahələrdə olduğu kimi, burada da psixologiyanı, ən yaxşı halda, diletant səviyyəsində bilən şəxslər həddən artıq çoxalıb. Belələri psixologiyaya tam yad olduqları halda çoxsaylı psixoloji xidmət mərkəzləri yaradırlar, insanlara psixoloji yardım göstərdiklərini  iddia edirlər. Reallıqda isə fırıldaqçılıqla, dələduzluqla, cinayət tərkibi yaradan əməllərlə məşğul olurlar. Təəssüf ki, bəzən ixtisaslı psixoloqların bir qismi də belələrini müdafiə edirlər. Əsaslandırmağa çalışırlar ki, hələ psixologiyada ixtisaslaşmanın, peşəkarlığın dəqiq meyarları müəyyən edilməyib. Lakin bu fikirlə qətiyyən razılaşmaq mümkün deyil.

-Belə çıxır ki, mütəxəssislər arasında da psixologiyanı tam mahiyyəti ilə anlayanlar azdır...

-Bilirsiniz. konkret meyarlar, hətta psixologiya sahəsində dərin ixtisaslaşma, bölgü var. Psixologiya humanitar bilik sahəsi olduğu üçün buraya yaxın ixtisaslardan (məsələn, sosiologiyadan, sosial işdən, tibbin müəyyən sahələrindən) keçid mümkündür. Lakin bu keçid o halda müsbət nəticə verir ki, həmin insanın biliyi, hazırlığı, psixologiya sahəsində elmi-praktik fəaliyyəti, təhsili, təcrübəsi psixoloq kimi çalışmağa, xidmət göstərməyə imkan verir. Nəzərə almaq lazımdır ki, psixoloqlar adətən müəyyən psixoloji problemləri olan, lakin şüurlu, anlaqlı, az-çox sağlam insanlarla işləyirlər. Bu mənada, psixologiyanı psixatriya, tibbi psixoterapiya, nevropatologiya ilə qarışdırmaq olmaz. Hətta klinik psixoloqlar belə, müvafiq tibbi təhsilə malik olmadıqda hər hansı tibbi-psixoloji təyinatlı terapiyanı həyata keçirə bilməzlər. Bu, bilavasitə cinayət məsuliyyəti yaradan əməldir. Ciddi psixoloq həm də, dini anlayışları, sosial-psixoloji məsələləri, problemləri dərindən bilməlidir. Əks halda onun verdiyi məsləhətlərin, tətbiq etdiyi terapiya üsullarının gerçək səmərəsi, effekti olmayacaq. Qısası, meyarlar yetərincə dəqiq, konkretdir. Sadəcə, yaranmış boşluqdan, digər tərəfdən, psixoloji xidmətə artan tələbatdan sui-istifadə edənlərin çoxalması, yalançı psixoloqların insanları “psixoloji xidmət” adı ilə aldadaraq gəlir qazanmağa səy göstərməsi indi ciddi psixoloqlara qarşı da bir inamsızlıq, güvənsizlik yaradır. Obrazlı şəkildə desək, qurunun oduna yaş da yanır.

-Bəs onlara qarşı mübarizə aparan yoxdur?..

-Təəssüf ki, bunun qarşısını almağa çalışan, ixtisaslı, keyfiyyətli psixoloji xidmət göstərmək istəyən peşəkar mütəxəssislər bu kimi nöqsanları qabartdıqda böyük maneələr, əsassız tənqidlər, yersiz ittihamlarla üzləşirlər. Falçıların, ekstrasenslərin, hətta bəzi astroloqların yerli-yersiz psixoloq adlandırılması isə vəziyyəti daha da mürəkkəbləşdirir.

Bu gün efirdə, mediada psixoloq kimi təqdim olunanların çoxunun psixologiya sahəsində ixtisaslaşmış təhsili yoxdur. Belələri əksər hallarda özlərini “praktik psixoloq” adlandıraraq, ənənəvi psixologiyanı, onun nəzəriyyəsini və praktikasını qəbul etmirlər. Doğrudur, güzəran səviyyəsində hər bir insan özü üçün bir psixoloqdur, yaxınlarına, ətrafına bəzən ixtisaslı psixoloqdan daha yaxşı dəstək ola bilir. Lakin bu heç də təsadüfi adamların özünü psixoloq adlandırmasına və yalnız özünün anladığı, başa düşdüyü məhdud bir çevrədə, səviyyədə “xidmət” göstərməsinə əsas vermir.

- Media vasitəsilə, efirdən cəmiyyətin yanlış yönəldiləsini necə qəbul edək?

-Ümumiyyətlə, cəmiyyət haqqında ciddi, ixtisaslaşmış bilikləri olmayan psixoloqların kütləvi, sosial-psixoloji, eləcə də sosioloji, ictimai məsələlərlə bağlı efirdən fikir söyləməsi, mülahizələr səsləndirməsi qətiyyən doğru deyil. Adi bir misal çəkmək yetərlidir ki, bu yanlışlığın fəsadları ortaya çıxsın. Məsələn, efirdə abortlar və son dövrlər oğlan uşaqlarının qızlara nisbətən daha çox doğulması iddiası irəli sürülür, müzakirə edilir. Azərbaycanın dağ rayonlarından birində son statistik rəqəm göstərilirki, burada nisbət 57 faiz olmaqla oğlanların xeyrinədir. Yəni, əhalisi 146 min olan bir rayonun göstəricisi bütün respublikaya şamil edilir. Lakin daha ciddi sosial-statistik təhlil aparıldıqda görünür ki, abortlar artsa belə, bu doğulan uşaqların cins tərkibinə təsir etməyib. Azərbaycanda bir qayda olaraq, Bakı və Sumqayıtda qızlar oğlanlardan çox doğulur. Digər bölgələrdə isə vəziyyət qismən oğlanların xeyrinə dəyişir. Azərbaycanın qadın əhalisi həmişə kişilərdən çox olub və çox olaraq da qalır. Dağ rayonların da isə adətən oğlanlar qızlardan daha çox doğulur. Digər tərəfdən, bütün dünyada oğlanlar qızlara nisbətən daha çox doğulur. Lakin son nəticədə oğlanların ölüm faizi daha çox olur, nisbət qız uşaqlarının xeyrinə dəyişir. Fikir verin, sadə bir məsələ də təsadüfi adamlar, psixoterapevt olduğu halda psixoloqluğa iddia edənlər necə ciddi yanlışlıq yaradırlar.Təəssüf ki, media da belə yanlışlıqlara xüsusi əhəmiyyət vermir. Bəzən belə insanlara daha geniş meydan, efir məkanı, çıxış imkanı yaradırlar.

-Psixoloqlara müraciət ədənlər daha çox hansı problemlərlə yaxınlaşırlar?

-Müraciət edənlərin böyük əksəriyyəti şəxsi problemlərindən gileylənirlər, stress, depressiya vəziyyətində olurlar. Valideynlər daha çox övladlarının problemləri, uşağın fərdi inkişafına dəstək məsələləri ilə bağlı müraciət edirlər. Maraq xatirinə, nəyisə dəqiqləşdirmək, özü barədə geniş psixoloji informasiya əldə etmək üçün müraciət edənlər də olur. İntihar meylləri ilə bağlı olan müraciətlərin sayı son dövrlərdə nisbətən artıb. Sosial şəbəkələrdə psixoloq axtaranların, eləcə də özünü psixoloq kimi təqdim edib başqalarını aldadanların da artması müşahidə olunur. Bir çox insan elə anonim bir şəkildə, sosial şəbəkələrdə suallarına cavab tapmaq, öz psixoloji problemlərini həll etmək istəyir. Lakin bu heç də uğurlu seçim və doğru yol deyil.

- Hər hansı problemlərlə qarşı- qarşıya qalan insanlar, psixoloji yardım aldıqdan sonra onlarda nə kimi dəyişikliklər müşahidə olunur?

-Psixoloji yardım adətən müddətli olur və müəyyən dövr üçün gözlənilən effekti verir. Daimi dəyişikliklər, ciddi səmərə və böyük effektli nəticələr, dəyişikliklər üçün hər bir insanın fərdi səyləri, iradəli olması daha vacibdir. Psixoloq yalnız özünə kömək etməyə çalışan, problemdən, çətinlikdən qurtulmağa ciddi səy göstərən insanlara real şəkildə dəstək ola, yardım göstərə bilir. Çox vaxt psixoloji yardımla yanaşı, ətrafın, mühitin dəyişməsi də vacib şərtdir. Çünki əksər psixoloji problemlər insanın şəxsiyyəti ilə yanaşı, həm də onu əhatə edən sosial mühitlə bağlı olur.

-Ümumiyyətlə, insan hansı halda psixoloqa müraciət etməlidir? Əgər problemi olan insan yardım almaq istəmirsə, ona necə kömək etmək lazımdır?

-Ayrı-ayrılıqda hər bir fərdin, ailənin daim əməkdaşlıq etdiyi, güvəndiyi bir psixoloq olmalıdır. Bu, artıq Qərb ölkələrində bir ənənəyə çevrilib. Yəni, psixoloji xidmət yetərincə kütləviləşib, ictimailəşib. İnsan təkcə problemli,  çətin anlarında deyil, müəyyən ciddi qərarların qəbulu zamanı da psixoloqun yardımından, məsləhətindən, köməyindən yetərincə faydalana bilər. Digər tərəfdən, psixoloq özü də fərdlərlə, ailələrlə ciddi psixoloji iş aparmağa,  xidmət göstərməyə hazır olmalıdır. Belə olduqda insan yardımdan imtina etmək həddində problemli vəziyyətə də düşmür. Yardımdan imtina edən insana yardım göstərməyin ən müxtəlif  üsulları, metodikası var. Əksər ciddi psixoloqlar belə üsullardan uğurla faydalana, köməkdən imtina edən insanı özünə qapanmadan, gərginlikdən, çətin vəziyyətdən xilas edə bilirlər.  Təbii ki, bu heç də asan deyil və psixoloqdan yüksək hazırlıq, dözüm, təcrübə, xüsusi bacarıq, məharət tələb edir.

-Cəmiyyətin işsizlik problemləri insanlarda nə kimi psixoloji gərginlik yaradır?

-Məşğulluq və işsizlik ümumilikdə qlobal sosial problemlərdən sayılır. Yaşamaq, özünü həyatda təsdiqləmək, güzəranını təmin etmək üçün insanın müəyyən işdə çalışması, fəaliyyət göstərməsi vacibdir. Bu mənada, işsiz qalmaq digər gəlir mənbəyi, pulu, sərvəti, maddi imkanları olmayan bir insan üçün böyük narahatlıq, gərginlik, stress, həyəcan, qorxu, ruh duşkünlüyü, depressiyanın, ailə-məişət dramlarının mənbəyidir. İşsizlik kütləvi hala çevrildikdə, deviant davranışın müxtəlif təzahürləri özünü göstərir. Cinayətkarlıq, oğurluq, soyğunçuluq, qətllər artır. İşsizlik insanların bir qismini zərərli vərdişlərin, narkomaniyanın, alkoqolizmin qurbanına çevirir. Özünə iş tapa bilməyən, ailəsini dolandırmaq üçün vəsaiti, adicə çörək almaq üçün pulu olmayan insanın düşdüyü vəziyyəti, keçirdiyi sıxıntını, sarsıntını anlamaq, başa düşmək elə də çətin deyil. Belə insanlar istər-istəməz cəmiyyətə qarşı aqressiv, narazı olurlar. İşlə bağlı çətinliklər onların tədricən mövcud qaydalara qarşı çıxmasına, bu mümkün olmadıqda intiharlara, özünəqəsdə, bir sıra hallarda insan alverinin qurbanına çevrilmələrinə gətirib çıxarır. Xoş güzəran vədi ilə aldadılıb istismar edilənlər əksər hallarda məhz işsizlər, güzəran çətinliyi olanlardır. Burada artıq tək psixoloqun yardımı, köməyi kifayət etmir. Burada digər sosial mütəxəssislərin - sosial işçilərin, sosioloqların, hüquqşünasların psixoloqla birgə çalışması, dövlətin sosial himayəsi mütləq şərtdir. Çünki işsizlik həm də peşə-ixtisas fəaliyyəti ilə bağlı olan amildir. Yəni, kimə hansı işin təklif olunması, işsizlərin müxtəlif peşələr üzrə təsnifatının aparılması onlara sosial-psixoloji yardımın tərkib hissəsidir. Burada əməyin düzgün qiymətləndirilməsi, əməyə görə ödənilən məbləğ də mühüm rol oynayır.

Rəqsanə Qarabağlı





Həftənin ən çox oxunanları