Yuxarı

Saatların irəli-geri çəkilməsi bizə nə verir?

Saatların irəli-geri çəkilməsi bizə nə verir?

saat-ayari

Hər il mart ayının son bazar günü əqrəblər 1 saat irəli, oktyabr ayının son bazar günü isə 1 saat geri çəkilir

Bu məsələ mütləq ildə iki dəfə gündəmə gəlir, həm yazda, həm payızda cəmiyyətdə geniş müzakirələr aparılır, mətbuatda işıqlandırılır. Çünki ilin iki ayı,  fəsilləri qovuşduran mart və oktyabr aylarında saatların çəkilməsi ilə bağlı müzakirələr təkrar qızışır. Bir qisim bunun yaxşı, bir qisim isə pis olduğunu sübut etməyə çalışır, həm cəmiyyətə, həm də iqtisadiyyata xeyirli olacağına inandırmağa çalışanlar da çoxdur.

Saat məhfumunun olmadığı zaman vardı ki, insanlar günəşlə oyanıb günəşlə yatırdı, vaxt da, saat da günəşin adı ilə ölçülürdü. Saatlar, əqrəblər kəşf olunduqdan sonra adətlər tədricən dəyişməyə, saatın və iş yerlərinin qoyduğu qaydaya uyğunlaşmağa başladı. İndi hamımız fəsillərə saatlarımızı çəkərək ayaqlaşmağa çalışırıq. Düzdür, bu sistem getdikcə dünyanın bir çox ölkəsində ləğv olunmağa başlayır. Əldə etdiyimiz son məlumatlara görə, hazırda dünyanın 40-dan artıq ölkəsi saatları daha irəli-geri çəkmir. Onların arasında Puerto-Riko, Virciniya adaları, Estoniya, Sinqapur, Çin, Türkmənistan, Özbəkistan, Tacikistan da var. Ən son 3 il qabaq iki yaxın qonşumuz da bu addımı atdı. İndi Gürcüstan və Rusiyada da saatların irəli-geri çəkilmə tətbiqetməsindən azad olub.

Dünyanın bir çox ölkəsində aparıcı mətbuat orqanları saatların irəli-geri çəkilməsinin insan orqanizminə zərər verə biləcəyi barədə bir elmi məqalələr  hazırlayır. Alimlər hesab edir ki, saatların irəli və ya geri çəkilməsi insan orqanizmində və psixologiyasında problemlər yaradır. Araşdırmalarda yazılır ki, hər il iki dəfə təkrarlanan bu tətbiqetmə gərəksiz bir şeydir və onun ləğvi iqtisadiyyata dəstək ola bilər. Belə ki, alimlər iddia edirlər ki, gün işığından daha çox faydalanmaqla iqtisadiyyata dəstək vermək olar. Havanın işıqlandığı saniyələrdən etibarən iş gününün başlanması və hava qaralandan sonra iş gününün sona çatması barədə qərar qəbul edilərsə, o zaman elektrik enerjisinə maksimum qənaət ediləcəyini deyən alimlərin bu ideyası narazılıqla qarşılanıb. ABŞ-da qış aylarında standart zamanla ayaqlaşmaq, yazda və yayda isə gün işığı ilə enerjiyə qənaət üçün günün tez başlanması və tez bitməsi barədə tətbiqetmə konqres qərarı olaraq qəbul edilib. Maraqlı burasıdır ki, bəzi ştatların əyalətlərində bu tətbiqetmə rədd edilib. Bu əyalətlərdə hələ də standart yaz-qış zamanı tətbiqi davam etməkdədir.

Bir neçə il qabaq Türkiyədə aparılan hesablamalar maraqlı nəticələr ortaya qoydu. Alimlərin uzunmüddətli araşdırması belə bir iddia yaratdı ki, saatların irəli-geri çəkilməsi enerjiyə qənaət üçün ən yaxşı üsuldur. Türkiyə Enerji Nazirliyinin elmi dərəcəli alimləri tərəfindən aparılan hesablamada bu tətbiqetmənin hər il 600-700 milyon kilovat elektrik enerjisinə qənaət üçün stimul verə biləcəyi iddia edildi. Amma yerli əhali saatların irəli-geri çəkilməsindənsə iş saatlarının dəyişdirilməsinin tərəfdarıdır.

Qeyd etmək yerinə düşər ki, Birinci Dünya Müharibəsi zamanı - Müharibə dövründə və sonra bir çox ölkə saatlarını ilin müəyyən aylarında yenidən gözdən keçirib nizama salmağa başladı. Məqsəd günün işıqlı saatlarını, insanların oyaq olduqları zamana uyğunlaşdırmaq, bu səbəbdən evlərdə və küçələrdə yanan lampalar üçün lazım olan enerjiyə qənaət etmək , həmin enerjini istehsalatda dəyərləndirmək idi. Ekspertlər hesab edir ki, saatların irəli çəkilməsinin qış mövsümü ilə, geri çəkilməsinin isə yazla əlaqəsi yoxdur, çünki qış aylarında standart zaman tətbiq olunur. Ekoloq Cəmşid Hüseynli deyir ki, qənaəti çox asan yolla reallaşdırmaq olar: “Qışda hava qaralan kimi, insanlar yatmağa hazırlaşır. Amma yaz, yay aylarında günün çox hissəsi işıqlı olur. Havanın işıqlı olması səbəbi ilə bu müddətin başlanğıcını irəli sürüşdürərək, axşam olma müddətini bir saat uzatmaq yaxşı fikirdir. Yəni iş günü əvvəl saat 9-da başlayıb 18-də bitirdisə, indi saat 8-də başlayıb 17-də bitirmək olar. Belə eləsək günü uzatmış oluruq və təbii işıqdan-Günəşdən istifadə etməklə həqiqətən də qənaət etmiş oluruq”. Doğrudur, dünya alimləri saatların çəkilməsi barədə çox yazır, çox danışır. Amma bizim nə elmi dərəcəsi olan alimlərimiz, nə də tibb işçilərimiz bu barədə çox az məlumata malikdir. Mövzu ilə bağlı müraciət etdiyimiz bir neçə həkim də bu haqa heç bir söz deyə bilməyəcəklərini bildirdilər. Amma Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirdilər ki, saatların irəli-geri çəkilməsi insanların səhhətinə təsir etmir, xidmət eyni qayda ilə işləyir və müraicət edənlər də yay aylarında olduğu kimidir.

Həkimlər saat dəyişiminin insanların səhhətinə təsir etdiyi qənaətindədir. Həkim Mahir Əhmədov deyir ki, saatların irəli və ya geri çəkilməsi insanlara olduqca pis təsir edir, onların gündəlik, adət etdikləri rejimi dəyişməyə məcbur edir. Daha çox bundan ürək, şəkərli diabet, qan-damar xəstəliyi olanlar, yüksək təzyiqli insanlar zərər görür. Əqrəblərin çəkilməsi uşaqlar və yaşlılar arasında yuxu pozğunluğu yaradır, stessə və immun sistemində mənfi dəyişikliyə də səbəb ola bilər.  Belə insanlar yeni rejimə bir neçə günə adaptasiya ola bilirlər. Bəzən də olur ki, saat çəkimi ərəfəsində infarkt riski artır. Məlumat üçün qeyd edək ki, ölkəmizdə yay və qış vaxtına keçilməsi Nazirlər Kabinetinin 1997-ci ilin 17 martında qəbul edilmiş 21 saylı qərarına uyğun olaraq yerinə yetirilir. Bu qərara uyğun olaraq hər il mart ayının son bazar günündə əqrəblərin bir saat qabağa çəkilməsi ilə ölkəmizdə yay vaxtına keçilir, oktyabrın son bazar günü isə əqrəblər bir saat geri çəkilir. İndiyədək qaydanın ləğvi barədə heç bir müzakirə aparılmayıb. Yalnız bir dəfə- 1992-ci ildə ölkəmizdə saatların irəli və ya geri çəkilməsi həyata keçirilməyib, amma bu, sadəcə, bir il olub.

Altay Bayramlı





Həftənin ən çox oxunanları