Yuxarı

Susdurulmasına susanlar, yaxud nə vaxt xalq olmağı bacaracağıq?

Susdurulmasına susanlar, yaxud nə vaxt xalq olmağı bacaracağıq?

susSon günlər ölkədə baş verən proseslərin gedişi hətta noyabrın 1-də keçiriləcək parlament seçkilərini belə kölgədə buraxıb. Builki parlament seçkiləri əvvəldən də siyasi maraqsızlıq, biganəlik, laqeydliklə müşayiət olunurdu. Əhalinin böyük əksəriyyətinin seçkidə iştiraka maraq göstərməməsi əksər zamanlar üçün Azərbaycanın problemi olan seçici fəallığını dəfələrlə gündəmə gətirsə də, bu problemin həlli üçün lazım olan təməli islahatlar keçirilmədiyindən problem elə problem olaraq qalır.

Sirr deyil: xalq seçkinin nəticəsinə inanmır, onun səsinin nəyisə dəyişəcəyinə güvənmir və bu səbəbdən də cəmi bir neçə dəqiqəlik səsvermə prosesinə qatılmağı belə özü üçün əlavə zaman itkisi hesab edir. Seçkiyə start verildikdən sonra prosesləri kənardan müşahidəçi gözü ilə izləmək kifayətdir ki, bu il də ciddi dəyişikliyin olmayacağına inanasan. Xalq seçəcəyinə, layiqli namizəd isə seçiləcəyinə inanmır, ona görə də hər iki tərəf seçkini oyun hesab edib özünü bu oyunun bir parçası olmaq məsuliyyətindən azad edir. Təbii ki, cəmiyyətin siyasi fəallığının azlığını əsas götürüb bunu normal  qarşılamaq mümkündür. Amma bu, tək bir səbəb deyil, digər səbəb xalqın nəyisə dəyişməyə inamı olmadığı kimi, iradəsinin də olmamasındadır.

Son günlərin proseslərini yada salaq. Dövlətin və vətəndaşların milli təhlükəsizliyinə birbaşa cavabdeh olan bir qurumun, bir zamanlar adı xofla assosiasiya edilən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının həbsi barədə yayılan məlumatlar xalq arasında sadəcə,  təəccüb nidaları ilə qarşılandı. Xalq təəccübləndi, uzun illər təkcə müxalif siyasiləri, QHT təmsilçiləri, aktiv gəncləri, iş adamlarını qorxuda saxlayan bir qurumun yüksək vəzifəli məmurlarının həbs edilməsini seçkiöncəsi divident qazanmaq cəhdi kimi də qiymətləndirənlər oldu, real təhlükədən xilas olmağın yolu hesab edənlər də. Amma xalqın böyük əksəriyyətini nə düşünməsindən asılı olmayaraq reaksiya dəyişmədi. Hər kəs sadəcə, baş verənləri izləyir. Həm də çox sakitliklə. Sanki bu ölkənin, bu dövlətin təhlükəsizliyini onun şəxsi təhlükəsizliyinə heç bir aidiyyatı yoxdur. Sanki bu ölkənin vətəndaşları sadəcə prosesləri kənardan izləmək, təəccüblənmək, öz aralarında mübahisə etmək və daha sonra heç bir şey baş verməyibmiş kimi susmaq üçündür. Ölkədə daha nə baş verməlidir ki, cəmiyyətdə müəyyən qədər də olsa fəallıq hiss edilsin? Cənablar, ortada dövlət çevrilişinə cəhd ittihamları var, həm də bu ittiham sadəcə bir neçə nəfərə ünvanlanmayıb, dövlətin təhlükəsizliyi üçün cavabdeh olacaq bir quruma, onun başında dayanan birinci şəxsinə - nazirə ünvanlanıb. Bəlkə bu sizi bir az düşündürə? Hər halda bu, manatın devalvasiyasından sonra marketlərdə qiymətin yüksəldilməsi deyil. Bu, hətta seçkiyə müdaxilə belə deyil. Bu, dövlətə və dövlətçiliyə təhlükədir və bu dövlətin hər bir vətəndaşını ən azından öz gələcəyi, uşaqlarını gələcəyi üçün düşündürməlidir. “Öz gələcəyi” ona görə deyirəm ki, xalqımızın böyük əksəriyyəti adətən öz gələcəyi və yaxud övladların gələcəyi müzakirə mövzusu olanda məsələyə reaksiya verir. Əks təqdirdə baş verənləri laqeyd baxışla izlənib, ən yaxşı halda təəccüblənmək və ya təəssüflənməklə vəzifəsinin “haqqını verir”. “Susma, susduqca, sıra sənə gələcək” deyimi bizlərin böyük əksəriyyəti üçün sadəcə, gözəl səslənən cümlədir, mahiyyətinə varmadığımız, yaxud varmaq istəmədiyimiz cümlə. Habuki hər birimizin bu cümlənini təsirini həyatımızda hiss etməsi an məsələsidir. Biz isə o anı gözləyə-gözləyə günlərimizi yola veririk.

“Məsələlərə reaksiya vermək” deyəndə Az TV ekranından səsləndiriləcək zəhmətkeş məktublarını nəzərdə tutmuram. Zamanında bizdə bu təcrübədən gen-bol istifadə olunub və yerli telekanallara çox baxmadığımdan indi də istifadə olunmamasına tərəddüdüm var. Demirəm ki, idarə vəmüəssisələr təcili iclas çağırıb, baş verənlərə reaksiya bildirib kimlərisə pisləsin. Demirəm ki, keçmiş MTN “şefinin” əməllərini pisləməkdə yarışa girsinlər. Demirəm ki, “Məndən pul istədilər” deyə daha neçə-neçə iş adamı telekanallara çıxsın. Demirəm ki, bu məsələlərlə yaxından-uzaqdan əlaqəsi olmayanlar da münasibət bildirməyi özünə borc bilib xalq arasında “mənim də milyonçu qohumumdan nə qədər istəmişdilər, ona görə müflis oldu” deyə şəhər əfsanələri uydursun. Sadəcə, bu qədər laqeyd olmasın, nə baş verdiyini, niyə baş verdiyi öyrənməkdə maraqlı olduğunu nümayiş etdirsin. Prosesləri izlədiyini göstərsin, bu proseslərin onun da vətəndaşı olduğu bu ölkənin taleyini həll etməsindən xəbərdar olduğunu birilərinə anlatsın, “məni heçə saymayın” mesajını versin.

Ölkənin taleyi bu gün baş verən proseslərdən asılı olduğu kimi, həm də bu proseslərə xalqın reaksiyasından da asılıdır. Xaql dövlət və dövlətçiliyinə sahib çıxmaq iqtidarında, ən azından marağında olduğunu təkcə hakimiyyətə yox, həm də xarici “təsirlərə” nümayiş etdirməlidir ki, ölkə ilə bağlı qərar vermək cəsarətində və səlahiyyətində olanlar qarşısında xalqın dayana biləcəyindən ehtiyatlansın. Bu ehtiyatlılıq kimlərisə daha çirkin planlarından çəkindirə bilər. Əks təqdirdə bu qədər laqeyd, biganə, ancaq şəxsi hasarı söküləndə dərhal od-alova dönən xalqın nümayəndələrini hesaba qatmamaq təcrübəsindən gen-bol istifadə edənlərin sayı artacaq. Ciddi reaksiya ciddi nəticələr doğurur. Bu, şəxsi həyatda da belədir, siyasi həyatda da dəyişilməzdir.  Bəlkə də artıq özünün həlledici qüvvə olacağına inamını itirmiş xalqdan çox şey tələb edirik. Bu xalq uzun illər hakimiyyətin də, müxalifətin də, özünü ziyalı adlandırıb tərəfini müəyyən etməyib, əslində heç xalqın yanında da yer almayanların da fəaliyyətsizliyindən yorulub. Bu, indi arzusunda olduğumuz aktiv ictimaiyyətin formalaşmamasının ən mühüm səbəbi ola bilər. Amma axı heç olmasa nə baş verdiyini öyrənməyə ona heş kəs mane olmur. Verilib tutulmayan sözlər, seçkidən-seçkiyə mahiyyəti yox, forması dəyişən vədlər, “mən xalqa güvənirəm” mesajının axasında dayanan əslində, çox böyük inamsızlıq xalqın öz gücünə inamını sarsıdıb. Amma bu belə xalqın bu qədər biganəliyinə haqq qazandıra bilməz. Normal, güvənəcəyi bir müxalifət, səmimiliyinə və bacarığına inandığı bir hakimiyyət yoxdursa, bunların hər ikisini əvəzləmək üçün xalq özündə təpər tapmalıdır. Daha yaxşısına layiq olduğunu nümayiş etdirib onunla hesablaşmalı olduqlarını diktə etməlidir. Yalnız bu hal-xalqın diktəsi Azərbaycanın dövlət və dövlətçiliyinə qarşı istənilən təhlükənin qarşısına sipər çəkə bilər. Əks halda biganə xalqın hələ çox “başbilənləri” dövlət çevrilişinə cəhdə cəhd edəcək.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları