Yuxarı

Paytaxtın ölüm dayanacaqları

Paytaxtın ölüm dayanacaqları

kecidler

Bildiyimiz kimi, dayanacaqların, yerüstü və yeraltı keçidlərin yanlış yerlərdə tikilməsi, həmçinin yol hərəkətinin nizamlayan nişanların yanlış yerlərdə quraşdırılması zaman-zaman sıravi vətəndaşların  həyatı bahasına başa gəlir. Bu kimi hadisələr ölkəmizdə, ələlxsus da paytaxtımızda daim yaşanan, hətta adi hal kimi qarşılanan hadisəyə çevrilib. Əsas diqqəti paytaxtın Tbilisi prospektinə yönəldək:

"20 yanvar" metro stansiyası   istiqamətindən "Nizami" metro stansiyası istiqamətinə hərəkət edərkən yolun sağ hissəsində dayanacaqla yerüstü piyada keçidi arasında təxminən 150 metrdən artıq məsafə var ki, sərnişin daşıyan avtobusların keçidin yaxınlığında deyil, dayanacaqda saxlaması sərnişinlərin yerüstü keçiddən deyil, yolun hərəkət hissəsindən keçməsi ilə nəticələnir. Təbii ki, yolun hərəkət hissəsindən keçən sərnişin bu zaman həyatını itirmək təhlükəsi ilə üz-üzə qalır. Yol və hərəkət üzrə ekspert Ərşad Hüseynov məsələyə belə yanaşır ki, paytaxtın bir çox yerində bu tip qurğuların yerləşdirilməsində ciddi nöqsanlara yol verilib: "Yerüstü keçidlər əsasən hərəkətin intensiv olan hissələrində quraşdırılmalıdır. Keçidlərin quraşdırılması zamanı təbii ki, hərəkətin intensivliyi mütləq nəzərə alınmalıdır. Lakin dayanacaqların Bakı Şəhər İcra Hakimiyyəti, yerüstü keçidlərin isə "Azəryolservis" şirkətinin tərəfindən quraşdırılması və tikinti-quraşdırma işinin qarşılıqlı əməkdaşlıq zəminində həyata keçirilməməsi bu cür hallarla nəticələnir. Buna görə də, sözügedən ərazidə  dayanacaq hərəkətin yolayırıcı hissəsində quraşdırılıb və burada avtobuslar digər avtomobillərin hərəkətinə maneə yaradır. Hesab edirəm ki, dayanacağın yerüstü keçidə yaxın yerləşdirilməsi daha qanunauyğun və məqsədəuyğun olardı."

"Azəryolservis" ASC -nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, təmsil etdiyi quruma keçidlərin quraşdırılması ilə bağlı tapşırıqlar birbaşa Nəqliyyat Nazirliyi tərəfindən göndərilir. Nazirlik isə həmin əraziyə mütəxəsislər cəlb edir, burada hərəkətin intensivliyi və digər amillər nəzərə alınır. Daha sonra təsdiq olunmuş layihəyə əsasən həmin keçidlər quraşdırılır: "Dayanacaqların isə keçidlərdən kənarda və hansı amillər nəzərə alınmaqla quraşdırılması bizim səlahiyyətlərimiz xaricindədir. Paytaxt küçələrinə dayanacaqların quraşdırılması isə Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olduğu bununla bağlı heç nə deyə bilmərəm. Bakı Şəhər İcra Hakimiyyəti isə məsələyə münasibət bildirməkdən hər vəchlə yayındı. Çoxsaylı telefon zəngimiz, mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdimiz, hətta elektron ünvanlarına göndərdiyimiz müraciətlər cavabsız qaldı.

Rövşən Əsədov

P.S. Görünür, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətini daha "ciddi" işlərlə məşğul olduğu üçün bizə vaxt ayıra bilməyib...





Həftənin ən çox oxunanları