Yuxarı

“Azərbaycan qaçqın problemi ilə üzləşən ilk respublikadır”

“Azərbaycan qaçqın problemi ilə üzləşən ilk respublikadır”

sebuhi aliyev aslanzade“Hazırda getdikcə genişlənməkdə olan qloballaşma prosesləri müsbət tərəfləri ilə yanaşı, bir sıra problemlər də doğurmaqdadır. Bu günlərdə hamıya yaxşı məlum olan İraq və Suriya hadisələri ilə bağlı yaranan qaçqınların Avropa ölkələrinə kütləvi axını məcburi miqrasiyanın yeni bir təzahürüdür. Bir çox politoloqların fikrincə, hazırda təhlükəsizlik məsələlərinin həllinə kompleks yanaşma tələb olunur və bu sırada miqrasiya təhlükəsizliyi, onun məzmunu və mahiyyəti, təmin olunmasının yolları, strukturu və funksiyaları ən önəmli məsələlərdəndir”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP üzvü, politoloq Səbuhi Aslanbəyli bildirib. Səbuhi Aslanbəylinin sözlərinə görə, əhalinin miqrasiyası dünyanın bütün ölkələrini və ərazisini əhatə edən qlobal proses kimi xarakterizə edilir: “Dünya əhalisinin miqrasiya fəallığının gözlənilmədən son dərəcə intensivləşməsini eyni vaxtda bir neçə amil- ikiqütblü dünyanın çökməsi, sosializm düşərgəsinin süqutu nəticəsində müstəqil dövlətlərin yaranması və etnik-milli münaqişələrin baş qaldırması, məcburi miqrasiyanın, qaçqın və köçkün axınının görünməmiş həddə çatması, ümumdünya miqyasında siyasi, iqtisadi, sosial və mədəni proseslərin qloballaşması, yeni transmilli, yaxud da “qeyri-ənənəvi” təhlükə və çağırışlar kompleksinin yaranması şərtləndirir”.

Politoloq qeyd edib ki, Ermənistanın deportasiya, soyqırım və təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan keçmiş SSRİ-də qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş ilk respublika olub: “Miqrasiyanın siyasi tənzimlənməsi ilə bağlı beynəlxalq təşkilatlar təsis olunub. 1951-ci ildə Brüsseldə miqrasiya üzrə konfrans çağırıldı və Avropadan miqrasiya edənləri yerləşdirmək üçün Müvəqqəti Hökumətlərarası Komitə təsis edildi. 1952-ci ildən bu komitə «Avropada Miqrasiya üzrə Dövlətlərarası Komitə» kimi fəaliyyət göstərməyə başladı. 1980-ci ildə keçirilən 45-ci sessiyada «Avropada» sözünün götürülməsi təklif olundu və 1989-cu ildə komitə «Miqrasiya üzrə Beynəlxalq Təşkilat»a çevrildi. Bu gün təşkilat – Azərbaycan da daxil olmaqla 101 dövlətin üzv olduğu və 31 müşahidəçi qismində ölkənin iştirak etdiyi hökumətlərarası müstəqil təşkilatdır. Transmilli mütəşəkkil cinayətkarlığın təzahür formaları Azərbaycandan da yan keçməyib. Ölkəmiz münbit coğrafi mövqeyi, Avropa ilə Asiya arasında ticarət-nəqliyyat və kommunikasiya yollarının kəsişməsində yerləşməsi ilə digər ölkələrdən fərqlənir. Bu faktorlar təkcə əlverişli iqtisadi mühit formalaşdırmır, həm də qanunsuz fəaliyyətini genişləndirmək, gəlirlərini artırmaq üçün istənilən imkandan istifadə edən, daim yeni marşrut və bazarlar axtaran müxtəlif növ kriminal strukturları cəlb edir”.

Azərbaycanın ərazinin təhlükəsizlik məsələsinə toxunan S.Aslanbəylinin sözlərinə görə, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında və Hərbi Doktrinasında Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı ilə yanaşı, qeyri-leqal miqrasiya və insan ticarətinin ölkənin milli təhlükəsizliyinə qarşı təhdid qismində qeyd olunması tam qanunauyğundur: “Çünki dövlətin milli təhlükəsizlik konsepsiyasının reallaşdırılması dünyadakı yeni situasiyanı nəzərə almadan mümkün deyil. Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ ərazisi, o cümlədən Azərbaycan-İran sərhədinin faktiki olaraq Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik hissəsi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silah və insan alveri, qeyri-leqal miqrasiya, terrorçular üçün sığınacaq, çirkli pulların yuyulması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur. Qeyd etməyi vacib hesab edirəm ki, miqrasiya fenomeni qloballaşan dünyada transmilli siyasi və iqtisadi məkanda getdikcə kəskinləşən rəqabət fonunda istənilən müasir dövlətin siyasi sisteminə, siyasi proseslərin məzmun və mahiyyətinə çox güclü təsir göstərir. Azərbaycanın sabit və davamlı inkişafı da milli təhlükəsizliyə olan real və potensial təhdidlərin, təməl milli maraqların mövcud durumunun təhlilini və qiymətləndirilməsini şərtləndirir. Məcburi miqrantların vəziyyəti, qaçqın problemi müasir dünyada təhlükəsizlik naminə beynəlxalq əməkdaşlığın vacib olduğuna dəlalət edir. Bu kateqoriyalı şəxslər insan hüquqlarının ən kobud pozulduğu qrup və deməli, daimi münaqişə ocağı olması ilə səciyyələnir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bildirdiyinə görə, qaçqınlara münasibət bütün dövlətlərin insan hüquq və azadlıqlarının təminatının ən ali göstəricisidir. Düşünürəm ki, XXI əsrdə elmi şəkildə əsaslandırılmış miqrasiya nəzəriyyəsinin olmaması arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Miqrasiyanın təsir etdiyi sahələrdən biri də sosial təhlükəsizlik sahəsidir. Bu əsasən də paytaxt-meqapolislərdə daha aktual məsələdir. Meqapolislərdə əmək bazarının vəziyyəti, həyat səviyyəsinin yüksək olması və digər məsələlər miqrantları cəlb edən amillərdəndir. Hazırda əksər ölkələrdə paytaxtda məskunlaşan gəlmələrə qarşı yaşanan “miqrantofobiya” hisləri, onun açıq-aşkar təzahürləri bu fenomenin daha dərindən elmi təhlilini gündəmə gətirib”.

Cebhe.info





Həftənin ən çox oxunanları