Yuxarı

“Qaraköynəklər” ideyası sürətlə yayılır

“Qaraköynəklər” ideyası sürətlə yayılır

 

asuraAzərbaycanda dinə meyllilik və konfessional qurumların fəaliyyəti müstəqillik dövründə ən yüksək həddə çatıb. Məscidlərə və digər  ibadət yerlərinəə kütləvi insan axını ölkə əhalisi arasında dinə meylin nə qədər artmasının əyani nümayişidir. İlk baxışdan müsəlman ölkəsi olan Azərbaycanda (şiə məzhəbli) insanların Aşura mərasimində belə fəallıq göstərməsi təbii hal sayıla bilər. ABŞ-ın “Pew & Resurch Center” araşdırmalar mərkəzinin apardığı tədqiqatlara görə, hazırda Azərbaycan  vətəndaşlarının 93,4 faizi islam dininə sitayiş edir və bu göstərici artmaqdadır. Ancaq bu proses dinin yeni siyasi-ideoloji zəmində meydana çıxması ilə müşahidə olunur.

Əlbəttə, əvvəlki illərdə də Azərbaycanda radikal dini təriqətlərin müəyyən mənada siyasi xarakterli hərəkətləri olub. Amma bu hərəkətlər əhatə dairəsinə və sosial bazasına görə güclü olmadığından ictimai təsir imkanları yüksək olmayıb. 2002-ci ilin Nardaran hadisələri, yaxud 2008-ci ildə “Əbu-Bəkr” Məscidinin bağlanması ilə müşayiət olunan vəhabilərin həbsini bu hərəkətlərə misal göstərə bilərik.

Belə situasiyalarda azsaylı dini motivli qabarmalar həmin dövrdə Qərblə strateji əməkdaşlıq edən Azərbaycan hakimiyyətinə dəstək almaqda kömək edirdi. ABŞ, Avropa və İsrail Tehran rejiminin Cənubi Qafqazdakı təsir gücünün azalması naminə və baş verənlərə xüsusi həssaslıqla yanaşdığından Azərbaycana dəstəyini əsirgəmirdi. Bəzi ekspertlərin fikrincə, hətta Qərb uzun illər Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsini İranın dəstəklədiyi islamçı qüvvələrin hakimiyyətə gəlməsi üçün siyasi risk hesab edib. Ona görə də Azərbaycanda keçirilən seçkilərdə baş verən nöqsanlara göz yumulub və bu seçkilər irəliyə doğru bir addım kimi qiymətləndirilib. Bu isə iqtidara din amilindən istifadə etməklə öz mövqelərini xeyli möhkəmlətməyə şərait yaradıb. Ancaq Azərbaycan hakimiyyəti heç vaxt ölkədə dini müxalifət təhlükəsini ciddiyə almayıb. Əksinə, dünyəvi  müxalifəti özü üçün başlıca problem hesab edib. Xüsuilə də  2004-cü ildən başlayaraq, Gürcüstanda, Ukraynada, Qırğızıstanda baş verən məxməri, bir sıra ərəb ölkələrində baş verən radikal dağıdıcı inqilablar rəsmi Bakının bu narahatlığını daha da artırıb və əsas güc siyasi müxalifətin və vətəndaş cəmiyyəti institutlarının sıradan çıxarılmasına yönəldilib. Qərbin bir çox çağırışlarına isə nəinki əhəmiyyət verilmədi, hətta tənqidə dözümlü olmağa, bəzi məhbusları azad etməyə çağıran Qərblə əlaqələri kəsmək siyasətini seçildi. Nəticə isə göz qabağındadır. Bu gün Azərbaycanda sağ-mərkəzçi müxalifət tamamilə məhv edilmiş vəziyyətdədir. Liberal-demokratik dəyərlər tamamilə sıradan çıxıb. Onun yerinin isə dini doqmalarla əvəz olunması ehtimalı attrı desək yəqin ki mübaliğəyə yol vermərik. Müqayisə üçün deyək ki,  Aşura mərasiminə gedənlərin sayı bir gün sonra Müsavat Partiyasının keçirdiyi “Azad seçki!”mitinqinə gələnlərin sayından min dəfələrlə çox idi. Bu göstərici fikrimizcə, ölkədə liberal dəyərlərin ölməsi, radikal düşüncənin formalaşması baxımından da təhlükəlidir. Mövcud vəziyyət Azərbaycanın sakralizasiya təhlükəsi ilə üzbəüz qalması təhlükəsi yaradır. Son aylar və aşura günü baş verən mərasimlər təsdiq edir ki, bu təhlükənin əsas xətti“Qaraköynəklər”hərəkatıdır. “Qaraköynəklər”öz təbliğatını əsasən mərsiyələr, dini-ideoloji meyxanalar, videokliplər, şeirlər və digər təbliğat vasitələrindən istifadə etməklə yayırlar.  Radikal dini fəallar qatı dindarlara, şiələrə qara köynəklər paylamaqla onları bu  cərəyana cəlb edir. Əslində “qaraköynəklər” Azərbaycanda şiəlik məzhəbi üçün yad deyil. Hələ XIX əsrdə Xurşudbanu Natəvan, Abbasqulu Ağa Bakıxanov “qaraköynəklər”ə ithafən imamlar haqqında mərsiyələr yazıblar. Ancaq hazırda bu atributdan siyasi təbliğat və mübarizə vasitəsi kimi istifadə etməyə çalışılır. Məlum olduğu kimi, bu cərəyan cəfəriliyə yaxındır və praktik cəhətdən olmasa da, nəzəri cəhətdən bunun da əsas siyasi-ideoloji dayağı İran rejimi hesab olunur. Bu isə hazırda baş verənlərin arxasında İranın dayandığı ehtimalından şübhələnməyə əsas yaradır. Ehtimallardan biri budur ki, İran şəbəkəsi son illər Azərbaycanda kifayət qədər işləyə bilib və müxalif düşərgədə yaranmış siyasi boşluqdan faydalanmağa çalışıb.

Onu xüsusi qeyd edək ki, Azərbaycanda son illər sələfilik nə qədər yayılsa da şiəlik üstün mövqeyini qoruyub saxlaya bilib. Bu da əhalinin tarixi məzhəb bağlılığından irəli gəlir.

Son illər ölkənin xüsusi xidmət orqanlarıresurslarının böyük hissəsini ictimai fəalların təqib edilməsinə,  müxalifətlə mübarizəyə səfərbər edilməsi səbəbindən sanki xaricdən gələn bəzi təhlükələri görə bilməyib. Fikrimizcə, əgər bunun arxasında islam xofu yaratmaq ideyası durubsa, bu odla oynamağa bərabər sayılmalıdır. Çünki həmin qüvvələr istənilən zaman narazı elektorata, xüsusilə də fundamentalist dəyərlər naminə ölümə getməyə hazır olan fanatik gənclərə meyillənər. “Qaraköynəklər” olduğu iddia olunanların Aşura mərasimində polislə baş verən toqquşması təhlükəli tendensiyanın ilk qığılcımları hesab etməyə əsas verir. Diqqəti cəlb edən məqamlardan biri də onların hətta ölkənin ali dini qurumu olan Qafqaz Müsəlmanları İdarəsinin Aşura günü qan çıxartmamaq barədə fətvasına əməl etməməsidir. Biz Aşura günü Nardaran Piri ətrafında, Şüvəlan qəsəvəsində, Gəncədəki İmamzadə Kompleksində, Məşədi Dadaş Məscidində, Sumqayıt şəhərində və digər yerlərdə 10 minlərlə insanın məhz “Qaraköynəklər”in çağırışı ilə meydanlara axışaraq, zəncir vurmasının, qan çıxartmasının şahidi olduq.  Vəziyyət isə iqtidar texnoloqlarının düşündüyü həddi aşmağa başlayıb. Nardarandakı mərasimdə olan çıxışlarda səslənən təhdid fikirləri dini ayindən çox siyasi mesajı xatırladırdı. “Qaraköynəklər”i fərqlənidrən əsas məqamlardan biri islam inqilabı düşüncəsidir. Özü də İran modelli. Məsələn, bununla bağlı  Hacı Yaşar Cahid Nardaraninin videomüraciətinə baxmaq kifayətdir. Bir gəncə qara köynək bağışlayan Hacı Yaşar deyir: “Heç kim bizi qorxuda bilməz, istəsə qiyam qurar, Düşmənə verməz aman, canı ədavətdədir”.

Onu da qeyd edək ki, Bakı və Bakı kəndlərinin yerli mədəniyyətində meyxanalar dəbdə olduğundan və dindarlığın daha geniş yayılması “qaraköynəklər”in öz təbliğatını yerli mədəniyyət nümunəsindən bəhrələnərək, bu bölgədə daha asan qurmasına şərait yaratmaq gücündədir. Dindar meyxanaçılar bu prosesə daha çox cəlb edilir və kiçik bir araşdırma bunu üzə çıxartmaq gücündədir. Real vəziyyət və çıxış yolu təbliğat aparılması, gənclərin sivil dünyaya inteqrasiyasının təmin olunmasına istiqmət verən aksiya və tədbirlərin təşkil olunmasıdır. Narazı kəsimin ucuz təbliğata daha tez meyillənməsi və Qərbin səhvləri ucbatından demokratik dünyəvi dəyərlərin həyat tərzinə çevrilməməsi gənclərin bu kimi qara fikirlərlə yüklənməsi və gələcək həyatı üçün təhlükə mənbəyidir. Ona görə də baş verənlərin vaxtında qabağı alınmasa, Azərbaycan üçün təhlükəyə çevriləcək bir gücün mütəşəkkil şəkildə formalaşmaına şərait yaranmış olar.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları