Yuxarı

Çay nədir, say nədir?

Çay nədir, say nədir?

cempionEyni çəkidə olan qutulara hərə bir qiymət qoyur

Rəhmətlik Mirzə Cəlil “çay dəstgahı”nı yazanda hardan biləydi ki, onun “çay dəstgahı”na illər sonra hərə bir tərəfdə ayrı-ayrı avaz oxuyacaq. Bəzi məxluqlar onun “çayına” “bəh-bəh” demələri azmış kimi, xalqın da zəhmətlə yetişdirdiyi çayına dəvənin qunduzu ilə topuğu arasındakı məsafə qədər qiymət oxumağı qəhrəmanlıq hesab edirlər. Hələ ən dəhşətlisi budur ki, hər tərəfdə bir qiymət görürsən. İndi hansına inanasan, a qardaş?! Ona, yoxsa buna? Burda Qəmlonun sözü yaman yadıma düşür və onun təbi ilə desək, “Kərbəlayı, bu Abbasqulu bəyin nazı ilə çox oynayırsan ha!” Mətləbə keçsək, lap yaxşı olar...

Nahaq yerə söhbəti çayla başlamadıq. Paytaxtın mərkəzi küçələrində yerləşən hər mağazada çay fərqli-fərqli qiymətlərə satılır. Belə ki, özbaşınalıq o həddə çatıb ki, kimin keyfi-əhvalı hansı qiymət istəyirsə, o qiymətə də "ver getsin" edirlər.  Elə bu yerdəcə necə deyərlər, "Qəribi ağlamaq tutur". Bəs dövlət nəzarəti, bəs dövlət diqqəti, bəs topdağıtmaz iqtisadiyyatımız, bəs neftdən fontan vuran iqtisadi gəlirlərimiz, bəs... bəs... Sizə çox uzaqdan yox,  elə paytaxtın Əli bəy Hüseynzadə küçəsi 64 ünvanında yerləşən "Market"-dən bəhs edək. 250 qramlıq "Çempion" çay qutusunun qiymətini ilk dəfə soruşanda 2.7 AZN, yarım saat sonra gəldikdə isə 2.9 AZN-ə satıldığının şahidi olduq. Daha sonra çox uzağa yox, təxminən 20-30 metr aralıdarəhmətlik  Cəlil Məmmədquluzadənin adını daşıyan küçədə  yerləşən bir "Market"-ə daxil olduq. Gorun çatlasın, ay Mirzə, yaxşı ki, 250 qram çayın 2.8 AZN -ə satıldığı günləri görmədin... Heç qiymət soruşmağa ehtiyac olmadı. 250 qramlıq "Çempion" çayı qutusunun üzərinə 2.8 AZN etiketini görüb bir xatirə fotosu çəkdik. Lənət kor şeytana, deyib 15-20 metr kənarda Salatın Əsgərova küçəsi 91 ünvanında yerləşən "Bəyaz Market"-ə daxil olduq. Burda isə qiymətlər həqiqətən də bəyaz donunu geyinmişdi. 250 qramlıq çay tam 3 AZN-ə idi. Bir az satıcı ilə dərdləşib kor-peşman, əli boş digər küçədəki mağazaya gəldik. Əli bəy Hüseynzadə küçəsində yerləşən "Nizami Mini Market"-in adı "mini" olsa da burada çayın qiymətinin ətəyi yerlə sürünürdü... 3.1 AZN. Bu minvalla daha bir neçə mağazaya baş çəkdik amma son olaraq rekordu Cəfər Cabbarlı küçəsində yerləşən "24 saat market" -i oldu,  3.2AZN. Bu market sahibi həqiqətən də 24 saat durmadan süni qiymət artımı ilə məşğuldur. Bu özbaşınalığa aydınlıq gətirmək üçün, dövlət qurumlarını məsələdən hali etmək üçün  Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə zəng edib yuxarıda göstərilən faktları bildirdik. Lakin məsələnin İqtisadiyyat və Sənaye Nazirliyinə aidiyyəti olmadığını əsas gətirərək Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində müraciət etməyimizi istədilər. Sözügedən Dövlət Xidmətinin Rəqabətin qorunması və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Malik Hacıyevlə danışdıq. Lakin o bizə məlumat verməkdən imtina edib nazirliyin mətbuat xidməti ilə əlaqə saxlamağımızı bildirdi. Əslində nazirlikdən sizi təklif etdilər, siz isə bizi nazirliyə yönləndirirsiniz, cavabına isə "Bizim jurnalistə məlumat verməyə ixtiyarımız yoxdur, mətbuat xidmətinə zəng edin" - deyib dəstəyi asdılar.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik. Onun dediyinə görə,son zamanlar prezident İlham Əliyevin sərəncamı ilə sahibkarlara kömək məqsədilə yoxlamaların dayandırılmasından sahibkarlar sui-istifadə etməyə başlayıblar. Belə ki, artıq sərəncamın verilməsindən bir neçə gün keçməsinə baxmayaraq, artıq durmadan vətəndaşlardan şikayətlər gəlməkdədir: “Qeyd etdiyiniz faktlarla bağlı onu da qeyd edə bilərəm ki, hazırda liberal bazar iqtisadiyyatı deyilən bir termin var ki, özəl müəssisələr, obyektlər istədikləri qiymətləri tətbiq edə bilərlər. Lakin dövlət tərəfindən qiymətləri tənzimlənmiş mallardan başqa digər mallara sahibkarlar müvafiq qiymətlər qoya bilərlər. Təbii ki, hal - hazırda qiymətlərin bahalığı isə dövlət tərəfindən ciddi nəzarətə götürülməlidir.  Belə ki, obyektlərin icarəsinin baha olması, yaxud piştaxtaların satılması, obyekt sahiblərindən "hesabların" yığılması, rüşvətxorluq qiymətlərin bahalığı ilə nəticələnib. Bunun qarşısını almaq üçün dövlət bu kimi amillərə diqqət yetirməlidir”.

Rövşən Əsədov

P.S. Məsələnin araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinə və nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə yazılı faktlar göndərilib. Ümidvarıq ki, göndərdiyimiz faktlar tarixin arxivinə qovuşmaz və araşdırılıb müvafiq tədbirlər görülər.





Həftənin ən çox oxunanları