Yuxarı

İcra başçısı sahibkarlara təzyiq edir

İcra başçısı sahibkarlara təzyiq edir

BMM

Gədəbəy  sahibkarları rayon İcra Hakimiyyətinin başçısından narazıdır. Bu barədə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib. Sahibkarlardan biri Oqtay Əliyev bildirib ki, o Gədəbəy rayonunda cəbhə xəttinə yaxın kənddə turizm obyekti tikdirib. Belə ki, həmin əraziyə öz maddi vəsaiti hesabına asvalt yol çəkdirib. Lakin Ramiz Yediyarov onun obyektini qeyri-qanuni olaraq sökdürüb.

Buna narazılığını bildirən Oqtay Əliyevə başçının birinci müavini Qüdrət Paşayev bildirib ki, qardaşı  Ədalət Paşayev Prezident Adminstrasiyasında işləyir və hara yazsa da, yazdıqlarını yuxarıdan götürtdürəcək. Oqtay Əliyev deyib ki, 135 dəfə teleqram vursa da, Qüdrət Paşayevin qardaşı teleqramın prezidentə çatmasına mane olub.

Sahibkar Məmmədov Qasım Rəhman oğlu deyib ki, tam qanuni şəkildə ona məxsus olan 51 kvadratmetr olan çayxana İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tərəfindən qeyri-qanuni olaraq sökülüb. Sahibkara isə rayon mərkəzində16 kvadratmetr olan obyekt təklif edilib. Lakin sahibkar bu təkliflə razılaşmayıb. Razılıq olmadığı təqdirdə Ramiz Yediyarovun tapşırığı  ilə söküntü aparılıb. Sahibkar isə öz növbəsində  obyektinin sökülməsinə görə kompensasiya verilməsini tələb edir. Daha bir sahibkar Natiq Mahmudovun bildirdiyinə görə, uzun müddətdir ki, rayonda fotoqraf kimi çalışır. Çalışdığı obyekti tam qanun çərçivəsində özəlləşdirib. Ramiz Yediyarov onun obyektini “maşınların gediş-gəlişinə mane olur” bəhanəsi ilə sökdürüb. N.Mahmudov kompensasiya verilməsini tələb edir.

Vaqif Səfərovun obyekti də sökülüb. V.Səfərovun isə obyektinin Ramiz Yediyarov tərəfindən söküləməsiinə belə əsas gətirilib ki, onun yerində dövlət əhəmiyyətli obyekt tikdiriləcək. Lakin obyekt söküldükdən sonra həmin obyektin yerində hündürmərtəbəli ticarət mərkəzi inşa edilib. Kompensasiya ödənilməsi üçün bir çox orqanlara müraciət etsə də, onun digər qohumlarına təzyiqlər edilərək çalışdığı işdən uzaqlaşdırılıb.

Cəfərov Rəşad Ədalət oğlu, Cəfərova Sahibə Əli qızı da Gədəbəy rayon İcra Hakimiyyətinin başçısından öz narazılıqlarını bildiriblər. Sahibkarlar bildirib ki, icra başçısı barədə tədbirlər görülməsə, 43 nəfər sahibkar rayonda  kütləvi tədbirlər keçirməyi planlaşdırır.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları